-
Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında birinci dəfə rabitə və kommunikasiya sahəsində baş verənlərə münasibət bildirib.
Dövlət başçısı deyib ki, böyük potensialı olan bu sektorda tam şəffaflıq təmin edilməlidir. Onun sözlərinə görə, bu sahəyə investisiyalar qoyan, kreditlər verən, informasiya-kommunikasiya istiqamətində layihələr icra edən dövlət bu sektorun xeyrini də görməlidir:
«İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir. Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir. Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni, bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək».
«BU, CİNAYƏTDİR, VİCDANSIZLIQDIR»
İlham Əliyev həmin vəsaitlərin düzgün xərclənmədiyini də bildirib: «Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir. Bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır. Ona görə, əminəm ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması üçün yaxşı imkanlar yaradacaq».
Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan az sonra rabitə və yüksək informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifəsindən azad edildi. Ancaq o zaman onun işdən uzaqlaşdırılmasının səbəblərisərəncamda əksini tapmamışdı. Prezident də bu haqda susmuşdu.