Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:02

Akif Çovdarovun gizli «həbsxana»sında


İstixana
İstixana

-

virtualaz.org saytının əməkdaşları MTN-nin hazırda həbsdə olan keçmiş idarə rəisi Akif Çovdarovun Masazır qəsəbəsindəki istixanasında olublar. Sayt yazır ki, Akif Çovdarovun gizli həbsxanasını üzə çıxarmaq üçün axtarışa başlayıblar. Ancaq həbsxana yerinə istixana tapıblar.

İstixananın direktoru Adil Yaqubov sayta deyib ki, «Hansı axmaq belə yerdə gizli həbsxana saxlayar? Bəyəm başlarına yer qəhətdir?».

Direktor deyib ki, istixana Akif Çovdarovun həyat yoldaşının adınadır.

Çovdarovun istixana kompleksinin tikintisi 2010-cu ildə başlayıb. General əvvəlcə bu ərazidə 3 hektar torpaq alaraq (direktor deyir ki, o, torpağı hərrac yolu ilə alıb, pulunu dövlətə ödəyib) ilk istixananı inşa etdirib. Daha sonra oradan əldə edilən gəlirlə digər iki istixana yaradılıb. Hazırda kompleksdə 3 nəhəng istixana var, ümumi ərazisi 10 hektara yaxındır.

«Generalı axırıncı dəfə burada nə vaxt görmüşünüz?» - direktordan soruşuruq.

«O, heç vaxt burada olmayıb ki... Bayaq dediyim kimi, obyekt həyat yoldaşınındır, işlərə nəzarət etmək üçün öz adamlarını yerləşdirmişdilər. Bütün maliyyə işlərinə isə baldızının oğlu rəhbərlik edirdi. Mən və qalan işçilər ancaq maaş alırıq»- Adil müəllim bildirir.

Manat.
Manat.

YASTIQDAKI VƏ OFŞORDAKI PULLAR

«Azadlıq» qəzeti Mərkəzi Bankın sədri Elman Rüstəmovun bu günlərdə səsləndirdiyi«əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlayır» fikri ilə bağlı məqalə dərc edib:

«Bu ölkədə Beynəlxalq Bank nümunəsi var. Bu ölkədə «TexnikaBank»ın rəhbərliyini cinayətkar kimi saxlayırlar, sonra bu şəxslərin əsassız həbs olunduğunu etiraf edirlər. Bu ölkədə siyasi hakimiyyətin qəzəbinə gələn istənilən bank qapadıla, rəhbəri həbs edilə bilər. Yəni, gecə-gündüz xalqa bəh-bəhlə təqdim olunan bankın bir gün yerlə yeksan edilməsi mümkündür. Yeri gəlmişkən, Elman Rüstəmov devalvasiyadan əvvəl xalqı arxayın etmişdi ki, narahatlığa əsas yoxdur. Amma bir gecədə vətəndaş zərbə aldı və dövlət bu zərbəni kompensasiya etmədi. Bütün bunlardan sonra yastıq banklardan daha etibarlı olmamalıdır? Ən azı yastıq adamı aldada bilmir. Baş bankirə xatırlatmaq istəyirik ki, böhrandan çıxmaq üçün yastıqdakı yox, ofşordakı pulları üzə çıxarmaq lazımdır. Kilolarla brilyant, qutulardakı dollarlar, ofşorlardakı milyardlar, dünyanın müxtəlif yerlərindəki milyonluq məmur malikanələri niyə yada düşmür? Həm də artıq yastıqlar da boşalıb. 2.5 milyon insan yüksək faizlərlə kredit ödəyirsə, nəinki yastıqda pul qalmaz, yastığın özünün taleyi də sual altına düşər».

Supermarket.
Supermarket.

ƏRZAQ VƏ GÜNDƏLİK TƏLƏBAT MALLARI SÜRƏTLƏ BAHALAŞIR

«Bizim Yol» qəzeti yazır ki, əksər ərzaq məhsulları və gündəlik tələbat mallarında bahalaşma var.

Qiyməti 1.75 manat olan günəbaxan yağı da 1.91 manata qalxıb. 20 qəpiklik xama 25 qəpik olub. Unda da 5 qəpiklik artım var. Toyuq budu, qanadı, filesi bir ay əvvəl 2.60-2.90 manata vardı, indi 3.50 manat olub. 6.50 manata manqalüstü sosislər hazırda 7 manata satılır. Çaylarda da 15-20 qəpiklik artım var. 200 qramlıq kərəyağı 2 manat idisə, hazırda 2.10 manata alır. Qutularda olan süzmə pendirin 400 qramı 2.85 manat idi. Hazırda 3.25 manatdır. Tualet kağızı 1.70 manat idisə, indi 1.82 manatdır. Sabunlarda da 5-10 qəpiklik artım vardı. 25 qəpiyə olan kiçik sabunlar indi 30-33 qəpikdir. Litrlik yuyucu maye 2.80 manatdan 3.10 manata, 90 qəpiklik diş pastası 1.05 manata qalxıb, litri 90 qəpiklik şirə 1.05 manat olub. Alanlar deyir ki, bundan bir qədər əvvəl də 95 qəpiyə qaldırıblarmış. Kiçik qablaşdırmalardakı şirələr də yaxınlara qədər 40 qəpik imiş, hazırda üzərinə 8 qəpik gəliblər. 30 qəpiyə olanlar hər dəfə 5 qəpik artmaqla tədricən 40 qəpiyə çatıb. Yumurtanın qiyməti 9 qəpikdən 13-14 qəpiyə qalxıb».

SEÇKİLƏR YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycanda keçirilmiş parlament seçkiləri xarici medianın da diqqətini çəkib:

«Bir çox beynəlxalq müşahidəçilər və əcnəbi jurnalistlər bəzi cəhətlərinə görə Azərbaycandakı seçkilərin nümunə ola biləcəyini qeyd etdilər. Görünür, elə bu səbəbdəndir ki, Azərbaycanı davamlı şəkildə əsassız tənqid edən xarici dairələr arqument tapmadıqlarına görə mövcud reallıqla barışmaq məcburiyyətində qaldılar. Azərbaycanda seçki mədəniyyəti, siyasi mədəniyyət gündən-günə təkmilləşir və keçirilən parlament seçkiləri ölkəmizdəki siyasi plüralizmin, demokratik normaların daha da dərinləşdiyindən, dönməz xarakter aldığından xəbər verir».

Həmçinin bax.

Akif Çovdarov kimdir?

XS
SM
MD
LG