-
"Mən istəyirəm ki, üç yaşlı balaca uşaqla 103 yaşlı uzunömürlü bir qoca eyni dildə, doğma dilində, Azərbaycan dilində danışsınlar."
"Adı 1937-ci ildən gəlsə də. Ona qədər türk dili adlandırılsa da. Bu dil doğrudan da türk (indiki) dilindən fərqlənir. Aydınlığı, səlisliyi, təmizliyi, fikrin çox sadə izah oluna bilməsi ilə."
"Yeni söz yaratmaqla... daha əvvəlki oturuşmuş, bədii ədəbiyyatda, tarixi qaynaqlarda, fəlsəfi əsərlərdə işlənmiş, hamı tərəfindən qəbul olunmuş sözlərin ehtiyac olmadığı halda yeni variantlarını tapmaqla yox."
Ziya F.M.
Gördüklərimiz və görəcəklərimiz
Çox narahat bir dövrdə yaşayırıq. Deyilən, yazılan söz heç də olduğu kimi başa düşülmür, fikir kimi yox, artıq bir məramnamə kimi, hansısa hərəkətlərə çağırış kimi anlaşılır.
Həm aqressivlik çoxalıb, həm dünyada kifayət qədər xoşagəlməz hadisələr baş verir. Bu hadisələrin fonunda dil haqqında müzakirə açmaq bəzilərinə qəribə görünə bilər.
Hətta bu yazıda dəfələrlə təkraralanan dost ölkənin dili haqqında fikirlər indiki hadisələrin kontekstində bəzilərinə tamam yersiz də görünə bilər.
Amma siyasət gəldi-gedərdir, xalqı yaşadan isə onun dilidir. Bayrağı, sərhədi, qoşunu, himni, konstitusiyası səviyyəsində bir atributdur.
Mənim üçün Azərbaycan dili bəzi məqamlarda bayaq saydıqlarımdan da üstündür.
Çox istəyərdim ki, məni hansısa qəliblərə salmağa cəhd etməyəsiniz. Mən nə fəlsəfi fikrin çətin olduğu fikrini inkar edirəm, nə dilimizin uzun əsrlər gah o dilin, gah bu dilin təzyiqi, basqısı altında olmasını.
Nə vaxtsa Niyazi Mehdinin başladığı bu yeni, bir az yaradıcı fəlsəfi yazı üslubu ilə də tanışam, digər müəllifləri də vaxtaşırı oxuyuram. Radioda, qəzetdə, teatrda işləmişəm, yazılar yazıram, tərcümələr edirəm. Ömrüm boyu dillə bağlı işlərdə olduğumu nəzərinizə çatdırmaq üçün bunları yazdım.
Çox adam məni tanımır, amma tanıyanlar bilirlər ki, düzü qoyub yalanın arxasınca getmək kimi bir vərdişim yoxdur.
Araz bəyin yazılarında işlənən sözlərin arasında doğrudan da gözəl tapıntılar var, o sözlərin bir çoxunun mən də nə vaxtsa yazılarda işlənməsini arzulayırdım. Hətta misallar da gətirə bilərəm; gənəşmək , sayaq (sayağı) , oturuşmuş və s.
Əslində Araz bəy böyük bir iş görür, dünya fikir tarixindən bu günümüzə, bu anımıza gərəkli, yararlı ola biləcək yazıları dilimizə çevirir.
Heç biri də boş-boşuna, yazı xatirinə yazı səviyyəsində deyil, müəyyən siyasi savadsızlığı aradan qaldırmağa, dünyagörüşünü genişləndirməyə xidmət edən yazılardır. Bədii tərcümələri də onun kimi.
Araz bəyin öz Facebook səhifəsinə köçürdüyü polemikada bildirilən fikirlərlə də tanış oldum, kifayət qədər məntiqli, obyektiv fikirlər var.
Mənfiləri də, müsbətləri də, mənim düzgün anlaşılmayıb təhrif olunmuş fikirlərimə münasibətləri də.
Bu, təbiidir. Dil mükəmməl deyil. Heç bir dil kamil deyil. İllah da bizim Azərbaycan dili.
Amma Araz bəydən fərqli olaraq, mən bu dilin varlığına və gələcəyinə inanıram. Adı 1937-ci ildən gəlsə də. Ona qədər türk dili adlandırılsa da. Bu dil doğrudan da türk (indiki) dilindən fərqlənir. Aydınlığı, səlisliyi, təmizliyi, fikrin çox sadə izah oluna bilməsi ilə.
Müasir türk 100 il bundan qabaq yazılan nəinki fəlsəfi mətnləri, heç özünün poeziya nümunələrini də artıq anlamamaq həddindədir. Biz də bu yolu getməyə başlamışıq, ya da başlatdırmaq istəyirlər.
Müasir türkün bir cümləsi yarım səhifədən artıq ola bilər, onun nə əvvəlini, nə sonunu tutmaq mümkün olmaya bilər. Mətnin içərisində bir-birini inkar edən çoxlu fikirlər ola bilər. Mən bunun dəfələrlə şahidi olmuşam. Çoxlarınız da bunu məndən yaxşı bilirsiniz.
Mən türk dilinin əleyhinə deyiləm, amma öz dilimi sevirəm. Bu dili öyrənməyin, ondan müəyyən sözlərin alınmasının əleyhinə deyiləm, amma türk kimi danışmaq, fikirləşmək istəmirəm. Çünki bu, artıq düşüncə tərzinin, dünyagörüşünün dəyişilməsidir.
Ola bilsin, kimsə bunda pis bir şey görməyə bilər, bu təbiidir, xüsusən də bizim ölkədə. O ölkədə ki, hamı kənardan gələn hər bir şeyə daha çox həvəs göstərir, nəinki özündə olana.
Mən indi bütün xalqı bürüyən - məişətdən tutmuş fəlsəfi fikrə qədər hər yeri çulğayan total türkləşmənin tərəfdarı deyiləm. Amma bu o demək deyildir ki, türk dilindən heç bir söz alınmamalıdır və ya ancaq türk dilindən söz alınmamalıdır. Əsla.
Mənim yazımın son cümləsinə baxsanız, orada bir "hədsiz" sözü var. Mən bir dilin basqısından yenicə qopmaq istəyən dilimin tez də başqa bir dilin total təzyiqinə düşməsini istəmirəm.
Bir əsr boyu dərd dəfə əlifba dəyişən, nəinki 100-cə il bundan qabağını, hətta artıq 25-cə il bundan əvvəlini oxuya bilməyən xalqı bir tərəfdən də dil, üslub, alınma sözlər, sinonimlər, ingilis, rus, ərəb, fars, türk sözlərinin ağır dalğasının altında qoyulmasını istəmirəm.
Onsuz da əlifba dəyişmələri ilə nəsillərin arasında yaranan uçurumlar bir tərəfdən də ona "kömək" etmək istəyən "alim"lərin ucbatından daha da dərinləşir.
Mən istəyirəm ki, üç yaşlı balaca uşaqla 103 yaşlı uzunömürlü bir qoca eyni dildə, doğma dilində, Azərbaycan dilində danışsınlar. Mən istəyirəm ki, bizim hər bir nümayəndəmiz öz dilində fikirlərini rahat ifadə edə bilsin. Biri ingiliscə, biri rusca, biri ərəb-fars, o biri türk ləhcəsi, düşüncəsi ilə danışmasın.
Mən istərdim ki, hər bir azərbaycanlı nəinki öz dilində danışmağa xor baxmasın, hətta bu dildə gözəl danışsın, bütün keçmişini, gələcəyini bu dilə bağlasın, əlbəttə, digər dilləri də öyrənməklə, söz alıb, söz verməklə, söz yaratmaqla.
Yeni söz yaratmaqla... daha əvvəlki oturuşmuş, bədii ədəbiyyatda, tarixi qaynaqlarda, fəlsəfi əsərlərdə işlənmiş, hamı tərəfindən qəbul olunmuş sözlərin ehtiyac olmadığı halda yeni variantlarını tapmaqla yox. İngilislərin bir sözü var; “Əgər bir şey xarab deyilsə, onu düzəltmək lazım deyil”.
Araz bəyin mənə irad tutduğu, olan adları başqa cür demək və ya onu daha qəliz sözlə əvəz etmək kimi bir günahlandırmanın isə heç yeri deyildi.
Onun bir az təxəyyülünü işə salıb, “yumurtaya da “toyuq ellipsoidi”, yumruğa da “əl kürəsi” deyilməlidirmi?” ittihamının mənə heç bir aidiyyatı yoxdur. Çünki mən əslində olan sözləri saxlayıb, olmayanların haqqında düşünüb-daşınıb yeni sözlər tapılmasının və təklif edilməsinin və ya olan sözlərdən daha geniş anlamda istifadə etməyinin tərəfdarıyam.
Yəni bu planet onilliklərlə (əslində daha çox) Yer kürəsi adlanıbsa, onu Yer yumrusu adlandırmağa ehtiyac yoxdur.
“Yer kürə şəklindədir” və ya “Yer kürəsi yumrudur” demək olar, birini böyüklər üçün, digərini isə uşaqlar üçün deyə bilərsən, hətta lap balaca uşaqlara “Yer yumrudur” da demək mümkündür.
Amma “Yer yumrusu” ifadəsi artıq bütöv planetə aidliyindən çıxıb, yerdə-torpaqda bitən şeylərə yönəldiyinə görə (misal üçün: yeralması, yerfındığı və s.) yaramır.
Biz fəlsəfi kateqoriyanı ifadə etmək üçün niyə dildəki söz vahidinə daha tutumlu məna vermək əvəzinə başqa dildən alınma sözdən istifadə etməliyik?
Əgər məchul bir ifadə lazımdırsa, onu elə öz dilimizdəki sözü işlətməklə də edə bilərik. “Nəsnə” yox, “şey” də deyə bilərik. Niyə elə “nəsnə” deməliyik axı?!
Fransızların yaxın tarixində belə bir epizod var; alimlər təklif ediblər ki, əlifba dəyişdirilsin. Bunu isə fransız dilinin yazılışında çətinlik törədən məqamların olması ilə əlaqələndiriblər.
Doğrudan da, fransız dilinin yazı qaydalarında məntiqlə baxanda çoxlu uyğunsuzluqlar var; bir səs bir neçə formada yazılır, eyni səsi ifadə edən müxtəlif hərf birləşmələri yazını ağırlaşdırır, sözlərin sonundakı samitlər demək olar ki, oxunmur və s.
Alimlərin təklifi bütün Farnsa ictimaiyyətini ayağa qaldırb. Fransızların ən əsas arqumentlərindən biri bu olub ki, biz əlifbanı dəyişsək, gələcək nəsil keçmiş nəslin yazdığını oxuya bilməyəcək, biz nəsillərin arasındakı bağların qırılmasını istəmirik.
Nə vaxtsa rusların zadəganları öz dillərində yox, fransız dilində danışmağa üstünlük verirmişlər. 1812-ci ilə qədər. Fransızlarla müharibədən sonra geri, rus dilinə qayıdıblar.
Yaponlar bir müddət ingilis dilinin təsirində olublar. Amma aldıqları, istifadə etdikləri ingilis sözlərini öz dillərinin qaydalarına uyğun elə təhrif ediblər ki, heç bir ingilis yapon dilində işlənən öz sözlərini tanıya bilmir. Heç yaponlar da fərqində deyillər bu sözlərin.
Kənardan alman dilinə qulaq asan bu dilin kobud səslənməsinə fikir verir, amma alman dilini öyrənənlərin dediyinə görə, bu dil insanın bütün hissiyyatlarını ifadə etmək gücünə malikdir. Bu da filosofların xidmətidir. Onlar alman dilində yaratdıqları fəlsəfi əsərlərdə insan hisslərinin bütün çalarlarına yeni adlar fikirləşib tapıblar.
Bizim alimlərimiz, filosoflarımız söz yaratmaq istəmirlər. Bizim alimlər, filosoflar əlifbanın da yox, bütün dilin dəyişdirilməsini istəyirlər və cani-dildən buna çalışırlar.
Əvvəl adını, sonra əlifbasını, sonra isə dilini. Qazandıqlarımızı qorumaq əvəzinə, tarixdə, dünyada yerimizi möhkəmlətmək əvəzinə var-gücləri ilə xalqın olan-qalanını da onun-bunun quyruğuna calamağa çalışırlar. Dost olsun, ya düşmən, fərq eləməz.
Dil özünü qorumağı artıq bacarmır.
Aşağı səviyyəli təhsil, açılan sərhədlər, damlardakı çanaqlar, iqtisadi gerilik, texnolji asılılıq, beyin axını, yoxsulluq və ondan doğan fəsadlar, dini ekspansiya, sosial şəbəkələrdə yayılan savadsız yazılar və onların sürətli yayılma imkanları, televiziya, radio məkanındakı öz dilini doğru-dürüst danışa bilməyən aparıcılar, bayağı filmlər, seriallar, mahnılar, mədəni tədbir adına iddia edən toy məclisləri, məişət pozğunluğu, korlanmış mənəviyyat, itirilmiş mənəvi dayaqlar, dağılan ailələr, küçədə böyüyən tərbiyəsiz uşaqlar, savadsız analar, gündə yüz dəfə əksilən ailə başçıları, dünən dolanma dərdindən qol-qabırğasını sındırıb rus dilində, bu gün isə işçisi olduğu türkə salam əvəzində mərhəba deməyə məcbur olan fəhlələr, əvvəllər yeyib-içib keflənəndən sonra rus dilində, bu gün isə türk və ya ingilis dilində danışmağa cəhd edən məclis əhli, dolanma xatirinə saqqal uzadıb, şalvar qısaldıb və ya əksinə salvar uzadıb, saqqal gödəldib dini mövzularda danışmağa cəhd edən gizli-aşkar ruhanilər, gecə barlarında hər millətin nümayəndəsi ilə dil tapmağa çalışan sürüşkənlər, ümumiyyətlə məktəb üzü görməyən qızlar, kompüter arxasında bütün naməlum sözləri olduğu kimi qavrayan kiçik uşaqlar ...
Onlardır bu gün gördüklərimiz. Onlardır bu gün dilin “inkişafını” təyin edənlər. Onlar fəlsəfi traktat oxumurlar. Onlar kitab oxumurlar.
Onları dilin necə işlənməsindən daha çox onun necə xeyir gətirə biləcəyi maraqlandırır. Onlara yazmaq, oxumaq lazım deyil. Onlara nə cür olur-olsun, pul qazanmaq lazımdır, sadəcə olaraq ayaqda qalmaq lazımdır.
Savad heç ikinci, üçüncü yerdə də də deyil. Savad - ümumiyyətlə, onların maraq dairəsinə daxil deyil.
Onlara bu gündən o biri günə sağ-salamat keçmələri üçün vacib olan bir şey var. O şey isə oxumağı, savadlanmağı tələb eləmir. Onların biliyini, savadını “dolanma” əvəz eləyir.
Bu gün nəzərlər bu adamlara yönəlməlidir. Saymaqla qurtarmaq bilməyən böyük bir savadsızlar ordusuna. Nəinki yazmaq, heç fikrini şifahi ifadə etməyi bacarmayan böyük bir kütləyə və...
...artıq ölüm ayağında olan dili məhv edib yeni dil yaratmağa çalışanlara... görəcəklərimizə.
Onsuz da hamı çaş-başdır. Heç olanı başa düşmür. Siz də istəyirsiniz ki, bir az üstünə qoyasınız. Daha qəliz, daha gec anlaşılan, özünüzün kəşf edib tapdığınız, ancaq özünüzün anladığınız sözlərdən istifadə edəsiniz.
Dil bir fikrin başqasına çatdırılması üçündür. Dil ünsiyyət vasitəsidir. Yazı isə ondan doğulub. Sadəcə olaraq, həmin dili simvollaşdırıb. Bu günkü şifahi dilimiz artıq təbəqələrə, silklərə, regionlara, sosial qruplara bölünüb, parçalanıb.
Dil bizi artıq birləşdirmir, dil – bizi bölür. Biz də üstəlik, şifahi və yazılı dili bölürük, onların arasında bu dərinlikdə yarğan yaradırıq. Məqsədimiz nədir?
Nə vaxtsa pulla məktub yazıb, sonra da özü yazdığı məktubu yenə pulla oxumaq üçün onu ilan-çayanla dolduran mollalara bənzəmirık ki, təsadüfən ?
Mənim fantastik bir arzum var:
Azərbaycan məktəblərində “Əlifba tarixi” fənni. Orxon-Yenisey mixi yazılarından tutmuş ərəb əlifbası, kiril əlifbası, latın əlifbası dərslərinə kimi .
Amma qorxuram.
Heç indiki əlifbanı da öyrədə bilmirlər. Elə hər şey də bundan başlayır.
Və ya sona yetir.
Ya da yenidən başlayır…
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)