Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:11

Beynəlxalq Bankda baş verənlər futboldan da yan keçmədi


«İnter» klubu
«İnter» klubu

-

Azərbaycanın «İnter» futbol klubu 3 il Avrokuboklardan kənarlaşdırıla bilər. Artıq bununla bağlı UEFA «İnter» klubuna xəbərdarlıq verib. Üstəlik, klub 50 min avro məbləğində cərimələnib.

Məsələ burasındadır ki, Avropanın ali futbol qurumu Premyer Liqa təmsilçisindən maddi vəziyyətini düzəltməsini və onun maliyyə «fair-play» qaydaları çərçivəsində hərəkət etməsini tələb edir.

Klub rəhbərliyi qarşısında şərt qoyulub ki, 2015-ci il sentyabrın 30-a kimi olan bütün borclarının 2016-cı il yanvarın 31-dək ödənməsi haqqında sənədləri onlara təqdim etməlidirlər. Əks halda, ötən mövsüm Azərbaycanı Avroliqada təmsil edən və iki mərhələ adlamağı bacaran bu komanda 3 il müddətinə Avrokuboklardan məhrum ediləcək.

«İnter» futbol klubuna uzun müddət Azərbaycan Beynəlxalq Bankı sponsorluq edib. Bu bankla bağlı qalmaqalların yaşanması «İnter» klubunun maliyyə vəziyyətini də xeyli çətinləşdirib. Üstəlik, klubun fəxri prezidenti, Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyev hazırda həbsdədir.

BEYNƏLXALQ BANK YENİDƏN SPONSOR OLMAĞA RAZIDIR

Bununla belə «İnter» klubunun rəsmiləri gələcəyə o qədər də bədbin baxmırlar. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədli Azadlıq Radiosuna deyib ki, Azərbaycan Beynəlxalq Bankı yenidən onların sponsorluğunu öz üzərinə götürmək niyyətindədir:

«İndi danışıqlar gedir. Onlar baş verənlərdən xəbərdardırlar. UEFA-da bizə yanvarın 31-nə kimi vaxt verib. Yəqin ki, bu məsələ öz həllini tapacaq».

Səbuhi Məmmədli deyir ki, klubun mövcud heyətin futbolçularına borcu yoxdur. Ancaq keçmiş heyət üzvlərindən bəzilərinə yığılmış borclar qalır.

«Futbol Plus» qəzetinin baş redaktoru Mahir Rüstəmli isə deyir ki, oxşar xəbərdarlıqla dünyanın bəzi futbol klubları da üzləşiblər.
İndi Azərbaycanın digər klublarının da maliyyə vəziyyəti o qədər də ürək açan deyil:

«Fikrimcə, bundan sonra Azərbaycan klubları öz büdcələrinə qənaət etməlidirlər. Bundan sonra başqa cür mümkün deyil».

Yerli ekspertlər hesab edir ki, ölkəyə böyük neft pulları gələndən sonra Azərbaycan futbolunda da böyük vəsaitlər dövr edib. Ancaq neftin qiyməti düşdükcə, bu, futbola ayrılan böyük pulların da istər-istəməz azalmasına səbəb olur. Ekspertlər qeyd edirlər ki, Azərbaycan Premyer Liqasındakı bütün klubların arxasında ya ciddi sponsorlar, ya da maliyyə oliqarxları dayanır.

XS
SM
MD
LG