-
«Nə qədər ki, gec deyil, çəkil bu yoldan, balaların var. Mənim üzümə durmusan, heç olmasa, bundan sonra başqalarını bədbəxt eləmə. İki metr boyun var, boyundan utan...».
Bunu AXCP sədrinin müşaviri Məmməd İbrahim yanvarın 29-da keçirilən məhkəmədə onun işi üzrə zərərçəkmiş qismində ifadə verən Məhəmməd Qurbanova dedi.
«MƏNƏ DEDİLƏR, GET POLİSƏ ŞİKAYƏT ELƏ»
Qurbanov ifadəsində bildirdi ki, idmandan qayıdarkən yolda adamların mübahisə etdiklərini görüb, yaxınlaşıb aralamaq istəyəndə Məmməd İbrahim onu söyüb. Hadisədən üç gün sonra da polisə müraciət edib: «Mən söyüşə görə gedib şikayət eləməmişəm. Mənə dedilər ki, «get polisə şikayət elə...»».
Məmməd İbrahim onun yalan danışdığını bildirdi: «Allaha and olsun, mən bu adamı ilk dəfə istintaqda üzümə duranda görmüşəm».
Zərərçəkmiş məhkəmədə dindirmə zamanı heç vaxt barəsində cinayət işi olmadığını bildirsə də, Məmməd İbrahimin vəkili Yalçın İmanov bunun əksini isbatlayan sənədi məhkəməyə təqdim etdi. Məlum oldu ki, Məhəmməd Qurbanov barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanıb, sonradan qarşı tərəflə barışıq əsasi ilə işə xitam verilib. Vəkil məhkəməyə yalan ifadə verdiyinə görə zərərçəkmiş barəsində tədbir görülməsini istədi. Amma məhkəmə nə sənədi qəbul etdi, nə də tədbir görulməsi barədə vəsatəti təmin etdi.
ŞÜBHƏLƏR ARTIR
«Məmməd İbrahim istintaqdakı üzləşmədə də bildirmişdi ki, bu adam hadisə yerində olmayıb. Bizdə əsaslı şübhələr var ki, o, polisin qeyri-rəsmi əməkdaşıdır. Barəsindəki cinayət işinə müəmmalı şəkildə xitam verilməsi də bu şübhələri artırır», -deyə Yalçın İmanov bildirdi.
Vəkil həmçinin bu işin istintaqını aparmış müstəntiq Mübariz Süleymanovun məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırdı. Vəsatət baxılmamış saxlanıldı. Hakim Turqay Hüseynov bildirdi ki, əsas şahidlərin dindirilməsi başa çatandan sonra bu məsələyə baxılacaq.
Məhkəmə prosesi fevralın 1-də davam edəcək.
Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.
Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.