- "Niyə yazılan şeirlərin əksəri bir-birinə oxşayır? Eyni mövzunu neçə dəfə çeynəmək olar? Dünya poeziyasından bixəbər oxucunu, poetik düşüncəsi yoxsul olanları, türk kinolarına, kliplərinə baxıb ağlayanları heyrətləndirəcək şeirlərdir bunlar."
"Azərbaycan poeziyası araq stəkanında doğulub. Amma ayaq açıb düz yeriyə bilmir, çünki düz-əməlli addımlamaq üçün ayıq olmaq lazımdır, rasionallıq lazımdır."
Elçin İmanov
“Poxmel” epoxasının dialektikası
Bir ölkədə ədəbiyyatın hansı durumda olduğunu öyrənmək üçün birinci onun poeziyasına, şeiriyyətinə baxmaq lazımdır. Nəsr sonra gəlir. Böyük nasirlərin uğursuz şairlər olduğu çoxlarına bəlli söhbətdir. Onlar həmişə şeirə can atıblar.
Markesin “Patriarxın payızı” romanı həm də poeziya nümunəsidir. Tolstoy kimi nəhəng Anna Karenina obrazını Puşkindən əxz eləmişdi. Elə həmin Puşkin Qoqola “Ölü canlar”ın ideyasını vermişdi. Bunlar keçmişdə olub.
Belə onlarla misal çəkə bilərəm. Götürək dövrümüzü. Pamuk yeni roman yazır, mətnini leykist şair Vodsvortla calayır. Sizcə bu nədən xəbər verir?
Azərbaycan poeziyası araq stəkanında doğulub. Amma ayaq açıb düz yeriyə bilmir, çünki düz-əməlli addımlamaq üçün ayıq olmaq lazımdır, rasionallıq lazımdır.
Hələ ki, "paxmel" epoxasıdır. Mənə elə gəlir bu iki sözün yaratdığı assosasiya bizdə şeirin hansı vəziyyətdə olduğunu kədərli şəkildə sübut edir.
Bu məşum epoxa nə zaman bitəcək, heç kəs deyə bilməz. Amma bu bizə onun haqda danışmağa mane olmamalıdır.
Bizim şeirin bugün keçirdiyi estetik inflyasiya barəsində hərdən, küncdən-bucaqdan səslər eşidilməkdədir. Düzdür, ürək eləyib açıq danışan yoxdur.
Bunun səbəbi ədəbiyyatdan kənarda olduğuna görə, onun barəsində söz açmaq əbəsdir deyə düşünürəm.
Yaxşı başa düşürəm ki, araq içib şeir yazan şairlərin cəmiyyətində şeirdən danışmaq, təxminən şeytanın, şərin yanında Allahdan, xeyirdən danışmağa bərabər şeydir. Amma mən yenə də cəhd edəcəm.
Bəli, bugün Azərbaycan şeiri estetik inflyasiya keçirir.
Ona görə yox ki, az qala üç nəfərdən biri şeir yazır. Burada, məncə, pis heç nə yoxdur. Tamamilə təbiidir.
Bütün zamanlarda, bütün ölkələrdə belə olub, belə də olacaq. İstedadlısansa, ilahinin səni talantlı yaratdığını iddia edirsənsə buna heç kim mane ola bilməz.
Məsələ kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməməsindədir. Yəni səbəb varsa nəticə hanı? Niyə yazılan şeirlərin əksəri bir-birinə oxşayır?
Eyni mövzunu neçə dəfə çeynəmək olar? Dünya poeziyasından bixəbər oxucunu, poetik düşüncəsi yoxsul olanları, türk kinolarına, kliplərinə baxıb ağlayanları heyrətləndirəcək şeirlərdir bunlar.
Yaxşı olar ki, təcili şəkildə dünya poeziyasının ən gözəl nümunələri dilimizə çevrilsin; oxucular bilsin ki, poeziya nədir.
Yadıma düşənlər: Bleyk, Brodski, Svetayeva, Axmatova, Vodsvort, Elüar, Kavafis, Valeri, Eliot, Rilke, Oden, Yeyts, Bodler, Donn, Verlen, Rembo, Qrilparser, Kolric, Apolliner, Şimborskaya...
İstəmirəm belə bir fikir formalaşsın ki, ümumiyyətlə, bizdə yaxşı şeir yoxdur. Var. Necə deyərlər istisnalar qaydanı pozmur. Görürsüz, məsələnin bu tərəfini də düşünürəm. Di gəl, metafizik səbəblərdən dolayı adlarını çəkə bilməyəcəm, yoxsa yazımda tərəfgirlik axtara bilərlər.
Çox-çox illər əvvəl Avropanın bir küncündə tənha bir şair yaşayırdı. O, özünü gələcəyin şairi sayırdı. Onun çox qəribə, paradoksal, obıvateli özündən çıxaracaq, intellektualları düşündürəcək, folklor şairlərini əsəbiləşdirəcək, dindarların yuxusuna zəhər qatacaq səviyyədə fikirləri, aforistik əsərləri var idi.
Çünki o, həm də filosof idi. Elə-belə filosoflardan yox a, dahi!
Bu filosof ərkyana şəkildə deyirdi ki, ləyaqətli adam, yaradıcı adam araq içməməlidir, alkoqol qəbul etməməlidir.
Razıyam ki, istənilən azərbaycanlı alkaş bir qədəh araqla, bir parç pivə ilə bizim tənha filosofumuzun fikrini heç edə bilər.
Bir az da üstünə getsən “o dəli idi” deyib söhbəti cığallıqla kəsə bilər. Sözüm onda yox. Hərə öz səviyyəsində cavab verir.
Yaxşı, görəsən, o, niyə belə fikirdə idi? Yaxşı sualdır. Axı o adam elə-belə söz deməz. Burada nəsə var. Özü də o “nəsə” nədirsə, ciddi söhbətdir....
O, bunu belə izah edirdi ki, böyük adam dərdini alkoqolla dağıtmaz, kədərini ayıq başla yaşayar, onu şüuru ilə, iradəsi ilə dəf edib bu əzabı, bu yaradıcılıq tənhalığını sənətə çevirər.
Beləliklə, mətnimizin sonuncu, yekun cümləsini yazaq: Bayağılıq virusundan xilas olmaq üçün şeirimizin ədəbi reanimasiyaya ehtiyacı var.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)