-
«Danışır Azadlıq radiostansiyası! Həmvətənlər, nəhayət, bizim özümüzün xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik... Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz azadlığa olan iradəmizi yaşatmaqdır!» – AzadlıqRadiosunun Azərbaycan redaksiyası 1953-cü il martın 6-da ilk efirinə bu sözlərlə başlayıb.
Qürbətdə daha çox Abo Düdənginski kimi tanınan yorulmaz istiqlal mücahidi Əbdürrəhman Fətəlibəyli həmvətənlərinə o vaxtlar AzadlıqRadiosunun yerləşdiyi Münhendən üz tutub.
Ancaq... özünün dediyi kimi, «Stalin polis terroru» bu fəaliyyəti ona bağışlamayıb.
1954-cü il noyabrın 20-də Azərbaycandan göndərilmiş Mikayıl İsmayılov adlı agent Düdənginskini Münhendə – «Alpenplate-6» meydanındakı mənzillərin birində qətlə yetirib, öz paltarını ona geyindiribvə divanın altında gizlədib...
Vətənin azadlığı, müstəqilliyi uğrunda böyük mübariz bir həftə mətbuat səhifələrində «Divan altındakı kişi» – deyə çağrılıb...
And içəriz üçrəngli bayrağına,
Şəhid yatan müqəddəs torpağına,
And içəriz ömrün gənclik çağına,
Zəncirini qıracağız biz yenə,
Baba yurda dönəcəyiz biz yenə...
Bu sözlər onun Nyu-Olm məzarlığında keçirilən dəfn mərasimində səslənib.
«Qurtuluşu həyata keçirən hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da olacaqdır» – bu sözlər də Abo bəyin matəmindəki çıxışında Məhəmməd Əmin Rəsulzadənin dilindən səslənib...
«İz» proqramı bu həftə Azərbaycan istiqlalının dönməz mücahidi, AzadlıqRadiosunun ilk baş redaktoru Əbdürrəhman Fətəlibəyli Düdənginskinin əziz xatirəsini yad edir.
2015-ci il noyabrın 20-də onun Münhendə qətlə yetirilməsindən 61 il ötür...
Beləliklə, noyabrın 22-də saat 23-də «Münhendə qətl» radiodastanı diqqətə yetiriləcək.
Bu «İz»i itirməyin.