Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:38

Dollarlaşma mikrobunu Mərkəzi Bank yayır?


Mərkəzi Bank
Mərkəzi Bank

-

Manatla yatırılan əmanətlərin sığortalanma həddi 12 faizdən yuxarı qaldırıla bilər. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov belə deyib.

Onun sözlərinə görə, bu addım milli pul vahidinə inamı artırmaq məqsədi güdür və ölkə başçısı İlham Əliyevin tapşırığından qaynaqlanır:

«Yəqin ki, yaxın zaman ərzində Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası bununla bağlı müvafiq qərar qəbul edəcək. Bu gün biz açıq deyə bilərik ki, banklarda valyutaya ehtiyac yoxdur. Valyutada olan əmanətlər üzrə faiz dərəcələri aşağı düşüb. Bizim atacağımız addımlar dedollarizasiyaya hesablanıb».

Hazırda manatla əmanətlərin sığortalanma həddi 12 faizdir.

«DOLLARLAŞMAYA MƏRKƏZİ BANK RƏVAC VERİB»

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, əslində, MB-nin özü dollarlaşmaya rəvac verib:

«Manatın devalvasiyasının ilk dalğasından (fevral, 2015-ci il) sonra banklardan manatla kredit götürmək xeyli çətinləşdi. Mərkəzi Bank da buna tam şərait yaratdı: açıq valyuta mövqeyi limitini ləğv etdi. Yəni, xarici valyutada əməliyyatların yuxarı həddini ləğv etməklə banklara milli valyutadan imtinaya - əməliyyatlarını dollarla aparmağa imkan yaratdı. Başqa sözlə, dollarlaşmaya rəvac verdi. Bununla da devalvasiyanın ikinci dalğası qaçılmaz oldu».

«MANATI QORUMAQ ONUN BAŞLICA VƏZİFƏSİDİR, BUNU DA ETMİRSƏ...»

Ekspertsözügedən limitin hələ də bərpa olunmadığını yada salır: «Üstəlik, Mərkəzi Bank dollar əmanətlərinin tam sığortalanmasını da təklif etdi və Milli Məclis bununla razılaşdı. Qısası, ölkədə bütün əmanət və kreditlərin dollarda olmasına heç bir məhdudiyyət yoxdur. Deməli, dollarlaşma prosesini dəstəkləyən və manatın mövqelərini sarsıdan əsas qüvvə elə Mərkəzi Bankdır. Halbuki manatı qorumaq onun başlıca vəzifəsidir və bunu da etmirsə, kimə lazımdır belə Mərkəzi Bank?!».

Əkrəm Həsənov faizlərin aşağı salınmasına dair prezident fərmanını Mərkəzi Bankın gözardı etdiyinə diqqət çəkir: «Prezidentin 22 dekabr 2014-cü il tarixli fərmanında Mərkəzi Banka tapşırılmışdı ki, «kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görsün». Mərkəzi Bankın uçot dərəcəsi 3 faizdir. Yəni prezident Mərkəzi Banka deyir ki, faiz dərəcələrinin aşağı salınmasını təmin et, banklar bunun tam əksini edir, Mərkəzi Bank da heç bir tədbir görmür. Kimə lazımdır belə Mərkəzi Bank?!».

XS
SM
MD
LG