-
Ermənistanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) qoşulması üçün Azərbaycanın tələbi qəbul edilib. MSŞT Katibliyinin açıqlamasında deyilir ki, Ermənistanın MSŞT hesabatları yalnız bu ölkənin tanınmış sərhədləri çərçivəsindəki fəaliyyətinə aid ola bilər:
«İşğal olunmuş ərazilərdə fəaliyyət, birbaşa və ya dolayı, hesabata salına bilməz».
MSŞT Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlunun sözlərinə görə, Ermənistanın MSŞT-yə üzv olmasına dair danışıqlar 3 il öncə başlanıb: «Bu danışıqlar, demək olar, yekun mərhələyə çatıb, çünki ermənilər hazırda üzvlük ərizəsi hazırlayırlar».
AZƏRBAYCAN ŞƏRT QOYUB
Qubad İbadoğlu bildirir ki, Beynəlxalq İdarə Heyətinin Berndə oktyabrın 19-dan 22-dək keçirilən toplantısında katibliyin bununla bağlı məlumatı dinlənib. Ardından Azərbaycan hökumətinin nümayəndəsi Şahmar Mövsümöv söz alıb. O, erməni tərəfinin işğalçı mövqeyinə və işğal etdiyi ərazilərdə apardığı qanunsuz qızıl istehsalına Azərbaycanın münasibətini də açıq şəkildə dilə gətirib: «Şahmar Mövsümov bildirdi ki, Ermənistan MSŞT-yə qəbul edilərsə, Azərbaycan MŞST-dən çıxacaq».
VƏTƏNDAŞ CƏMİYYƏTİ HÖKUMƏTLƏ EYNİ MÖVQE SƏRGİLƏYİB
Qubad İbadoğlu özünün də həmin toplantıda Azərbaycanın vətəndaş cəmiyyəti adından çıxış etdiyinə və bu məsələdə hökumətlə mövqelərinin üst-üstə düşməsinə diqqət çəkib: «MSŞT Koalisiyası olaraq Ermənistanın üzvlüyünə etiraz etdiyimizi idarə heyəti üzvlərinin nəzərinə çatdırdım. Bizim birgə mövqeyimizdən sonra MSŞT Beynəlxalq Katibliyi dünən açıqlama verdi ki, Ermənistan yalnız tanınmış sərhədləri çərçivəsində dağ-mədən sənayesi ilə bağlı məlumatları əks etdirən hesabat hazırlaya bilər. İşğal olunmuş ərazilərdə dağ-mədən fəaliyyəti MSŞT hesabatına nə birbaşa, nə də dolayı yolla daxil edilə bilməz».
Qubad İbadoğlu MSŞT-nin növbəti toplantısının dekabrın 8-10-u arasında Kiyevdə keçiriləcəyini də bildirərək, fikrini belə yekunlaşdırdı:
«Beləcə, daha bir beynəlxalq təşkilat Ermənistanın işğalçı mövqeyini təsbit etdi. Çox güman, bu məsələ Kiyev toplantısında da gündəmə gələcək. Biz növbəti müzakirələrdə də Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyik».