Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:45

Dilqəm Əhmədin topladığı, AXC tarixinə aid yeni sənədlər kitab oldu


Kitab
Kitab

-

Dilqəm Əhmədin “TEAS press” nəşriyyat evində “Fərqlilər” adlı yeni kitabı çap olunub.

Azərbaycan tarixinə aid 24 məqalənin toplandığı kitabda oxuculara yeni fotolar, sənədlər təqdim olunur. Kitabda şəxsi kolleksiyasında olan orijinal foto və sənədləri yayımlayan müəllif bu materialları Türkiyədən əldə etdiyini deyir:

“Materialları İstanbulda yaşayan bir şəxsdən əldə etmişəm. Türkiyədə müxtəlif tarixi dəyəri olan fotolar, sənədlər auksionlarda, kitab mağazalarında satılır.

Mən də internet vasitəsilə belə bir şəxslə əlaqə qurdum və Azərbaycan mühacirət tarixinə aid nadir fotoları aldım. Bəlkə də indiyə qədər bu arxivlərə təxminən 5 min manata yaxın pul xərclənib.

Bu kitabda Cümhuriyyətin qurucularından Məhəmmədəmin Rəsulzadəyə aid üç nadir foto və Polşadan silahdaşı Abbasqulu Kazımzadəyə göndərdiyi açıqca yer alıb.

Fotolardan biri 1922-ci ildə Finlandiyada çəkilib. Əli bəy Hüseynzadəyə, İsa bəy Aşurbəyliyə aid 109 yaşlı əlyazma, Almas İldırıma aid iki nadir foto, Əhməd bəy Ağaoğlunun dəfn fotoları, eləcə də Türkiyədəki siyasi fəaliyyəti ilə bağlı bir neçə foto, Tağıyevin qızlar məktəbinin müəllimlərinin fotoları yer alıb”.

Kitabda Cümhuriyyət tarixinə aid iki dəyərli foto da yayımlanıb.

Dilqəm Əhməd deyir: “Fotolardan biri Cümhuriyyətin bir yaşı ilə bağlıdır. 1919-cu ilin 28 mayında indiki İstiqlaliyyət küçəsindəki törəndə çəkilib.

İkinci foto isə Cümhuriyyətin İran səfirliyinin əməkdaşlarının ümumi fotosudur. Fotonun arxasındakı yazıda qeyd olunur ki, səfir Adilxan Ziyadxanlı bayrağımızı Quranın altından keçirib ucaltdı.

Eləcə də, kitabda Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun, mühacir professor Əhməd Cəfəroğlunun, hətta alman şairi Fridrix Bodenştedtin də nadir fotoları yayımlanıb.

Məqalələrə gəldikdə isə Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Mirzə Kazımbəy, Nuru Killigil paşa, Nəsib bəy Yusifbəyli ilə xanımı Şəfiqə Qaspıralı, Ruhulla Axundov, Heydər Hüseynov, İsmayıl bəy Qutqaşınlı, Üzeyir Hacıbəyli, Salman Mümtaz, Əmin Abid və digər tanınmış azərbaycanlılar haqqında məqalələr mövcuddur”.

Əsas arxivini may ayında çapı planlaşdırılan “Mühacirlərin dönüşü” kitabına saxladığını deyən D.Əhməd o kitabda xeyli sayda yeni fotoların və məktubların yayımlanacağını qeyd edir:

“Növbəti kitabda ilk dəfə elmi ictimaiyyətə bəlli olacaq nadir fotolar yayımlayacam. Məsələn, Məhəmmədəmin Rəsulzadə və nümayəndə heyətinin 1918-ci ildə İstanbulda türk siyasilərlə birgə çəkdirdiyi nadir foto, eləcə də, Rəsulzadənin 34 fotodan ibarət dəfn albomu, iki məktubu yayımlanacaq. Həmçinin mühacir şair Almas İldırımın ilk dəfə üzə çıxan məktubu təqdim ediləcək.

Eləcə də, Mirzəbala Məmmədzadəyə, Abbasqulu Kazımzadəyə, Kərim Odərə, Əbdülvahab Yurdsevərə aid nadir foto və məktublar yayımlanacaq.

Xüsusilə qeyd edim ki, bu kitabda gedəcək materiallar yüzə yaxın Azərbaycan vətəndaşının mənə verdiyi maddi yardımlar əsasında alınıb.

Feysbukda keçirdiyim kampaniya uğurla yekunlaşdı və kitab çap olunanda kampaniyada iştirak edən şəxslərə hədiyyə olunacaq. Kampaniyamız isə hələ də davam edir. Mühacirət irsinin toplanmasına, araşdırılmasına maddi yardım etmək istəyən imkanlı şəxslər mənimlə əlaqə saxlaya bilərlər”.

XS
SM
MD
LG