►“Eşidilmək istəyirəm”
Bir ili yola salırıq. Devalvasiyalarla, həbslərlə, ölümlərlə, fəlakətlərlə. İlsonunda bunları biz xatırlayırıq, bəs bir şair bu ili necə görür, necə dəyərləndirir? Həmsöhbətimiz şair Musa Yaqubdur.
– Musa müəllim, bu ötən ili Azərbaycan vətəndaşı, şairi kimi necə yola salırsınız?
– Mənim üçün pis olmayıb, yaradıcılıq cəhətdən də pis keçməyib. Yazılarımı yazmışam, sözümü demişəm. Ölkə üçünsə pis olmayıb bəlkə də. Bir ildə uğur qazanmışıq, qazanmamışıq... Dünyamız qarışıqdır. Biri vuruşur, biri intiqam alır, biri hirs paylayır, bütövlükdə dünyamız çalxalanır. Allah rəhmət etsin, Sabir deyirdi ki, çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Hələlik nə ayranımız yağ verir, nə yağımız ayran. Ömürdü yaşayırıq. Mən belə görürəm dünyamızı.
– Dünyanı bir az balacalaşdırsaq – Azərbaycana sığışdırsaq, bu ölkəni necə görürsüz? Bu il insanlar az sarsılmadılar, manatın iki dəfə dəyərdən düşməsi, faciələr... İnsanlar gərgindilər.
– Mən istəyərdim bunlar olmasın. Bir şeirim var: “Bir günah sənindir, bir günah mənim”. Günah bir az özümüzdədir, bir az da zamanda. O vuruşların, döyüşlərin, bir-birinə acıq vermək istəyənlərin pislikləri Azərbaycana da təsir edib. Mən istəməzdim belə olsun, camaat narahatdır, manat qiymətdən düşür, əziyyətli zamandır. Azərbaycanda insanlar həyəcanlıdır, dolanışıq bir az yaxşı deyil. Bəziləri ölkənin qədrini bilmir, ancaq öz varını, sərvətini düşünür, öz dövlətini artırmağa çalışır. Bu ölkə üçün də ziyanlıdır.
Buna da bax: Putin ailəsinin milyardları- [Video]
– “Bir günah sənindir, bir günah mənim” deyəndə kimi nəzərdə tuturdunuz? Bir günah xalqındır, bir günah da hakimiyyətindirmi? Yəni günah kimdədir?
– “Bir gözünü sən əydin, bir gözünü mən. Niyə narazıyıq bu tərəzidən? Sən çeşməqurudan, mən ağackəsən. Bir günah sənindir, bir günah mənim...” Biri çeşmə qurudur, biri ağac kəsir, biri yaradır, biri də dağıdır. Günah hökumətdədir, ya vətəndaşda, nə fərqi var? Biz hamımız vətəndaşıq. Ən böyük dərd budur: “Sünbül-sünbül tarladan bir dən sənin olmasın, adın vətəndaş olsun, vətən sənin olmasın”. Günahın bir ucu dövlətə düşür təbii ki...
– Vətənin “adı vətəndaş” olanlar üçün də “vətən” olması üçün neyləmək lazımdır? Burda iş kimin üstünə düşür?
– Bu, çox ağır söhbətdir. Mən dünyanın hər işini hörmətdə-izzətdə, bir-birini başa düşməkdə, anlamaqda görürəm. Dünyanın hər neməti ola, dünya dümbədüz ola, sünbüllərimiz bitə, ruzimiz ola, çeşmələrimiz qaynaya, amma arada məhəbbət, hörmət olmasa, bir-birini anlamaq olmasa, o nemətdən dadmaq çox çətindir. Gərək birinci növbədə başa düşəsən, hiss edəsən, gərək... xalqın, vətənin, millətin dərdinə qalsınlar.
– Nə arzulayırsınız özünüzə və xalqınıza?
– Arzum odur ki, məhəbbəti yaşatsınlar, vətənin qədrini bilsinlər, etibar edilənlər etibarlarını itirməsinlər. Etibarı itirənlər bizi bu ağır günlərə saldılar. Tamah, nəfs üstündə olur hər şey, “mənim olsun” fikrindən imtina etsinlər. İnsanlara sözünü mehrlə deyirsən, mehri eşitmir, şeirlə deyirsən, şeiri eşitmir, sehrlə deyirsən sehri eşitmir, xeyrinə deyirsən, xeyri eşitmir. Eşidilmək istəyirəm. İstər dövlət dövlət kimi, istərsə də insan insan kimi eşitsin hamını.
– Sizcə, məhəbbət yoxsulluğu da yaşayırmı insanlar?
– Çox az məhəbbət qalıb. Etibar itib çünki. Məhəbbəti də süniləşdiriblər, təbəssüm kimi üzə qonub gedir.