Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:30

Axı nə günah etmişdi ki, hamının qarşısında üzr də istəsin


Rövşən Yerfi
Rövşən Yerfi

-

"Çox güman ki, Tükəzin kənddə sağollaşmadığı adam qalmamışdı."

Rövşən Yerfi

Qeyri-adi “köç”

(hekayə)

Şəmil iki-üç il idi evlənmişdi, təzə-təzə xoş həyat görürdü, kəndlərindəki sovxozun fəaliyyəti dayandırılıb ləğv edildi.

Ömrünün çətinlik dolu günləri də elə o vaxtdan – sovxoz dağılandan başladı. Daha sovxozun fəhləsi işləyə bilmədi.

Bir müddət işsiz qaldı. Həmin vaxt yaşı otuzu keçmişdi. Ən pisi də əlindən fəhləlikdən savayı bir iş gəlməməsi idi. Otuz yaşdan sonra hansı sənət dalınca getsin, qərarlaşdıra bilmirdi.

Evlənəndən sonra qonşuluqdakı boş qalmış evlərdən birinə köçmüşdü. Ev ona görə boş qalmışdı ki, yiyəsi qocalıb rəhmətə getmişdi, övladları da şəhərdə məskunlaşmışdılar.

Azərbaycan kəndi
Azərbaycan kəndi

Şəmil tənbəllik etdi torpaq alıb təzə ev tikməyə. Ev tikmək elə də asan iş deyildi. Əzab-əziyyətindən çox, ətək-ətək xərci vardı. O qədər xərci ona kim verəcəkdi, bir halda ki, gündəlik çörək pulunu güclə tapırdı.

Bu evdə çoxdandı kimsə yaşamırdı. Damının qalın ağacdan yan-yana düzülən pərdiləri, pərdilərin arasındakı ensiz taxta zabaqları, divarlarının suvağı baxımsızlıqdan, insan əli, nəfəsi dəymədiyindən öz-özünə uçub sökülürdü. O, burada yaşamaqla əslində evə yenidən həyat verirdi, abad edirdi, xarabaya dönməsinin qabağını alırdı.

Amma nə evi öz adına keçirdi, nə də rəhmətlik ev yiyəsinin övladını, nəvəsini axtarıb evin halallığını almağa çalışdı. Eləcə “torpaq əkənin, ev yaşayanındı” ağlı ilə evin uçuq-sökük yerini düzəldib yaşamağa başladı.

Bir müddət işsiz qalandan sonra Şəmil kənd məktəbində gözətçi işinə düzəldi. Bir neçə il işləmişdi, işi ixtisara düşdü.

Sonra da klubda, mağazada, orda-burda gözətçilik etdi. Əlindən başqa bir iş gəlmirdi, bəxtindən harada işləsəydi, bir qədər vaxtdan sonra orada işi ixtisara düşərdi.

Bunun bir səbəbi kəndin əhalisinin il-ildən azalması idi. İşi olmayan və kiçik təsərrüfatlarından qazanc görməyən adamlar yavaş-yavaş dağdan arana, şəhər ətrafına köçürdülər.

Kənddə evləri boş qalan məhəllələr yaranırdı. Məktəbdə şagirdlərin sayı, mağazada alıcıların sayı hər il azalırdı. Cavan qalmadığından klub tamam unudulmuşdu.

Şəhər ətrafında özünə ev almış ailələrin əksəriyyəti kənddəki evinə yaydan-yaya iki-üç aylıq gəlirdilər. Sovet dövründə hər gün “evlərində top atılan”, mərkəzi meydanı adamla dolu kənd, indi, xüsusilə qış aylarında sükunətə qapılırdı. Mərkəzi meydan isə ayaq dəymədiyindən toyuqların, qazların otladığı çəmənliyə çevrilmişdi.

Başqa bir səbəbi də, Şəmilin heç kimin xoşu gəlməyən gərəksiz təkəbbürü, özündənrazılığı idi. Qəti zarafatla arası yox idi. Söz soruşanda qayda-qanuna əsaslanan ötkəm cavablar verirdi.

Əlindən gözətçilikdən qeyri iş gəlməyən adamın bu sayaq, yəni özünü olduğundan artıq aparması yaxşı halda gülüşə səbəb olur, lağa qoyulması ilə nəticələnirdi. Ona görə də Şəmil küçədə, xeyirdə-şərdə yalnız ciddi adamlarla, ən çox da müəllimlər olan yerlərdə görsənərdi. Yenə sözlə ilişəcəklərindən ehtiyatlanıb həmyaşıdlarının yanında dayanmazdı.

Gözətçilikdən əlavə, Şəmilin məşğuliyyəti xırda şəxsi təsərrüfatı idi. Evlənib ayrılanda atası ona bir inək, iyirmi qoyun, beş qutu da arı pətəyi vermişdi.

Atası və anası rəhmətə gedəndən sonra böyüdüyü evin ixtiyarını kiçik qardaşına vermişdi. Şəmil ona verilənləri hər il artıra bilməsə də, azalmamasına da çalışırdı. Bundan ötrü məcbur olub mal naxırına da gedir, ot biçir, heyvanlarına yem tədarükü görürdü.

Əlavə olaraq, həyətindəki üç sotluq torpaqda dolanacağı üçün kartof, kələm, tərəvəz əkirdi. Məqsədi ailəsini, iki oğlu və iki qızını yavan qoymamaq idi. Ancaq nə qədər səy etsə də, kasıblıqdan yaxa qurtara bilmirdi. Güman edirdi ki, uşaqları böyüyüb kömək olanda, çətinliyi azalacaq.

Lakin gözlədiyi alınmadı, əksinə oldu. Uşaqları böyüdükcə tələbləri, xərcləri də artdı.

Heç birisinin özü sayaq dərs oxumağa həvəsi yox idi. Lazım idi ki, gələcəkdə onun kimi əzab çəkməmələri üçün hərəsini bir sənət almasına xərc çəksin. Bu haqda söhbət düşəndə arvadı Tükəzin sözləri tikanları ilə qulağında ilişib qalmışdı:

–Ay Şəmil, deyəsən bu uşaqlar da sənin sayaq aciz-avara olacaqlar...

Ailə qurduğu gündən Tükəzin atmacaları onu tez-tez hövsələdən çıxarırdı. Zalımın qızının elə bil dədə-babası kənddə yaşamamışdı, ömrünü çobançılıqda keçirməmişdi. Ağzını açıb danışan kimi şəhərdən söz salırdı:

İllüstrasiya
İllüstrasiya

–Bax, ay Şəmil, bu kənddən şəhərə köçənlərin nəyi məndən artıqdır? Qoy uşaqlar böyüsün, qocalığımda da olsa köçəcəyəm şəhərə. Belə acığın gəlsə də deyəcəyəm, sən əfəlsən, acizsən. Sənin taylarının çoxunun şəhərdə evi, işi, şəraiti var. Zamanında sən də şəhərə getsəydin, indi mən də o adamlar kimi qazın, işığın, isti suyun rahatlığında yaşayardım. Bu qədər dərd-sərimiz də olmazdı. Elə durdun dedin ki, mən gedib nə işləyəcəyəm, harda yaşayacağam? Gedənlər nə işləyir, necə yaşayır, biz də eləcə. Nə çoxdu bazar, mağaza. Biz də bir yer tapıb onun-bunun malını satmaqla, alverlə dolanacağımızı çıxardacaqdıq. Qulaq asmadın mənə...

Belə olanda Şəmil qəzəblənib əlinə keçəni Tükəzin başına çırpırdı:

–Köpək qızı, köpək, sənə yüz dəfə demişəm ki, mən getmirəm, haçan istəsən özün get, yol açıqdır...

Məsələnin pis cəhəti o idi ki, illər keçdikcə Tükəzin həmfikirləri, tərəfdarları artırdı. Uşaqlar da böyüdükcə analarına haqq qazandırırdılar. Belə çıxırdı ki, onların şəhərə köçməyini əngəlləyən yeganə səbəb vardısa, o da Şəmil idi.

Şəmil Tükəzi və uşaqlarını anlada bilmirdi ki, heç bir sənətimiz olmaya-olmaya şəhərdə hansı işi görəcəyik? Alver uzaqdan asan görünür, bilirsiz ki, alverin də nə qədər çətinlikləri, əziyyətləri var?

Yox, əgər adi fəhləlik, hamballıq edəcəyəmsə, bunu elə öz kəndimdə edim də, şəhərdə niyə edim? Burda rahat evimi atıb, gedib ömürboyu kirayələrdə yaşayım? Mən getmirəm, məndən əlinizi üzün.

Tükəz də Şəmilin tərsliyini görüb inadından əl çəkmiş, ümidini orta məktəbin yeddinci sinfində oxuyan oğluna bağlamışdı. Məktəbi qurtaran kimi oğlunu mütləq şəhərə göndərib ev alacaq, sonra da onun yanına köçəcəkdi.

***

Ötən yayın əvvəlində yaşadığı evin yiyəsinin nəvələrindən birinin kənddəki qohumlarına qonaq gəlməsindən sonra Şəmilin sakit axarı ilə gedən həyatı pozuldu. Bir axşam gün əyilən vaxtı Nihad adlanan, yaşca Şəmildən kiçik bu kəs son markadan olan “Mersedes”ini evin qabağında saxlayıb onunla görüşdü.

Şəmillə görüşərkən lovğa-lovğa bu evin yiyəsi olduğunu deməsi, ardınca isti günlərdə gəlib qalacağını qeyd etməsi Şəmili birdən-birə havalandırmışdı. Necə əsəbiləşmişdisə acıqlı danışmaqdan özünü saxlaya bilməmişdi:

–Alə, sən nə danışdığını bilirsən? Necə evim? Hardan oldu bu ev sənin?

–Ev babamın olub. Bir nəvə kimi ixtiyarım çatır ki, evimiz deyəm.

–Bəs bu vaxtacan hardaydın? On altı ildən artıqdır evi qoruyub saxlayıram. Uçulub tökülürdü damı-divarı, mən baxmasaydım çoxdan xarabalığa dönmüşdü...

–Baxmısan, xeyrini də görmüsən, yaşamısan...

–İndi yəqin ki, bir az pullaşmısan, kənd, baba evi düşüb yadına. Olmaya, evi əlimdən almaq istəyirsən? Yadında qalsın, bu ev mənimdir, nəvəsi olmursan, kim olursan ol, mən evimi heç kəsə vermərəm.

–Ay kişi, sən nə qədər kobud, yöndəmsiz adamsan! Mən istəyirdim səninlə razılaşım, otaqların birində hər yay gəlim on-on beş gün qalım. İndi ki, sən belə danışdın, evi səndən bütövlüklə alacağam, köçürəcəyəm səni evdən!

–Bacarmazsan...

–Baxarıq...

–Get, əlindən gələni beş qaba çək!

–Elə də edəcəyəm, – deyən “Mersedes”in sahibi hirsli-hirsli maşınına əyləşib sürüb getmişdi.

Çox keçmədi, xəbər gəldi ki, özünü varisi hesab edən həmin şəxs evin Şəmil tərəfindən zəbt olunmasına dair məhkəməyə şikayət edib, evin boşaldılmasını tələb edir.

İşin belə alındığını görən yaxınları Şəmili qınadılar:

–Bu yaşa gəlib çıxdınsa da köntöylüyündən əl çəkmədin. Görürsən ki, evinin qabağına gəlib, hörmətlə qarşıla. Hər nəçidir, yaşadığın evin yiyəsinin nəvəsidir, illərdir babasının mülkündə yaşayırsan, yalan demir ki... Demir yayda gəlib on gün qalmaq istəyirəm, deynə on gün azdı, bir ay qonağım ol. Deməyinə inanırsan? Boş sözdür də danışır. Üç gündən artıq nə özü, nə ailəsi tab gətirməyəcəklər. Yox, gəlib səninlə gecələr işıq sönəndə hisli ləmpənin işığında göydə ulduz sayacaqlar... Axır ki, ağlın olmadı. Hə, indi get yalvar məhkəməyə. Məhkəmə də haqqını alıb hökm verəcək ki, evi boşaldasan.

–Yox, ola bilməz, – etdiyi hərəkətə özü də peşman olan Şəmil dodaqaltı deyinirdi, – elə də haqsızlıqmı olar, çəkdiyim zəhmətlərin üstündən xətt çəkib ailəmi çöllərə atsınlar...

Məhkəmə günü Şəmilin yaxınları iddiaçıya ərizəsini geri götürməyi xahiş etdilər. O, bir şərt irəli sürdü: Şəmil gəlib hamının qarşısında üzr istəsə ərizəsini geri götürər.

Şəmil razılaşmadı: axı, o, nə günah etmişdi ki, hamının qarşısında üzr də istəsin. Əgər hakimdə bir qram vicdan varsa, onun ailəsinin vəziyyətini nəzərə almalı, çölə çıxarılmasına qərar verməməlidi...

Olmadı hakimdə Şəmilin ümid etdiyi o bir qram vicdan. Məhkəmə qərara aldı ki, Şəmilə vaxt verilsin və yaxın bir neçə ay ərzində evi boşaltsın.

Məhkəmə iclasından sonra Şəmil öz aləmində tam yəqin etdi ki, bu dünyada düzgünlüyə məhəl qoyan yoxdur, xüsusilə də şəhərdə, insanların gur yaşadığı yerdə. Kimin pulu çoxdu, o da güclüdü, haqlıdı.

Yaxınları Şəmilə təklif etdilər ki, qərardan şıkayət etsin, şikayətinə başqa məhkəmədə baxılsın. O, istəmədi, bilirdi ki, əhəmiyyəti olmayacaq. Bizneslə məşğul olan iddiaçı varis yenə pulunun hesabına məhkəməni udacaqdı, ona isə artıq əziyyət qalacaqdı.

Boş evlər
Boş evlər

Bu əziyyətdənsə boş məhəllədəki evlərdən birinə köçmək daha sərfəli idi.

Yenə növbəti qanqaraçılığa tuş gəlməmək üçün boş evlərdən bir neçəsinin şəhərdə yaşayan yiyələrinə soraq göndərdi ki, evi almaq istəyir. Ya da müvəqqəti yaşamağa icazə versinlər.

Amma nə etsin ki, onun xasiyyətini bildikləri üçün xahiş etdiklərindən heç kim ona evini vermək istəmədi.

Məhkəmənin qərarından və üstəlik, ev yiyələrindən boş evlərini Şəmilə vermək istəməmələrindən ən çox sevinən Tükəz və uşaqları olmuşdu. Çünki belə halda illərdir arzuladıqları şəhərə köçmək söhbətinə Şəmil üçün etiraz yeri qalmırdı.

Bu hadisələrdən sonra Şəmil sanki başını itirmişdi. Kənddə heç kimlə durub oturmur, küçəyə çıxmır, guşənişin kimi evdə oturub içinə qapılmşdı. Əlindən təkcə papirosu papirosa calamaq gəlirdi. Bilmirdi neynəsin.

O, ömürboyu yaşadığı kənddən heç cürə ayrılmaq istəmirdi. Məhkəmənin evi boşaltmaq üçün verdiyi vaxt bitəndən sonra haraya köçəcəyini də qərarlaşdırmamışdı.

Doğrudur, bu yaşınadək kənddə bir firavan gün görməmişdi. Yediyi-içdiyi, əyninə geydiyi əksərən nisyə hesabına başa gəlirdi. Adı kənd mağazasının nisyə dəftərindən əskik olmaz, daim borclu qalardı.

Şəhərdə yel əsib qoz tökülmüşdümü? Bilirdi ki, orada da xoş gün olmayacaqdı. Kasıb elə hər yerdə kasıbdır.

Onun ürəyini daraldan, az qala dəhşətləndirən isə öz doğma kəndində yaşamağa yer tapa bilməməsi idi. Atasının kiçik, dar üç otaqlı evində isə kiçik qardaşı beş uşağı ilə birtəhər ömrünü keçirirdi. İndi gedib onlara sığınıb yerlərini daha da daraltsınmı?

İş burasındaydı ki, müvəqqəti olsa belə, qardaşının evinə köçməsinə Tükəz və uşaqları dünyasında razılaşmazdılar. “Kənddən çıxmaq, yalnız şəhərə köçmək, vəssalam”, – evdə ondan başqa hamı belə qərara gəlmişdi.

Şəmil isə axır günlər həmişəkindən fərqli olaraq susur, etiraz etməyə söz tapmırdı. Artıq onu kəndə bağlayan nə bir işi, nə də evi vardı. Vaxtsa günü-gündən azalır, məhkəmənin təyin etdiyi müddət sona yaxınlaşırdı.

Əlacı qalmayan Şəmil məcbur olub şəhərdəki qohumlarından birinin cib telefonuna zəng vurub ona iş və kirayə ev tapmaqda kömək etməsini xahiş etdi. Qohumu kirayə ev axtaracağına söz versə də, iş məsələsinin bir qədər çətin tapılacağını söylədi:

–Bilirsən, sən həm yaşlısan, həm də əməlli bir sənət yiyəsi deyilsən. İndi ən çox cavanları və iş təcrübəsi olanları işə götürürlər. Görək də, bəlkə baxtına bir babat iş tapılır...

Şəmil bir neçə dəfə ümidlə şəhərə gəldi-qayıtdı. Kirayə ev, puluna minnət – şəraitindən asılı olaraq hər qiymətdən tapmaq mümkün idi. Amma onun bacaracağı və əmək haqqısı yaxşı olan iş tapmaq müşkül məsələ idi.

Bir gün ona qohumu zəng edib bildirdi ki, tez gəl sənin üçün bir iş tapmışam. Şəmil yubanmadan şəhərə gəlib qohumu ilə görüşdü.

Məlum oldu ki, tapılan iş bir yüksək vəzifəli məmurun bağ evində eşik ağası olmaq imiş. Demək, onlara ayrılan iki otaqda yaşamaqla vəzifələri evin və həyətin bütün işlərini görmək idi. Bağ evi şəhərdən aralı böyük qəsəbələrin birində yerləşirdi.

Bağın yiyəsi əksər sahibkarlar kimi sərt və tələbkar idi. Onun üçün başlıca şərt bağını etibar etdiyi adamın işgüzarlığı ilə yanaşı xain və yalançı olmamasıydı. Qohumu bilirdi ki, Şəmilin özündən çox ailəsi işgüzardı və bu ailədə yalançılıq, xainlik yoxdur. Ona görə də vəzifəli dostuna yaxşı qulluq üçün münasib ailəni tapdığını söyləmiş və onun razılığını almışdı.

Şəmilin razılaşmaqdan qeyri başqa çarəsi qalmamışdı. Nə olsun ki, gəlib bir vəzifəli ağanın bağ evinin hər işini görməklə yaşayacaqdılar, amma bütün kənd görəcəkdi ki, Şəmil ailəsi ilə şəhər ətrafına köçür. Çoxları həsədini çəkib paxıllıqdan yanacaqdı. Tükəzə və uşaqlarına elə bu gərək deyildimi?!

Tükəzin uçmağa qanadı çatmırdı, nəhayət bu “xaraba qamış” kənddən canları qurtaracaqdı. Axır ki, o da digər arvadlar kimi bəzənib-düzənib istədiyi vaxt dükana-bazara çıxacaqdı, gününü yollarda, tıxaclarda keçirəcəkdi...

Bağ yiyəsi Şəmillə görüşüb ona köçmək üçün iki həftə vaxt verdi: “Get, iki həftə ərzində vacib işlərini gör. Sonra da yığış gəl.”

İki həftə Şəmilə artıqlaması ilə bəs edirdi. Nəyi vardı axı, bir həftəyə inəyini, qoyununu, arılarını dəyər-dəyməzinə satdı, vəssalam. Şəhərə mebel, soyuducu daşımayacaqdı ha? (Heç fərli nəyisə də yox idi aparmağa.)

Onsuz da bağ evində hər şey vardı, özü də bahalısından. Əyinlərinə paltar götürəcəkdilər, bir də yorğan-döşəklərini. Hə, bir də uşaqlar şəhərdəki məktəbdə təhsillərini davam etdirmək üçün məktəbdən arayış alınmalı idi.

Şəmilgilin köçü balaca yük maşınına sığışardı ki, çox olmazdı. Onu da bir həftə əvvəldən sifariş etmişdilər.

Şəmilin köçməyə hazırlaşması xəbəri kənddə adi qarşılanmamışdı. Şəhər üçün əldən gedənlər həsəd aparmışdı, kimisi qınayırdı, kimisi də “neynəsin, evdən çıxardırlar, yazıq dolana bilmədi kənddə” deyib haqq qazandırırdı. Ona həmişə lağ edən yaşıdlarından biri isə belə demişdi: “Əgər Şəmil də kənddə qalmırsa, demək kəndin sonu çatıb.”

Tükəzin və uşaqlarının həyəcanla, səbirsizliklə gözlədikləri on dörd günün on üçü ötdü. Sonuncu gün qonşuları və yaxınları ilə bir-bir görüşüb sağollaşdılar.

Tükəz üç gün əvvəldən hər bir hazırlığı görmüşdü. Məktəbdən uşaqlar üçün arayış da alınmışdı. Təkcə aparacaqları əşyaların yola düşən gün səhər tezdən gələcək balaca yük maşınına yüklənməsi qalmışdı...

***

Arvadının və uşaqlarının əhvalları yüksək olsa da, Şəmilin əhvalı özündə deyildi. Ömürboyu yaşadığı kəndi həmişəlik atıb gedəcəyi ona heç cürə çatmırdı, elə bil bu pis yuxudan ayılmağa çalışırdı ayıla bilmirdi. Bəs nə etsin? Şəhərə getmək istəmirdi, kənddə qalıb işsiz, evsiz də yaşamaq olmurdu. Bir yandan da Tükəz...

Axşamtərəfi pencəyini əyninə geyinib, papirosunu götürüb boş qalmış küçələrdən birinə çıxdı. Çoxdandı kədərini kimsəyə göstərməmək üçün küçəyə çıxmırdı. Amma daha bir də bu küçələrə ayaq basmayacaqdı.

Bu gecə onun kənddə sakin kimi yaşayacağı son gecəsi olacaqdı. Odur ki, yatana qədər vaxtını küçədə keçirməyi, hər qarışı əziz olan bu küçədən doyumluğunu almağı üçün divarın dibi ilə yanaşı düzülmüş iri sal daşlardan birində oturdu.

İllüstrasiya
İllüstrasiya

Papirosunu yandırıb xəyallara daldı. Uşaqlığından bəri yaşadığı illəri xatırladı. Dünyasını dəyişmiş atası, anası, itirdiyi əzizləri yadına düşdü.

“Heyf o günlərdən,” – düşündü. Keçmişləri düşündükcə ürəyi sıxıldı, sinəsinə çökmüş ağırlıq ona sanki, hər şeyin bitməsindən, yaxşı heç nə olmayacağından xəbər verirdi.

Nə qədər papiros çəksə də, içindəki ağırlıqdan yayına bilmirdi.

Hava qaranlıqlaşana yaxın günlərlə susan cib telefonuna qəfildən zəng gəldi.

–Şəmil, salam, mənəm, – şəhərdəki qohumu idi zəng vuran.

–Salam, eşidirəm...

–Sən köçməyə hazırlaşmısan, eləmi?

–Bəli, sabah köçüb gəlirəm.

–Yox, hələ köçmə.

–Niyə?

–Bilirsən, o iş alınmadı. Kişini korrupsiyaya görə vəzifəsindən çıxarıblar, ola bilsin həbs etsinlər. Ona görə də həmin bağ evini də yaxın günlərdə satmalı olacaq.

–Bəs indi mən neyniyim? Mən həyətimdə nəyin var idi satmışam, inəyi, qoyunları...

–Ay kişinin oğlu, camaat canının hayındadı, sən də inəkdən, qoyundan danışırsan. Gözlə, bir müddət gözlə, görək nə olur...

Şəmil danışmaq, narazılığını bildirmək istəsə də, donub qalmışdı. Heysiz vəziyyətdə telefonu qapayıb cibinə atdı.

Sinəsini göynədən ağrı ilə fikirləşdi: indi Tükəzə, uşaqlara necə xəbər versin ki, köçmək alınmır, köçməyə yerləri yoxdur. Deməyəcəkdi... Bəs neyləməli? İstər kənddə, istərsə şəhərdə onun üçün nə iş var idi, nə də ev. Həyətindəkiləri satandan sonra aylardı kənd mağazasına olan borcunu təzəcə ödəmiş, adını “qara dəftər”dən sildirmişdi. Mağazaçı ona bir də nisyə mal verməyəcəyinə and içmişdi...

İlahi, o, nə qədər bədbəxt adam imiş!..

Lap desəydi, Tükəz onu anlayacaqdımı? Yenə başlayacaqdı ki, “dünyada səndən aciz, fərsiz adam yoxdur, adını kişi qoymusan, əlindən heç bir iş gəlmir, heç nəyə yaramırsan, öl də, nöş yaşayırsan?”

“Düz deyirdi Tükəz, o niyə yaşayır? Məgər bu yaşamaqdı?..”

Gecə düşənədək daşın üstündə oturub fikirləşməkdən Şəmilin başı şişmişdi. Tükəz uşaqları bir neçə dəfə arxasınca göndərsə də yerindən tərpənməmişdi.

–Ata, ana deyir səhər tez duracayıq, yola çıxacağıq, gəlsin yatsın, bəsdi küçədə oturdu.

–Gedin siz yatın, bir az da oturub gələcəyəm.

Gecə yarısından xeyli keçmiş yaşadığı sarsıntıdan halsızlaşmış Şəmil evə qayıtdı. Tükəz də, uşaqlar da yatmış, şirin yuxudaydılar. Ev boyu yorğan-döşəkdən savayı hər şey səliqə ilə bağlanıb qablaşdırılmışdı. Çox güman ki, Tükəzin kənddə sağollaşmadığı adam qalmamışdı.

“Yox.., aldığı xəbər haqqında Tükəzə nə olur-olsun, heç nə deməyəcəkdi,” – o, ürəyindəki qərarını təkrar təsdiqlədi...

***

Sifariş edilən balaca yük maşını deyilən vaxtda – səhər tezdən darvazanın ağzını kəsdirmişdi. Tükəz hamıdan əvvəl yuxudan ayılmış, sonra da yan-yörəsində yatan uşaqları oyanmağa səsləmişdi:

–Durun, ay uşaqlar durmaq vaxtıdır. Durun geyinin, əlüzünüzü yuyun, hazırlaşın.

O, təəccüblə otağa göz gəzdirdi:

–Boy.., bə Şəmil hanı? Mən bu gecə onu yatan görmədim, deyəsən heç gözünə yuxu getməyib. Görən neynir həyətdə?

Tükəz eyvandan həyətə göz gəzdirdi, Şəmil görünmürdü. Pilləkənlərdən enib darvazaya sarı getdi, küçəyə boylandı. Köçü aparmağa gəlmiş balaca yük maşınının sürücüsü kabinədə sakitcə oturub onları gözləyirdi. “Sübh tezdən Şəmil hara getmiş olar?” – təlaşlandı, dönüb diqqətlə yenə evə tərəf baxdı:

–Ay Şəmil, huy... Hardasan? Maşın gəlib küçədə bizi gözləyir...

Tükəz özündən asılı olmayaraq dəqiqələr keçdikcə həyəcanlanmağa, əsəbiləşməyə başladı. Otaqları, eyvanı bir də nəzərdən keçirdi, zirzəmiyə, həyətdəki damaltıya baxdı. “Bəs hardadır, bu? İynə deyil ki, itsin?” – söyləndi. Uşaqlara səsləndi:

–Ay uşaqlar, durun gedin gəzin axtarın, görün başıbatmış atanız hara çıxıb, hara yox olub? Maşın səhərdən gəlib bizi gözləyir..

–Ana, biz də axtaraq? –qızları da soruşdular.

–Hə, gedin siz də axtarın...

Tək qalan Tükəz yanını həyətdəki köhnə kötüyün üstünə qoyub nəfəsini dərdi, yenə xeyli düşündü. Birdən daxilində bir hiss ona bayaqdan bəri tövləyə baxmadığını xatırlatdı. “Yəni tövlədə olar? Boş tövlədə nə azarı qalmış olar?” – fikirləşdi.

Tükəz çox da böyük olmayan, kiçik tövlənin qapısını açmışdı gözləri alatoranlıq gətirdi, çox baxa bilmədi:

–Şə - mil!.. – Tükəz tükürpədici səslə qıyya çəkib gördüyü mənzərənin ağırlığından bayılıb tövlənin qapısı qarşısında yerə sərildi.

Qapının bir addımlığında tövlənin damına dayaq duran dəmir trubadan asılmış Şəmilin cəsədi havada hərəkətsiz sallanmışdı. Asılmaq üçün ayağının altına qoymuş olduğu arı pətəyinin boş qutusu isə zərblə itələndiyindən az aralıda diyirlənib qalmışdı.

O, məhkəmənin qərarına əməl edərək səhər açılana yaxın səssizcə onun olmayan evdən “köç” etmişdi... Və özünə şəhəri yox, könüllü əbədiyyəti seçmişdi...

XS
SM
MD
LG