-
Nardaran hadisələrindən sonra müxtəlif vaxtlarda həbs olunan 71 nəfər qəsəbə sakinindən 57 nəfəri azadlığa çıxıb.
Bu barədə AzadlıqRadiosuna Nardaran ağsaqqalı Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, həbsdə olan digər 14 nəfər də yanvarın 15-nə kimi azadlığa çıxacaq.
Onlar polisin işinə mane olmaqda təqsirli bilinərək, 15-30 sutkalıq inzibati həbs cəzası almışdılar.
Noyabrın 26-da xüsusi əməliyyat zamanı həbs olunanlar ya DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, ya da Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasındadırlar. Natiq Kərimov deyir ki, bu işlə bağlı saxlananların sayı haqda onlarda dəqiq məlumat yoxdur.
Noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı atışma olub, ikisi polis olmaqla 6 nəfər həlak olub. Dekabrın 1-də isə Nardarana qoşun yeridilib, evlərdə axtarışlar aparılıb. Onlarla kənd sakini saxlanılıb.