Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:39

Mərkəzi Bank 500 milyon manat da “xərcə düşdü”


►Pullar Beynəlxalq banka ötürülür

Mərkəzi Bank (MB) “Aqrarkredit” QSC-nin buraxdığı daha yarımmilyard manatlıq istiqrazları satın alıb. Bakı Fond Birjasının açıqladığı birjadankənar gündəlik əməliyyatlara dair hesabatdan belə çıxır.

Dövlət başçısının ötən il iyulun 15-də imzaladığı ““Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərmanına əsasən, bankın problemli aktivləri likvid vəsait, yəni pul qarşılığında dövlətə məxsus “Aqrarkredit” QSC-nin idarəçiliynə verilməkdədir.

“Aqrarkredit” bu aktivləri almaq və idarə edilməsini maliyyələşdirmək üçün dövlət zəmanəti əsasında uzunmüddətli və aşağı faizli borc istiqrazları buraxıb. Söhbət 3 milyard manatdan gedir. Qiymətli kağızları MB alır.

Beləliklə, sentyabrdan bəri ABB-yə 3 mərhələdə 2 milyard manat həcmində pul ötürülüb. Bu, həm də o deməkdir ki, “Aqrarkredit” QSC də həmin bankın bir o qədər dəyərdə qiymətləndirilən problemli aktivlərini qəbul edib.

Buna da bax: Deputat: "Hökumət dollar kreditlərinə güzəşt üçün pul tapmalıdır"

AzadlıqRadiosu qəbul edilmiş problemli kreditlərin idarə olunması vəziyyəti ilə bağlı “Aqrarkredit” QSC-yə üz tutsa da, anlaşıqlı cavab ala bilməyib. Bu qeyri-bank kredit təşkilatında deyiblər ki, qəbul edilmiş aktivlərin idarə olunması məqsədilə ayrıca bir qurum yaradılıb. Ancaq həmin qurumla necə əlaqə saxlamaq barədə bilgi verilməyib.

Balansından çıxarılmış zərərli aktivlər haqqında ABB də məlumat vermir. Qanunvericiliyin tələbini pozan bank 2015-ci ilin ilk yarısından bəri rüblük maliyyə hesabatlarını da açıqlamır.

Maliyyə Nazirliyi ABB-də 85%-lik paya sahibdir. Bankın səhmlərinin və ya onların bir hissəsinin nə zaman satışa çıxarılacağına dair, hələlik, heç bir məlumat açıqlanmayıb.

XS
SM
MD
LG