Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:39

Borcverənlə borclu əlbir olsa...


 Azad Cavadov
Azad Cavadov

-

Bankların ard-arda qapadılması əmanətlərin sığortalanma məsələsini yenidən gündəmə gətirib. Ekspertlərin ortaq qənaəti budur ki, Mərkəzi Bankın bankbağlama siyasəti tam sığortalanma haqqında qanun qəbul edilənədək sürəcək.

Bu baxımdan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun yanvarın 28-də mətbuat konfransında dilə gətirdiyi fikirlər mübahisələrə yol açıb.

«BANK OF AZERBAIJAN» DÜZGÜN HESABLAMAYIB?

İcraçı direktor öncə bildirib ki, «Bank of Azerbaijan» sığortalanmış əmanətləri düzgün hesablamayıb. Bank fonda 36 milyon manat həcmində qorunan əmanətinin olduğunu bəyan edib. Amma məlumatlar fondda xüsusi modul əsasında hesablanandan sonra məlum olub ki, qorunan əmanətlərin məbləği cəmi 24 milyon manatdır.

İcraçı direktor onu da bildirib ki, kompensasiya ödəyərkən əlavə vəsaitə ehtiyac doğarsa, hökumət çatışmayan vəsaiti kreditləşdirəcək.A.Cavadov qiymətli kağızlar buraxmaqla vəsait cəlb edə biləcəklərini də söyləyib.

İndiyədək yalnız bir fikir - sığortalanmış əmanətlərə dövlətin zəmanət verməsi fikri vurğulanırdı.

«BU SUALA CAVAB VERSİNLƏR: KREDİT VERMƏSƏLƏR, NƏ OLACAQ?»

Bank məsələləri eksperti Əkrəm Həsənov icraçı direktorun çıxışındakı «müsbət məqam»a diqqət çəkir: «Fond ilk dəfədir etiraf etdi ki, dövlət nə əmanətləri sığortalayır, nə də təminat verir. Təminatı fond verir və fondun pulu yetməzsə, kredit cəlb etmək barədə qərar verəcək. Amma fondun rəhbəri demir ki, bu halda heç kəs ona kredit verməyə də bilər. Bəs onda nə olacaq? Bu suala cavab versinlər. Verə bilmirlərsə, mən deyim: bu halda əmanətlər, sadəcə, batacaq».

Əkrəm Həsənov
Əkrəm Həsənov

«ONLARIN PULU QAYTARILACAQMI?»

Fond rəhbərinin «Bank of Azerbaijan»ın yanlış hesablamasına dair fikrinə də münasibət bildirən ekspert belə deyir: «Bu, ümumiyyətlə gülməlidir. Bəs, Mərkəzi Bank hara baxıb? Axı banklara gündəlik nəzarət edir! Onda belə çıxır ki, vətəndaş banka əmanət qoyarkən, bank onu aldada və sonradan fond da ödənişdən imtina edə bilər? Belədirsə, əmanətlərin sığortalanması mexanizminə necə etibar etmək olar?!».

Ekspertin fikrincə, ləğv edilmiş banklarda sığortalanmış əmanət miqdarı çox azdır və fond bu əmanətləri vətəndaşlara ödəyə biləcək, amma xeyli başqa suallar doğur: «Sığortalanmayan əmanətlərin sahibləri nə etsin? Ləğv edilmiş banklarda dövriyyə vəsaitlərini saxlayan hüquqi şəxslər nə etsin? Ümumiyyətlə, ləğv edilmiş bankların digər kreditorları nə etsin? Onların pulu qaytarılacaqmı?».

«BİR ALLAH BİLİR, BİR DƏ MƏRKƏZİ BANK»

Əkrəm Həsənov deyir ki, qanun baxımından onların pulu ləğv edilmiş bankların satılan əmlakı, o cümlədən banka olan borcların hesabına qaytarılmalıdır: «Təbii, əmlak qalsa! Onu da nəzərə alaq ki, satılan əmlak ilk növbədə ləğvedicinin xərclərinə sərf edilir. Ləğvedici kimdir? Mərkəzi Bank və onun təyin etdiyi şəxslər. Həmin şəxslər necə təyin olunur, xərcləri nə qədərdir? Bir Allah bilir, bir də Mərkəzi Bank. Ləğvetmə prosesi də illərlə çəkə bilər. Ləğv edilən bankların əmlakının satılması və əldə edilən vəsaitin hara yönəldilməsi prosesi də çox qeyri-şəffafdır. Daha öncə ləğv edilən bankların təcrübəsi göstərir ki, digər kreditorlara nəticədə, əslində, heç nə qalmır. Bir sözlə, sığortalanmış əmanətlər istisna olmaqla, ləğv edilən bankların digər kreditorlarının pullarının qaytarılacağı ehtimalı çox azdır».

ÇIXIŞ YOLU ODUR Kİ...

Ekspert çıxış yolunu ləğv edilmiş bankların kreditor və borclularının əlbirliyində görür: «Tutaq ki, kiminsə bankda 100 min dollar əmanəti, digərinin də həmin banka 150 min dollar borcu var. Əmanətçi ilə borclu şəxs arasında pul tələbinin güzəştinə dair (faktorinq) müqavilə bağlanır. Həmin müqaviləyə əsasən, əmanətçi banka olan 100 min dollar tələbini borcluya 80 min dollara satır. Nəticədə əmanət üzrə 100 min dollar məbləğində tələb borcluya keçir. Borclu banka bu barədə bildiriş verir və borcunun əvəzləşdirilməsini tələb edir. Beləcə, banka borcu artıq 150 min deyil, 50 min qalacaq. Bir sözlə, borclu borcunu 20 min azaltmış olur, əmanətçi də, heç olmasa, əmanətinin bir hissəsini qaytara bilir».

XS
SM
MD
LG