Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:39

Etikanın kökünün göylərlə yox, Yerlə bağlı olması


Bertrand Russell
Bertrand Russell

- Bertran Rasselin sağlığında, 1952-ci ildə çap olunmuş bu kitada tərtibçilər onun bütün əsərlərindən toplanmış ən dəyərli parçaları əlifba sırası ilə düzmüşlər.

Bertran RASSEL

Ağıl, Materiya və Əxlaq sözlüyü

(Kitabdan parçalar)

Ön söz

Fəlsəfi baxışlarımın əlifba sırasında düzülüşü ilə belə bir sözlük yaradılmasını mənə göstərilən çox böyük bir sayğı kimi qarşılayıram.

Məni dönə-dönə öz fəlsəfi baxışlarımı dəyişməkdə çox qınamışlar, bu deyilənərin doğru olduğunu anlamaq üçün məncə, bu kitab oxuculara çox yaxşı örnəklər verə biləcəkdir. Mən öz baxışlarımı dəyişdiyimə görə heç vaxt utanmamışam.

Deyin görək, 1900-ci ildən bu günədək öz baxışlarının dəyişmədiyi ilə öyünən hansısa bir fizik tapa bilərsinizmi?

Elmdə yeni tapıntılar üzə çıxdıqca elmlə məşğul olan adamların da baxışları buna uyğun olaraq dəyişir, ancaq görünür insanlar öz düşüncələrində fəlsəfəyə bir elm kimi yox, ilahiyyatçılıq kimi yanaşmağa öyrəşiblər.

İlahiyyatçılıq isə özünün sonsuzlara kimi dəyişməyən doğrularının olduğunu deyir və ona bağlı olan inanc da xristian ehkamlarını təsbit eləmiş Nikey toplantısından sonra keçən yüzillər boyunca dəyişməz qalmışdır.

Ancaq mən özüm üçün başucalığı saydığım filosofluğumla fəlsəfəyə elmilik gətirməyə çalışmışam, bu elmilik ilə fəlsəfə az da olsa aydın biliklər qazana bilmiş, habelə, bu fəlsəfənin ortaya qoyduğu yeniliklər vicdanlı olan ağıl yiyələrinə keçmişdə buraxılmış yanlışları etiraf eləməyi aşılaya bilmişdir.

Mən öz fəlsəfəmdə, ilahiyyatçılar sayağı, indiyədək dediklərimin hamısını doğru saymağı heç kimdən tələb eləmirəm. Bununla bağlı olaraq inamla deyə biləcəyim yalnız bu ola bilər: mənim dediklərim onları ortaya çıxardığım anlarda ağlabatan olmuşdur.

Birdən, sonrakı araşdırmalarda dediklərimin dəqiqləşdirilməsi zərurəti yaranmasaydı, mən özüm buna hamıdan çox təəcüblənərdim.

Elə buna görə də, sözlükdən yararlanan kimsələrin də burada oxuduqlarına hansısa düzəlişə gərək olmayan hökmlər kimi yanaşmayacağına da inanmaq istərdim, oxucular gərək burada deyilənlərə mənim o çağlarda aydın və dəqiq düşüncələrimə arxalanaraq deməyi bacardığım ən yaxşı mühakimələrim kimi yanaşsınlar.

Mənim sayğı bəslədiyim peşəkar fəlsəfə bayağı “böyük düşüncələrin” yox, qan-tərə bataraq aparılan dəqiq incələmələrin hesabına inkişaf eləyir.

Mənim ən başlıca məqsədim hər şeydən öncə aydın danışmaq olmuşdur.

Özünü “böyük düşüncə” uzmanı kimi tanıda bilmək üçün dumanlı, çoxyozumlu sözlər danışıb insanların düşüncəsini dolaşıqlığa salmaqdansa mən, sonradan danılsa belə, ancaq açıq-aydın olan mühakimələr irəli sürməyə üstünlük verirəm.

Mənim sayğı bəslədiyim peşəkar fəlsəfə bayağı “böyük düşüncələrin” yox, qan-tərə bataraq aparılan dəqiq incələmələrin hesabına inkişaf eləyir.

Bununla yanaşı, mən hələ də dəqiq biliklər ala bilmədiyimiz sahələrin olduğunu da danmaq istəmirəm, ancaq bu sahələr gerçəkliyi qavramaq baxımından çox önəmli olduqlarından, onlarla bağlı mühakimələr yürütməkdən də yayınmaq olmur.

Oxucu kitabı oxuyanda mənim bu mövzularla bağlı da çox (ola bilsin lap çox) danışdığımı görəcəkdir.

Ancaq mən həmişə öz düşüncələrimdə emosiyalara qapılmağa yer qoyan mübahisəli kəsim ilə sırf düşüncənin işləyə bildiyi dəqiq kəsim arasında sərhəddi gözləməyə çalışmışam.

Mənə elə gəlir, oxucu da bu sərhədlərin burada ayırd edildiyini duya biləcəkdir.

Bertran Rassel, 1952-ci il

Etika. Biz elektriklə bağlı olayların təbiət qanunları üzrə baş verdiyini bilsək də, ancaq hamılıqla ildırımötürən quraşdırmağı da gərəkli sayırıq.

Mən etikanı da insan ehtiraslarının ildırımötürəni adlandırardım, insanlar onun yardımı ilə səbəb-nəticə bağları ilə çərçivələnmiş dünyada öz davranışlarını ən az qorxu ilə yürütməyə çalışırlar.(Spinoza,s Ethics 1942-ci il.)

Etika – başqasına üzüyolalıq aşılamaq bacarığıdır, bunun üçünsə öyüd verilənin ona öyüd verənlə əməkdaşlığı tələb olunur.

Burada aşılanan üzüyolalıq isə sosial ədalət prinsipinə çevrilib toplumdakı insanları biri-biri ilə yola getməyə səsləyir; ancaq necə dəyərli olmasından asılı olmayaraq etika həmişə az ya çox dərəcədə subyektiv olaraq qalır.

Buna örnək olaraq, dünyada canlıların heç birinə qıymağı özünə sığışdırmayan vegeterianları göstərmək olar: hansısa vegeterian qızdırma içində yanan insanı ölümdən qurtarmaq üçün çalışanda milyonlarla canlıları–mikrobları öldürməli olur. (Mysticism and logic 1918)

Etikanın kökünün Göylərlə yox, Yerlə bağlı olması. Biz amansız yalanların sistemləşib nasizm adı ilə ortaya çıxdığını, böyük bir milləti hansı böyük faciələrə sürükləyə bildiyini, buna qarşı dirəşən başqa xalqlara necə, acımaq bilmədən, qan uddurduğunu gördük.

Belə yalançı sistemlər yaratmaqla insanlığı uğura çatdırmaq olmaz; uzaqgörən olmadan da insanların uğurunun daha yumşaq etik sistemlər tələb elədiyini anlamaq olar.

Bu gün, getdikcə daha çox insanların oturuşmuş inancları qavraya bilmədikləri açıq-aydın görünür.

Bununla yanaşı olaraq onlar yenə də ortalıqda olan oturuşmuş inanclardan başqa bir yol olmadığını düşünməkdə davam etsələr, bu çox acınacaqlı bir sonluğa gətirib çıxara bilər.

Ona görə də insanlığın yaxşılıqlar içində yaşaya bilməsinin göylərlə bağlı olan hansısa biliklərdən asılı olmadığını onlara anlatmaq çox önəmlidir, bunun üçünsə, insan soyunun yalnız yaxşılıqlara alışmaqla uğura çata bilməsi sübut olunmalıdır. (The Faith of a Rationalist, 1947)

Bertrand Russell
Bertrand Russell

Fərdi etika. Fərdi etika özlüyündə sosial və siyasi qurumlarla uyuşmayan bir gerçəklikdir.

Heç kimsə bütünlüklə özgür deyil və keç kimsə də bütünlüklə qul deyildir.

İnsanın özgür olduğu dərəcəyə uyğun gələn, onun bu durumundakı davranışlarını yönətən əxlaqı da olmalıdır.

Bir çoxları buna qarşı çıxıb, insanın yalnız toplumda oturuşmuş olan əxlaq normalarına boyun əyməli olduğunu deyə bilər. Ancaq inanmıram, antropologiyanı öyrənən kimsə belə bir sözlə razılaşa bilsin.

İnsan əti yemək, insanları qurban kəsmək, insanı ovlamaq kimi gerçəkliklər də haçansa hansısa toplumların oturuşmuş əxlaq normalarının içində olmuşdur və onların aradan qalxması bu normalara qarşı göstərilən dirənişlərə görə olmuşdur.

İnsan indiki yaşamından yaxşısını istəyirsə onda gərək, ona doğma olan ınsanların öyrəşdikləri, öz oymağının adətlərinə və inanclarına çevrilmiş mənəvi dəyərlərə tənqidi baxışlarla yanaşmağı bacarsın.(Authority and the Individual, 1949)

Etika və Elm. İqtidarda olan güclər bunu istəsələr, onda elm də insanlar arasındakı anlaşmanı asanlaşdırmağa, onlarda biri-birinə qarşılıqlı acımaq duyğusu yaratmağa yardımçı ola bilər.

İndi böyük dövlətlərdə olan çoxlu güclü iqtidarlar elmin bu işə qarışmasını istəmirlər.

Elmin istər yaxşılığa, istərsə də yamanlığa qulluq eləmək gücü isə ortadadır. Elm özünün yetirdiyi meyvələrdən insanların necə yararlanacağını həll etmir.

Elm özü-özünə insanları etikaya çatdıra bilməz. O hansısa məqsədlərə çatmağın yolunu göstərə bilər, bununla yanaşı olaraq, bir sıra insanazidd məqsədlərə çatmaq istəyindən çəkindirə bilər.

Ancaq elmin çatmaq yollarını göstərdiyi məqsədləri seçməkdə biz təkcə elmi dünyagörüşlə yetinə bilmərik. (The Science to Save Us from Science, 1950)

Xristian Etikası. Xristian etikasının başlıca çatışmazlığı insani davranışların topluma verə biləcəyi dəyərləri saya salmadan, ancaq özünün bildiyi ehkamlara arxalanmaqla, onları iki sinifə ayırması, onlardan birinə “günah”, o birinə isə “savab” yarlığı yapışdırmasıdır.

Mövhumata arxalanmayan etika gərək hansı sosial effektlərə çatmaq, hansılarından isə qaçmaq istədiyini öncədən aydınlaşdırsın.

Bundan sonra isə o, bugünkü bilgilərimizə arxalanaraq, gərəkən sonuclara necə çatmalı olduğunu kəsdirməlidir; o sıradan hansı davranışların bəyəniləcəyini, hansılarının qınanacağını da öncədən ayırd eləməlidir.(Education and the Social Order, 1932)

Etikanın nisbiliyi. Ənənəvi əxlaq nəzəriyyəçiləri psixologiyanı çox pis öyrəndiklərindən sıx-sıx yanlışlara qapılırlar.

Onların ən başlıca yanlışlarından biri bəlli yaxşılıqların ortalıqda olan hansısa yamanlıqların olmasına görə yarandığını bilməmələridir, bir sözlə, yaxşılıqlarla yamanlıqlar ancaq yanaşı olaraq var olurlar;

ona görə də hansısa yaxşılığın yerinə qoymaq istədiyimiz başqa bir yaxşılığın yararlarını dəyərləndirəndə gərək bu yeni yaxşılığın ona uyğun yamanlıqlarla birlikdə götürüləndə, onacan olan yaxşılıqla yanaşı olan yamanlıqları üstələyə bilməsi başlıca ölçü olsun.

Yaxşılığın eləcə özü-özünə yaxşılıq olduğu düşüncəsi yanlış sayılmalıdır; bunun üçün də, yaxşılığın yenilənməsində başlıca meyar onun hansı yamanlıqlarla yanaşı olacağı, habelə hansı yaxşılığın yerini tutacağı olmalıdır.(The Prospects of Indusustrial Civilization 1923-ci il.)

Bertrand Russell
Bertrand Russell

İnsan, İnsanın hakimiyyəti. İnsanın ömrü çox qısadır və o öz yaşamında olduqca köməksizdir:

insana, elə bütün insanlıq soyuna da acımaq nə olduğunu bilməyən bir ölüm – arxayınçılıqla və addım-addım yaxınlaşmaqda, onu arasıkəsilmədən yoxluğa gömməkdədir. Yaxşılıqla yamanlığı biri-birindən ayırd eləməyən, dağıntıların yanından soyuqqanlıqla keçən, yenilməz bir gücün yiyəsi olan materiya isə, özünün amansızlıqlarla dolu olan yolu ilə dayanmadan ötüb getməkdədir.

Bu gün ən yaxın, ən doğma kimsələrini itirən, sabah özünün də bu qaranlığa aparan qapıdan keçib yoxluğa qovuşacağını bilən insan isə, ölüm anı gəlib çatanacan, beynində yaradıb bəslədiyi yüksək düşüncələri ilə özünün bu qısa ömrünü çəpərləyir, onu bcardıqca daha çox qoruyub-saxlamağa çalışır;

özünün gündəlik yaşamında–onu Taleyin qulu olmağa sürükləyən qorxunu görməyə gözü olmasa da, ancaq elə bu Qorxuya da, öz əlləri ilə məbəd tikib ona sitayiş eləyir; gözlənilməzliklərin (təsadüflərin) yaratdığı ucsuz-bucaqsız bir müstəmləkədə qorxub-çəkinmədən yaşayır, onun dolanışığı üzərində ağalıq eləyən anlaqsız tiranlığın qarşısında özünün anlaqca özgürlüyünü qoruyub saxlayır;

üstünə basqı və təpki ilə gələn anlaşılmaz təbiət güclərinin qarşısında öz bilik və dirənişləri ilə azacıq bir sürədə duruş gətirə bilsə də, sıx-sıx çaşqınlıqlara qapılsa da, onlara sonacan boyun əymir, yorğunluqdan üzülmüş, ancaq sarsılmaq nə olduğunu bilməyən o Atlant sayağı yalqızlığa qapanıb, dağıdıcı bir şüursuzluğun at oynatdığı kainatda öz ideallarından yaratdığı dünyasını çiyinlərində tutub saxlayır, onu yıxılıb-dağılmaqdan qoruyur.(Mysticism and Logic)

İnsanlıq borcu. Dünyanın inkişafının haraya gedib çıxacağını bilməsək də, bizim hər birimiz bu prosesə öz payımızı verməyə çalışırıq; böyük bir dramın az gözə çarpan aktyorları kimi olsa da, hər bir insan dünyanın gedişində öz rolunu oynayır.

Bu gedişin birbaşa bizim öz işimizə yarayacaq hansısa məqsədə çatıb-çatmayacağını bilmirik; ancaq özümüzün də içində olduğumuz bu dram öz əzəməti ilə insan ruhunu qanadlandırır. Tarixçilərin işi isə, bu dramın gerçək böyüklüyü ilə uyşmayan gərəksiz detalları ondan çıxarıb atmaqdır.(On History 1904-cü il.)

İnsanın azyaşlığı. Bütövlükdə kainatı demirəm, elə bizim Yer yumrusunun yaranması ilə tutuşduranda insanın yaşı kiçik bir an olaraq görünməkdədir. İnsan yaranana kimi insandan fərqli sayagəlməz varlıqlar olmuş və onların soyları milyon illər boyunca yaşamışlar.

İnsan yaratdığı elmin əli ilə özünü öldürməyə gəlib çıxmasa da o, haçansa Yer üzündə suyun, havanın və istinin çatışmazlığı nədəniylə yox olacaqdır.

Yenilməz Güc Yiyəsi olduğu deyilən gerçəkliyin ancaq belə bir kövrək və keçici olan bir varlığın yaşaması üçün Yer üzünü belə bəzəyib düzəməsinə inanmaq olmur. (The Faith of a Rationalist 1947-ci il.)

Bertrand Russell
Bertrand Russell

İnsanın orijinal yaşamı. Mən iqtisadi yüksəliş üçün çalışan insanlarımızı bir sıra yanlışlardan çəkindirmək istəyirəm:

əmtəə istehsalının insanın mənəvi özgürlüyə çatması üçün gərək olduğunu anlamamaq, əksinə, insana əmtəə istehsalı üçün vasitə kimi baxmaqla, onlar da iqtisadi yarışa girişdikləri kommunistlərin uymuş olduğu yanlışa qapılırlar.

İnsanın orijinal yaşayışı onun mədəsini doldurması, əynini geyimlə örtməsi deyildir, bu orijinal yaşayış onun ömrünün–incəsənətlə, qanadlı düşüncələrlə, yaradıcılıqla, sevgiylə, gözəlliyi duymaqla, dünyanı elmi baxımdan qavramaqla bağlılığından yaranır.

Dünyanın gerçək dirçəlişi üçün hər bir insan bütün bu işlərə qoşula bilməlidir, yoxsa təkcə elə maddi təminatını ödəməklə yetinmək insana yaraşan bir ömür sayıla bilməz. (Where is Industrialism Going, 1923)

İnsanın xoşbəxtliyi. Xoşbəxt insan ona deyərlər, özünün müstəqil düşüncələrinə güvənib yaşasın, ömrünün sevincləri özgür duyğularında, geniş və çoxçalarlı maraqlarında üzə çıxsın, bununla yanaşı olaraq, belə bir özəlliklərin yiyəsi olmaqla çoxsaylı insanların maraqlarını və duyğularını öz üzərinə yönəldə bilsin.

Doğrudan da, bizdən qıraqda olan insanlara və nəsnələrə qarşı ürəkdən gələn bir maraq yaranan kimi, bizi–istər özümüzə, istərsə də bütün dünyaya qarşı dirənməyə çağıran özündənimtina ideyası öz gücünü itirir.

Belə maraqların yaranması ilə də insan özünün yaşam axarının içində olduğunu duymağa başlayır, əksinə olanda isə o, başqaları üçün anlaşılmaz, qapalı və durğunluqda olan bir varlığa çevrilir, onu bu durumunda ancaq başqaları ilə toqquşanda öz varlığını gerçəkləşdirə bilən bilyard şarına oxşatmaq olar.(The Conquest Happiness, 1930)

İnsanın alın yazısı. Kainat ucsuz-bucaqsızdır, insanlar isə gözə güclə çarpan bir planetdə yaşayan kiçicik varlıqlardır.

Ancaq biz kosmik güclərin qarşısında özümüzün önəmsizlik və köməksizliyimizi anladıqca, bütün bunların qarşılığında insanın eləyə bildiklərinə baxdıqca, gördüklərimizə vurğun olmaya bilmirik.

Bizim bugün gəlib çata bildiyimiz bütün mənəvi dəyərlərə görə biz insanın uğurlarına borcluyuq və bütün bunları andıqca bizim bu çaxnaşmalar içində olan çağımızla bağlı acı düşüncələrimiz də ovuna bilir. (If We are to Survive this Time, 1950)

Rus dilindən Araz Gündüz çevirib

XS
SM
MD
LG