-
Yazar Günel Mövludun həbsdə olan qardaşlarından birinə ailə üzvləri ilə görüş verilir, digərinə isə yox.
Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib.
Nemət Kərimli deyib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Vəkil İmanovun ailə üzvləri ilə görüş hüququ təmin olunmur. O, Bakı İstintaq Təcridxanasının rəisinə rəsmi ərizə ilə müraciət etsə də, görüş verilmir.
Ancaq Şüvəlan təcridxanasında saxlanan digər qardaş Raci İmanova yaxınları ilə görüşməyə şərait yaradılır.
Günel Mövludun qardaşları - Raci və Vəkil İmanovlar oktyabrın 13-də həbs edilib.
Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər.
Müdafiə tərəfi ittihamları qəbul etmir.
Meydan TV-nin redaktoru Günel Mövlud qardaşlarının həbsini özünə təzyiq kimi qiymətləndirir.