-
«Görünən budur ki, başımıza gələn faciələrin əsas səbəbi təhlükəsizlik qaydalarına əməl etməməyimizlə bağlıdır». «Yeni Müsavat» qəzetinin əməkdaşı Elşad Paşasoy yazır: «Hər gün ölkədə irili-xırdalı onlarla hadisə baş verir, dünyasını dəyişənlərin statistikası artır. Ancaq diqqətlə araşdıranda görürsən ki, ilkin səbəb... təhlükəsizlik qaydalarına məhəl qoyulmamasıdır».
Müəllif daha sonra son günlərin statistikasına baxır: «7 dekabrda iki faciə baş verib. Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan «Azərİşıq» MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. Xəstəxanaya çatdırılsa da, gec olub.
Həmin gün Abşeronun Saray qəsəbəsində başqa bir faciə yaşanıb. «Azərsu» ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o da hadisə yerindəcə ölüb. Təsəvvür edin, işçi elə bir yerdə çalışır ki, üzərinə transformator düşür!
Hərçənd ki, işə qəbulun ən önəmli şərti təhlükəsizlik qaydalarına riayət etməyi öyrənməkdir, ona riayət etməkdir. Üstəlik də hər bir vətəndaşın həyatı təkcə onun özünə məxsus deyil ki, istədiyi vaxt ona son qoysun. Axı dövlət vətəndaşına illər boyu xərc çəkir. Deməli, insanlar da ən azı dövlət qarşısında öhdəliyinə əməl etmək üçün yaşamalıdır. Həm də özlərindən sonra ailələrinə dərd yaşatmamaq, üstəlik, onların da yükünü dövlətin üzərinə qoymamaq üçün...
Burada iş icraçılarının, müəssisələrin, şirkətlərin də üzərində ciddi məsuliyyət var. Bir çox hallarda təhlükəsizlik qaydaları sadəcə kağız üzərində qalır. Bir əcnəbi göstərin ki, tikintidə baş geyimi, ya kəməri olmadan işləsin. Bizim fəhlələr niyə yıxılır, səbəbi bəlli. Çox vaxt «kaska»ları çəkiliş, ya yoxlama gələndə geyinirlər».
PUL AZALIR, VERGİLƏR ARTIR
«Bizim Yol» yazır ki, Azərbaycanda kredit qoyuluşlarının iqtisadiyyatda rolu azalmaqdadır.
«Azərbaycan Mərkəzi Bankının bu ilin 10 ayına dair məlumatına görə, respublika üzrə ümumi kredit qoyuluşlarının həcmi 18.5 milyard manat olub. Son üç ayda kredit qoyuluşlarının həcmi 1.5 milyard manatdan çox azalıb. Kreditlərin iqtisadi sahələr üzrə strukturuna baxdıqda, əsas azalma kənd təsərrüfatı və ticarət sektorundadır. İstehlak kreditlərində isə, əskinə, artım müşahidə edilir», - «Bizim Yol» yazır.
İqtisadçı-ekspert Samir Əliyev «Bizim Yol»a deyib ki, kredit qoyuluşlarının əsas məqsədi sahibkarlıq subyektlərini zəruri vəsaitlə təmin etməkdir: «Ona görə də kredit qoyuluşları iqtisadi aktivliyin artmasına birbaşa təsir göstərir. Hər hansı bir böhran, tənəzzül olanda hökumətlər uçot dərəcələrini aşağı salırlar ki, kreditlər ucuzlaşsın. Bunun hesabına iqtisadiyyatı diriltməyə çalışırlar. Azərbaycanda isə kredit qoyuluşlarının iqtisadiyyatda rolu getdikcə azalır».
İqtisadçıya görə, ölkə iqtisadiyyatında paradoks vəziyyət yaranıb: «Bu gün ticarət dövriyyəsi, satış kəskin azalıb. Bu, hökuməti vadar etməlidir ki, iqtisadi aktivliyi artırmaq üçün dövriyyəyə pul buraxsın. Belə vəziyyətlərdə hökumətlər uçot dərəcələrini aşağı salır, bankları pulla təmin edir. Başqa tərəfdən baxdıqda, devalvasiya qiymətlərin qalxmasını labüd etdi. İnflyasiyanın qarşısını almaq üçün hökumət inzibati yollarla yanaşı, Mərkəzi Bank da pul kütləsini azaltmağa başladı. Statistika onu göstərir ki, pul kütləsi getdikcə azalır. Deməli, bir tərəfdən iqtisadiyyatda süstlük yaranıb, digər tərəfdən Mərkəzi Bank vəziyyəti canlandırmaq əvəzinə pul kütləsini məhdudlaşdırır. Hesab edirəm ki, bu, çıxış yolu deyil».
«KƏND TƏSƏRRÜFATI İLİ»NİN İDXAL-İXRAC PARADOKSU
«Dövlət proqramında nəzərdə tutulan hədəflərin heç birinə əməl olunmayıb». Bunu «Azadlıq» qəzeti yazır. Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli qəzetə müsahibəsində deyir ki, 2015-ci ili ölkə prezidenti kənd təsərrüfatı ili elan etsə də, aqrar sektorda gözədəyən dəyişiklik olmayıb: «Daha çox kənd təsərrüfatı ili ilə bağlı fərman imzalandı, kağız küyü yaradıldı».
Ekspert deyir ki,son 100 il ərzində ən çox buğda idxalı məhz bu il olub: «Bu isə onu göstərir ki, Azərbaycan bu il də əvvəlki illərdə olduğu kimi özünü təmin edə biləcək qədər taxıl istehsal edə bilməyib. Deməli, rəqəmlər şişirdilib. «Kənd təsərrüfatı ili» elan olunduğuna görə bəzi göstəriciləri şişirtməklə ictimaiyyətə uğur kimi təqdim olunması məqsədi güdürlər. Eləcə də, bizim ixrac etdiyimiz bəzi məhsullarda da çox ciddi azalma baş verib. Çay ixracı 44 faiz azalıb, bitki və heyvan mənşəli yağların ixracında isə 35 faiz azalma baş verib. Həmçinin ölkədən ixrac olunan şəkər əvvəlki ilə nisbətən 5 faiz azalıb. Bizim ixracımız azaldığı halda idxalımız artıb. Kartof idxalı 2.5 dəfə artıb, bütün bitkiçilik sahələrində yalnız idxalda artım olub. Bu da hakimiyyətdəkilərin ortaya qoyduğu statistika ilə uyğunlaşmır».
BAZARLARDA QİYMƏTLƏR «OD TUTUB YANIR»
Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur.
Trend-in məlumatına görə, qiymət artımı dekabrın əvvəlindən başlayıb. Belə ki, əvvəllər kq-ı 60 qəpiyə satılan kartof hazırda alıcılara 70 və 80 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Bu ayın əvvəlinə kimi kq-ı 50 qəpik olan soğan indi 10 qəpik baha satılır. Tərəvəzlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur. Məsələn, narın kq-ı ötən ay 1 manat 20 qəpiyə təklif olunurdusa, hazırda 1 manat 50 qəpiyə satılır. Analoji vəziyyət naringi, üzüm və almanın qiymətlərinə də aiddir.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, bu, mövsümi xarakter daşıyır: «Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Biz hər həftə monitorinqlər aparırıq. Monitorinqlər əsasında deyə bilərəm ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır».