►Azərbaycanın ən tanınmış dilçi alimlərindən biri idi
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib.
Dilçilik İnstitutundan APA-ya verilən məlumata görə, Tofiq Hacıyev noyabrın 27-də dəm qazından zəhərlənib.
Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya daxil olub.
1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib.
1962-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib.
1969-cu ildən Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışmağa başlayıb. 1970-ci ildən Türkologiya kafedrasının professoru, 1984-cü ildən həmin kafedranın müdiri olub.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifi olub, 19 elmlər namizədi və 4 elmlər doktoru yetişdirib. Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» ilə təltif olunub.