Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:54

Əli Həsənov: «Bölgələrdəki aksiyaları müxalifət təşkil etmişdi»


Əli Həsənov
Əli Həsənov

-

«Bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub. Politoloji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin «cəmiyyətin nəbzini yoxlaması» kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya xalq hakimiyyətin siyasətindən narazıdır və buna görə də öz etirazını bildirir».

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov devalvasiyadan sonra bölgələrdə etiraz aksiyalarının keçirilməsini AZƏRTAC, «Trend» və APA agentliklərinə müsahibəsində belə şərh edib.

QÜSURLU YANAŞMA

Əli Həsənov deyib ki, aksiyanın əsas iştirakçıları da müxalifətçilər olub:

«Əslində həmin «aksiya»larda azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu «aksiya»lara devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın narazılığı, etirazı kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır. Çünki devalvasiyanın mənfi təzahürlərinin aradan qaldırılması üçün hökumətin dərhal həyata keçirdiyi genişmiqyaslı qabaqlayıcı tədbirlər geniş narahatlığa səbəb ola biləcək bütün ssenariləri istisna etdi».

TƏBLİĞAT ÖZ TƏSİRİNİ GÖSTƏRDİ

Əli Həsənov devalvasiyadan sonra Azərbaycandakı ajiotajın səbəbləri haqqında isə bunları deyib:

«İnsanlar ilk günlərdə neftin qiymətinin düşməsini və devalvasiyanı hansısa neqativ prosesin başlanğıcı kimi qəbul etdi və daha çox psixoloji amillərin təsiri altına düşdülər. Belə hallarda, bir qayda olaraq, kütlə psixologiyası üzə çıxır. Cəmiyyət başqa ölkələrdə baş verən ağrılı siyasi, iqtisadi və sosial proseslərin Azərbaycanda təkrar olunmasını istəmir. Üstəlik, daxildən və xaricdən bəzi qüvvələr bədbin ssenarilər cızmağa və bunu ictimai rəyə təlqin etməyə çalışdılar. Lakin bir tərəfdən hakimiyyətin çevik reaksiyası, digər tərəfdən də sağlam medianın fəallığı, aparılan təbliğat işi öz təsirini göstərdi. Hazırda cəmiyyətdə heç bir gərginlik və pessimist əhval-ruhiyyə müşahidə olunmur».

SOSİAL ŞƏBƏKƏLƏRLƏ BAĞLI ADDIMLAR GÖZLƏNİLİR

Prezidentin köməkçisi bu cür vəziyyətlərdə medianın və sosial şəbəkələrin rolundan da danışıb:

«Münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş, hər hansı lokal bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı, xüsusilə, internet mediada müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır. Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edir. Təəssüf ki, bir çox hallarda internet media sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı, bəzi internet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar. Uzağa getmək lazım deyil, elə devalvasiyadan sonra bəzi saytlar Azərbaycanda «xalq etirazı»nın başlandığını, xarici «ekspert»lərə istinadən Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyini iddia etdilər. Bir sıra hallarda isə dolların kursunun astronomik səviyyəyə qalxacağı, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı və s. bu kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın».

«ÜZƏN MƏZƏNNƏ»YƏ KEÇİD ZƏRURƏT İDİ

Əli Həsənov müsahibəsində onu da deyib ki, manatın devalvasiyası və «üzən məzənnə»yə keçidi zərurət idi:

«Neftin qiymətinin 4 dəfə düşdüyü bir vəziyyətdə ölkəyə maliyyə axını kəskin azaldı və artıq manatın kursunu ehtiyatlar hesabına sabit saxlamaq lazım gəlirdi. Bu vəziyyət nə qədər davam edə bilərdi? Azərbaycan hökuməti maliyyə ehtiyatlarının tam bitməsinə yol verə bilərdimi? Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşı olan region ölkələrində az qala bir il bundan əvvəl milli valyutanın devalvasiyası və «üzən məzənnə»yə keçid baş vermişdi. Bu da Azərbaycanın xarici ticarət əlaqələrində disbalansın yaranmasına, ölkə iqtisadiyyatına investisiya axınına çox mənfi təsir göstərirdi. Üstəlik, Azərbaycan manatı dollar və avroya nisbətdə həddən artıq möhkəmlənmişdi ki, bu da müsbət hal deyildi. Hətta avronun dollara nisbətdə məzənnəsini itirdiyi bir durumda milli manatın kursunu stabil saxlamaq mümkün deyildi. Buna görə də devalvasiya və manatın «üzən məzənnə»yə keçidi barədə qərar qəbul olundu. İndiki kurs isə ədalətlidir və bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür».

Ötən il manatın iki dəfə devalvasiyasından və neftin qiymətinin düşməsindən sonra Azərbaycanda qiymətlər xeyli qalxıb. Ölkədə bəzi şirkət və müəssisələr ixtisarlara başlayıb, bəzi xarici şirkətlərsə Azərbaycanı tərk edir. Bütün bunların fonunda yanvarın 12-dən başlayaraq bir neçə bölgədə etiraz aksiyaları keçirilib.

DİN və Baş Prokurorluğun bəyanatında 55 nəfərin saxlanıldığı bildirilir, aksiyaları Xalq Cəbhəsi və Müsavat partiyalarının təşkil etdiyi vurğulanırdı. Bu partiyalar isə həmin aksiyaların təşkilində hər hansı rol oynamadıqlarını bəyan edir, hakimiyyəti xalqın konstitusion hüquqlarına hörmətlə yanaşmağa çağırırdı.

XS
SM
MD
LG