-
Milli Məclisin dekabrın 18-də keçirilən iclasında ABŞ Helsinki Komissiyasının sədri Chris Smith-in Konqresə təqdim etdiyi, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə etiraz olunub.
ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycanda hər ilin sonunda əfv sərəncamı imzalanılır və indiki vaxtda ABŞ-da belə bir qanun layihəsini ortaya atmaqla Azərbaycanı təxribata çəkmək istəyirlər.
O qeyd edib ki, bu qanun layihəsi əvvəlcədən planlaşdırılıb: «Layihə Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu, bir qrup adamın mövqeyidir».
Deputat Fəzail Ağamalı deyib ki, Azərbaycana qarşı yenidən hücumlara başlanıb: «Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti indiyədək bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında ermənilərin təsirində olan dövlət katibi John Kerry-nin dirijor çubuğu dayanır».
ZAHİD ORUC: «İŞİ GÜCLƏNDİRMƏLİYİK»
Deputat Zahid Oruc isə deyib ki, ABŞ-la Azərbaycan bütün hallarda işləməlidir: «ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz ABŞ-la işi gücləndirməliyik».
O, Azərbaycan diasporunun bu istiqamətdə fəallığa çağırıb.
SPİKER ZAHİD ORUCA İRAD TUTUB: «ABŞ-LA İŞ APARILIR»
Spiker Oqtay Əsədov isə Z.Oruca irad bildirib: «ABŞ-la iş aparılır. Amma bilirsən ki, orada erməni diasporunun tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporunun tarixi nə vaxtdan? 100 ildən çoxdur, orada yaşayan ermənilər artıq amerikanların ətinə-dırnağına işləyib. Amma biz orada cəmi 20 ildir diaspor qururuq. 2007-ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Siz hər şeyin birdən-birə olmasını istəyirsiniz». /APA/