-
Onlar ailədə dörd nəfərdir. Amma birgə gəzintiyə çıxmır, toya, qonaqlığa getmirlər. Heç evin içərisində də bir-biriləri ilə danışmır, birlikdə filmə, konsertə baxmır, bir stolun ətrafında əyləşib yemək yemirlər.
Ata-anaları on ildən çox olar ki, vəfat edib. Artıq özlərinin də gənclik yaşı keçib. İtirdikləri çox şey olub, ən əsası da sağlamlıq: dördü də xəstə, əlildir. Hər birinin ayrıca dərdi, dərman torbası...
Onları bircə ünvan birləşdirir: İmişli şəhərinin Muğan küçəsi, ev 17...
PAMBIQ ÜSTƏ KƏSİLƏN BAŞ
Məsləhət Məmmədovla söhbət edirik. Onu həyəcansız dinləmək mümkün deyil:
«Ailəmiz 9 nəfərdən ibarət olub. Ata, ana, 2 oğlan, 5 qız. Nazim 13 yaşında vəfat edib. Çox sağlam, qüvvətli uşaq idi. Onu oxuduğu 2 saylı məktəbdən rayonun Qaragüvəndikli kəndinə pambıq yığımına aparmışdılar. Sahədə kətmənlə boynunun ardından vurub öldürdülər. Bu iş ört-basdır edildi. O vaxt pambıq üstə kəsilən başa sorğu-sual yox idi. Nazimin ölümündən sonra ailədə tək oğlan uşağı olmasın deyə, valideynlərimiz yenidən uşaq dünyaya gətirmək barədə düşünüblər. Amma gözlədiklərinin əksi olub: qız doğulub, üstəlik anadangəlmə xəstə».
«MƏLƏKLƏRİN KƏSDİYİ» KƏBİNDƏN DOĞULAN XƏSTƏ QIZLAR...
Təkminə də daun xəstəsidir. Zərminə və Darayıda isə yetkinlik yaşa çatanda psixi qüsur əlamətləri üzə çıxıb. Qardaşı deyir ki, aparılan davamlı müalicələr heç bir fayda vermir, vəziyyətləri get-gedə ağırlaşır:
«Darayı orta məktəbdə çox yaxşı oxuyub. İnstituta sənəd vermək istəyirdi. Müəllimləri da atamdan xahiş etmişdi ki, razı olsun. Amma kişi geri baxışlı, ötkəm bir adam idi, qoymadı. Demək olmaz ki, elə buna görə qızın başı pozuldu. O biri bacım- Zərminə də yetkinlik yaşına çatanda ruhi xəstəlik tapdı. Həkimlər səbəbi daha çox qan qohumluğunda görürlər: atamla anam əmioğlu-əmiqızı olub. Eldə deyim var: «Əmioğlu ilə əmiqızının kəbinini göydə mələklər kəsib». Bu kəbindən doğulan iki bacım başqa aləmin adamına çevrildi...».
BİR EVDƏ ÜÇ SÜFRƏ AÇILIR
Təkminə sakitdir, danışmır, aqressiv hərəkət etmir. Görmə qabiliyyəti hədsiz zəif olduğundan başqalarının köməyi olmadan bayıra çıxa bilmir. Gündüzlər saatlarla pəncərə önündə dayanıb həyətə-işıqlı dünyaya baxır. Zərminə onunla bir otaqda qalır, evdə başqa adam olmayanda deyinə-deyinə onu «idarə edir».
Bacılar qardaşlarından iyrənir, onun bişirdiyi yeməyi yemir, dəmlədiyi çayı içmirlər. Beləcə bir evdə üç süfrə açılır. Xəstələrin ərdə olan iki bacısı var- biri qonşuluqda yaşayır, biri uzaq kənddə. Növbə ilə gəlib evi təmizləyir, bulaşıq qabları və paltarları yuyur, yemək bişirib gedirlər. Məsləhət deyir ki, bacılarının paltarları bəzən o qədər çirkli olur ki, onları nə yumaq, nə də aparıb zibil qutusuna atmaq olur, buna görə yandırırlar.
«DİSPANSERDƏ NƏZARƏTÇİ DÖŞƏMƏ TAXTASI İLƏ BAŞIMA VURUR»
Darayı isə başqa bir otağa çəkilib, qapını arxadan bağlayaraq heç kəslə ünsiyyət qurmur. O, pensiyasını özündə saxlayır, mağazadan ürəyi istəyəni alır. Qadın hətta ərdə də olub, uşaq dünyaya gətirib. İndi övladı ondan ayrı yaşayır. Məsləhət deyir ki, onu Sumqayıta, Şorsuluya, Maştağaya çox aparıblar, heç yerdə dərdinə əlac olmayıb:
«Uzun müddət bir yerdə qala bilmir. Özü istəyəndə aparıram dispanserə, hər ay gedib yoxlayıram. İki-üç ay qalır, yalvarır ki, məni qaytar evimizə. Gözünün yaşını axıdır ki, burada nəzarətçi döşəmə taxtası ilə başıma vurur. Qaytarıb gətirirəm evə, yenə çəkilir öz aləminə...».
«DÖVLƏT XƏSTƏ VƏTƏNDAŞLARINA SAHİB ÇIXSIN»
Məsləhət Məmmədov xəstə bacılarına baxdığına görə şəxsi həyatını qura bilmədiyini deyir: «Mənim də hərəkət və görmə qabiliyyətimdə problem var, 2-ci qrup əliləm. Əslində indi mənim özümə qulluq edən adam lazımdır. 1998-ci ildə həyat yoldaşımdan ayrılmışam. Amma bacılarım bu vəziyyətdə olduğundan evlənə bilmirəm. Bu evə kimi gətirmək olar? Ya belə vəziyyətdə onları qoyub başqa yerə necə gedim?!».
Məsləhət Məmmədov xəstə vətəndaşlarına dövlətin sahib çıxmağını istəyir: «Onlara daimi evdə baxan, qulluq göstərən adam lazımdır. Bu adam üçün pul ödənilməlidir».
Elə psixiatrlar da hesab edir ki, müalicə ilə yanaşı, xəstələrin sosial reabilitasiyası, ailədaxili münasibətlərinin bərpası çox önəmlidir. Amma ixtisaslaşmış tibb müəssisələrində xidmət dövlət hesabına həyata keçirilsə də, evə yazılanlara göstərilən qulluğa görə ödəniş nəzərdə tutulmayıb.
QƏYYUMLARA PUL ÖDƏNİLMİR
İmişli Rayon Məhkəməsinin qərarı ilə xəstə bacılar «fəaliyyət qabiliyyəti olmayan» hesab edilib. Mülki Məcəlləyə görə, qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə onların üzərində qəyyum (himayəçi) təyin edilməsi üçün yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verməli idi.
İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının sədri Rahim Zahidov 2014-cü ildə qəbul edilən bu qərarın hələ onlara göndərilmədiyini bildirir:
«Qəyyumluq fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçündür. Bəziləri elə düşünür ki, bu statusu alan kimi onlara aylıq əməkhaqqı, yaxud müavinət ödəniləcək. Əslində qanunla nəzərdə tutulan hallardan başqa, bu vəzifə əvəzsiz icra edilir».
RUHİ XƏSTƏLƏRƏ SOSİAL XİDMƏT GÖSTƏRİLMİR
İmişli Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial xidmət sektorundan bildirildi ki, onlar yalnız hər iki valideynini itirən əlil uşaqlara məhkəmə qərarı əsasında himayəçi təyin edilən şəxslərə müavinət ödəyirlər:
«Evdə (səyyar) sosial xidmət isə əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və köməyə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər üçün göstərilir. İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə belə xidmət göstərilmir».
İMİŞLİ RAYONUNDA 10 MİNDƏN ÇOX ƏLİL VAR...
Sektor əməkdaşı bildirir ki, Məmmədova bacılarına olsa-olsa ildə bir dəfə- Beynəlxalq Əlillər Günü yardım edə bilərlər: «İmişli rayonu üzrə bütün kateqoriyadan olan əlillərin sayı 10 min nəfəri ötür. Əlillər günü onların bir qisminə- daha çox ehtiyacı olanlara yardım göstərilir. Sonuncu dəfə hər birinə 20 manat olmaqla 158 əlilə yardım olunub».