Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:42

Gözlənilən daha bir beynəlxalq yarış haqqında


2015-ci ilin Cüdo çempionatı (arxiv fotosu)
2015-ci ilin Cüdo çempionatı (arxiv fotosu)

Bu barədə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer açıqlama verib. 2018 və 2019-cu ildə təşkil olunacaq dünya çempionatları üçün artıq 5 şəhər rəsmi təklif göndərib. Vizerin sözlərinə görə, mundiala ev sahibliyi etməkdə Azərbaycan da iddialıdır: «Paris, Tokio, Kazan, Bakı və Qahirə artıq bizə müraciət edib. Həmçinin, Hyustonun da onlara qoşulması istisna deyil».

Yeri gəlmişkən bu il Azərbaycanda Formula-1, gələn il isə İslam Həmrəylik Oyunları keçirilməlidir. Yola saldığımız 2015-ci ildə isə Azərbaycanda I Avropa Oyunları keçirilmişdi. Hökumət üzviləri bu oyunlara ümumilikdə nə qədər xərc getdiyini açıqlamasalar da, BBC öz araşdırmasında söhbətin nə az, nə də çox, düz 5 milyard manatdan getdiyini irəli sürürdü.

Bu il Azərbaycanda Formula-1, gələn il isə İslam Həmrəylik Oyunları keçirilməlidir...

Formula-1 yarışlarına isə hələ indiyə qədər təkcə yolların təmiri üçün rəsmi məlumatlara görə, 12 milyon manat pul gedib. Qarşıda təşkilatı və bir sıra başqa xərclər Azərbaycanı gözləyir.

Bəs görək, Azərbaycanın indiki iqtisadi durumunda bir-birinin ardınca beynəlxalq yarışlara ev sahibliyi etməsinə nə dərəcədə ehtiyac var?

İdman şərhçisi Sərxan Musayev yada salır ki, Azərbaycan beynəlxalq idman yarışlarına əsasən 2006-ci ildən ev sahibliyi etməyə başlayıb:

Boşa xərclənən pullar...

«Artıq ölkəyə böyük neft pulları gəlirdi. Azərbaycan əvvəlcə güləş, sonra isə Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi etdi. Bilirsiniz ki, Azərbaycan olimpiya oyunlarına ev sahibliyi etmək istəyirdi. Ancaq Beynəlxalq Olimpiya Komutəsindən yox cavabı aldı. Azərbaycana deyildi ki, sənin beynəlxalq yarışlar üçün hələ ki, təcrübən yoxdur. Sonradan Azərbaycanda keçirilən beynəlxalq yarışlar gələcəkdə olimpiadaya ev sahibliyi üçün hazırlıq idi. Artıq Azərbaycan 2024-də keçiriləcək olimpiadaya ev sahibliyi etməkdən geri çəkilib. İndi məlum olur ki, Avropa Oyunları da daxil, bu vaxta qədər keçirilən beynəlxalq yarışlara gedən pullar boşa xərclənib»

«Cüdo üzrə Dünya Çempionatına ev sahibliyi etmək böyük məsuliyyətsizlik olardı».

Sərxan Musayev deyir ki, indi Azərbaycanda bir çox idman növləri maddi çətinliklərdən ağır günlərini yaşayır:

Vladimir Putin və Marius Vizer
Vladimir Putin və Marius Vizer

«Həm ot üstü hokkey, həm volibolun özü. Avropa oyunlarında xarici idmançıları müftə yedizdirməkdənsə, öz idmançılarımıza qayğı göstərmək lazım idi. İndi Cüdo üzrə Dünya Çempionatına ev sahibliyi etmək isə böyük məsuliyyətsizlik olardı. Düzdür Azərbaycan tərəfi cənab Marius Vizeri təkzib etməyib, ancaq mən belə bir şeyin baş tutacağına inanmaq istəməzdim»

«Azərbaycana idman yarışları yox, islahatlar lazımdır»

Azərbaycan Cido Fedarasiyasının prezidenti SOCAR-ın prezidenti Rövnəq Abdullayevdir.O həm də AFFA-nın prezidentidir.

İqtisadçı Nemət Əliyev
İqtisadçı Nemət Əliyev

İqtisadçı Nemət Əliyev isə deyir ki, Azərbaycana artıq beynəlxalq idman yarışları yox, islahatlar lazımdır:

«Azərbaycan bir ildə az qala büdcəsi qədər vəsait itirib. Mərkəzi Bank ehtiyatlarının 67 faizini xərcləyib. Bank sektoru, tikinti sektoru, kənd təsərrüfatı çöküb. Azərbaycan manatı son bir ildə az qala 2 dəfə dəyər itirib. Azərbaycan bundan sonra düşünməlidir ki, ölkəyə necə xarici investisiya cəlb edə bilər? Monopoliyanın qarşısını necə ala bilər? Bunun da yolu iqtisadi və siyasi islahatlardan keçir. Açığı mən düşünmürəm ki, Azərbaycan rəsmiləri indi beynəlxalq idman yarışları haqqında düşünür. Sadəcə həm xaricə, həm də daxilə çatdırmaq istəyirlər ki, ölkədə böhran yoxdur»

XS
SM
MD
LG