►"Gecə-gündüz qatarların səsindən nə yata bilirik, nə də evimizdə otura."
Sentyabrda Bakıdan Sumqayıta ilk qatar yola düşdü. Qatarların orta hərəkət sürəti saatda 60 kilometrdir.
Qatarın yüksək sürətlə hərəkəti, mənzil başına daha tez və rahat çatmaq istəyən sərnişinlərə sərf edir. Amma, bu işin bir əmması var...
SAKİNLƏRƏ TƏHLÜKƏ?
Yeni sürət qatarları dəmir yolunun yaxınlığında yaşayanlar üçün təhlükədir.
İlk faciə qatarın istifadəyə verilməsindən cəmi 3 gün sonra olub. Qatar bir qadını vurub. Rəsmi məlumata görə, qatarın təhlükəsizlik kameralarındakı görüntülərdə qadının özünü qatarın altında atdığı deyilir.
Buna da bax: İ.Əliyev gərginliyi azaltmaqçün vasitəçi olmağı təklif etdi
UŞAQLAR QATARI DAŞA TUTUB...
Yeni qatarlarla bağlı daha bir xəbər isə bu oldu ki, yaxınlıqda yaşayan uşaqlar qatar hərəkət edərkən onun pəncərələrinə daş atıblar. Qatarın bir neçə vaqonunda pəncərələrin şüşəsi sınıb.
“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin dəmir yolu zolağındakı tikililərin sökülməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.
Buna da bax: Nardaranda son durum
“BURADA ƏLACSIZLIQDAN YAŞAYIRIQ”
Sakinlər bu yerlədə əlacsızlıqdan ev tikib, yaşadıqlarını deyirlər. Hökumətdən istəkləri sərfəli şərtlərlə başqa yerə köçürülmələridir:
“Gecə-gündüz qatarların səsindən nə yata bilirik, nə evimizdə otura. Heç kim qəsdən özünün, övladlarının həyatını təhlükəyə atıb, bu cür yerlərdə yaşamaz. Bizim də imkanımız olsaydı, gedib normal yerdə yaşayardıq”.
Başqa bir sakin danışır:
“Mən özüm 1991-1994-cü illərdə könüllü gedib müharibədə vuruşmuşam. Sonradan imkanım olmayıb ev almağa, gəlib bu yerdə özümə bir daxma tikmişəm. Nə iş var, nə güc. Gedib, harda işləyim? Ailəmin gündəlik dolanışığını çıxarmağa belə imkanım yoxdur. Hökumət bizə də bir nəzər yetirsin, ya bir torpaq yeri versin, ya da elə bir vəsait versin ki, ailəmizlə küçələrdə qalası olmayaq”.
SON QƏRARI NAZİRLƏR KABİNETİ VERƏCƏK...
Azərbaycanda ümumilikdə, dəmir yolu təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Bunun 2304-ü yaşayış evləridir.
Yolda hər hansı bir qəza olarsa, bu tikililər yanğınsöndürənin vaxtında yetişməsinə maneə olacaq.
Bakı-Sumqayıt qatarının hərəkət zolağına düşən tikililər, ən çox Xırdalan ərazisinə düşür. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, bu yerlərdə maşinist özündən asılı olmayan səbəblərdən sürəti azaltmalı olur. Vaxtında mənzil başına çatmaq üçün digər yollarda ya sürəti yüksəltməlidir, ya da vaxtından gec çatmalıdır:
“Yerli icra hakimiyyətləri, bələdiyyələrin icazəsi ilə əhali ev, digər oybektlər tikib. Təkcə, Bakı-Sumqayıt qatarı yox, digər dəmir yollarında da vəziyyət belədir. Təsəvvür edin, Azərbaycandan qatarla həm də neft və digər yanacaq növləri daşınır. Yolda hər hansı bir qəza olarsa, bu tikililər yanğınsöndürənin vaxtında yetişməsinə maneə olacaq. Buna görə daha böyük təhlükələrlə üzləşə bilərik”.
Nadir Əzməmmədov deyir ki, bu tikililərlə bağlı Nazirlər Kabinetinə müraciət olunub. Bu ərazilərdə yaşayanların başqa yerə köçürülməsi və ya onlara kompensasiya ödənməsi Nazirlər Kabinetinin verəcəyi qərardan aslıdır.