-
Təbrizdən şeirlər
Məsum Cəbarpur
1.
Yasaları pozuram
Sınırlar ötəsi bir qısa yazıda
Gözlərini -
Sonsuz bir həbsə dustaqlayıb
Gecə
Yasaq yollarını keçmə sən deyə
Vizaları yandırır dəli şair
Yenə
Gecə sayıqlamaları
Kim şair adlandırdı məni?
Bilirsənmi?
Xəyanət acısının sonucuyam
Xəyanət -
Çantamda
Kağızlarımda,
Monitor şüşəsində
Ürəyimdə yaşayan kiçicik qızcığaz
***
Menopozu yaşayır
Aybaşı acısını çəkəmədən!
2.
bilirsənmi?
umudlarım tükənib, sənliyim baş alıb gedəndən!
bu günlər
qadıncığaz
sıxıntısızılığın boş gəziçisidir
gəl dil oyununu qırağa burax
kişi kimi etiraf et
qarışqaların demokratiyasında
biz illərdi ölü yaşayırıq
hey
hey gündəlikləşirik
yarımçıq uçuntu qoparımlarıyla!
Günəş görməmiş günlər
ufuqda ölmüş bir yaralı günəş
yarasalar imperatorluğa çatınca
kəpənəklər özgürlük röyası ilə
qaranlıq arxasında qanad çaldılar
dilənçi qartallar kimi
yadındadırmı?
axı
barama qurdlarını dustaqdan qurtaracaqdın
ölümü pay verdin kəpənəklərə
aluzluqla an olayı yaşadı
kəpənəklər birbəbir ağappaq qovada məhv edildi diktator əlləri ilə
eşidirsənmi?
boğazımda bir qəhər sındı
günlərimi piştə tutdum
dedin gedirsən divarlar arxasından günəş dərəsən
gecələrimin divarından aşıb
günlərim qaraldı!
nədənini bilmədim?!
indisə
sən divarlar arxasında
kəpənəklərin qatili olubsan
kaş ki
nağıllardan birisi gəlsin
səni aldatsın
günlərin peşətə tutsun
divarlardan boylanınca
saçlarımı boynuna dolaram
yox
bağrıma basmaram
kəpənəklərin qanına boyanan bir ovuc ürəyi!
nə olar,
bir dəfə boylan hörülmüş günlərimə...
...
şəhər kəpənək arayır qızılgüllərə
və
qarışqalar köksümün ətinə yerikləyirlər
daha
kimsə gündəlik başlanğıcında yazmayacaq:
ithaf olunur
sevgiləri arxadan bıçaqlanan sevgililərə
bu il
su qıtlığı ürəyimi yandırsa da
gələn il
gül qıtlığı olacaq
qəddar qatıl
bir qarışqa gəlir bəndlərimi ayıra
dişlərini ağartma
gec qalmısan
illərdir bir ölünü daşıyıram
kimsə yas törənimə gəlməsin
iki üç kəpənək yetər..
3.
Bilirsənmi?!
Neçə qəddar yaydan sonra,
Mənsiz,
Boş oturacağıma göz dikəcəksən!
Dərinin altında quylanacaq ruhum,
Sevgilinin əllərini sığallayınca,
Bıçaqlanmış duyğular göz vuracaq hər gecə sənə!
Həsrət qalacaqsan gözlərimin rənginə!
Bir içimlik öpücüyə həsrət qalacaqsan!
Buyurun bir tabaq dodaq boyalı dodaqlar!
Yabancı sayağı,
Unudacaqsan!
Boğazıma tıxanıb duyğulu günlər!
Günlərimi başqa qızlara satdı,
Aylaq sevgilim!
Bir gün gəldi,
Göz-gözə gəldik,
Qorxun yoxsa, dimdik bax gözlərimə!
Qarışıq günlərim sığmaz günlərinə!
Bir acımasız dəprəm kimi,
Uca dağlığımın istiqrarına alay etdin!
Sənliyimi qusmaq istəyirəm,
Anılar beynimdə dolaşınca!
Anlayırsan?!
Bir sonsuz alatoran kimi,
Qərarsızam,
Nifrətim gəlir,
Sevgi darından asılan sevgililərdən!
Gedib keflənib,
Konyak acısına varəcəyəm sevgi acısını...
İliklərim qabar çalır!
Üzünə dirsəklənib onu izləmək istəyincə,
Çılğıncasına,
Ölmək istəyirəm!
Hansı yol?!
Hayat şeirsəl deyil asla!
Masa üstündə qayğılı güllər,
Saralmış tumurcuqlara boylu qalırlar!
Göy qəhərə boğulunca,
Bir şırıq açılır yaralarından!
İslaq yaralarını kim qurudacaq?!
Göyün qıp-qırmızı yaralarına,
Quşların lələkləri dəsmal olur,
Minlərlə quş,
Lələklərini yolur göyün qançırları üçün!
Buludlar bir qəhqəhə çəkir!
əlləri söykənir sarılmış yaralara,
Bu gecə göydən yağış yerinə lələk yağacaq!
Göy qurbanlarına qan əmizdirir!
Səhər aydınlığa çıxınca,
Quşlardan
Yalnız bir səs qalır xatirələrdə...
Bir gün sən də xatirə olacaqsan!
4.
Zincirlənmiş ruhuma bir dərman!
Qandallanmış əllər tək acıyır izləri,
Dustaqlanmış beynimin!
Dilim ağzımda quruyub,
Bu qanmaz ürək də,
Dil qanmır!
Birisi içimdəki ağlayan körpəni öldürsün!
Və
30-lu yaşlarımda,
Bir başdaşı yonsun mənə!
Mən böyümək istəmirəm!...
5.
Qadın qılığına girmiş bir ölüyəm!
Hər gün,
Ayna qarşısında ,
Gözlərim vəsmələnir,
Dodaqlarım dodaq boyası tamsınır,
Saçlarım gahdan dağınıq,
Gahdan soylu bir qadınam,
Düzən verərəm dağınıq saçlara!
Amma
Günü gündən,
Ayna,
Bəzəkli gözəl qadının
Kiçik gülümsəməsinə həsrət qalır!
Bilirsinizmi?
Günlərin birində,
Gülləndi düşüncəli kişi adlı birisi ilə,
O gün,
Atam təsbeh dənələriylə danışırdı Tanrıyla,
Anam yaşlı sonbeşik qızına ər axtarırdı!
Bilirsinizmi?!
Düşüncənin səssizcəsinə qana boyandığında ,
Yalnız
Qonşu qızı ikinci namazın ilk rükətində ,
Ateist oldu!
Ərkək adam bütün kitab parçalarını
küçəmizdə qasırğaya tapşırdı,
O gecə dar küçəmiz də
Dəli olmuşdu,
Nədən?
Bu gecə itlərin səsi hüzünlü!
***
Dərin yuxu qadını qapsadı,
Yenidən yoxluğuna əkləndi,
Sakıncalı mutluluq təkrarlandı,
Geniş bir boşluq doldu yaşamına,
Arxası üstə döndü,
Bir damcı yaş süzülüb balıncını islatdı,
Dodaqlarının şırığından,
Yalnız boş yatağı dinləyir,
"Getmə, qal" səsini!
Uuuv-uuuv-uuuv...
Qatar uzaqlaşır,
Ərkək qatarın kiçik pəncərəsindən
Baxır,
Baxır,
İzləməkdə kişi...
Qızcığaz ağ ciyərinin bütövlüyü ilə,
Ərkəyin siqaretinin tüstüsünü çəkir içinə!,
Baxır,
Qatar qışqırır!
Bir-bir dəmir yolunu tərk edir,
Ərkəyin son sözü :
“Sən məni sevəməzsən”!
Ürəyi bıçaqlanır günün günorta çağında!
Uuuv-uuuv-uuuv...
Dik atılır,
Mızıldayırlar yorğun itlər ,
Əzan səsi gəlir,
Və küçənin sağlamlığı,
Qızcığazın acılarıyla sancılanır!
Qurşunlardan alınca düşüncəmi,
İnqilab baş verəcək Təbrizdə!
Sən,
Xoşca qal!