Nazirlər Kabineti ölkə ərazisində coğrafi koordinatları müəyyənləşdirilmiş və torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsinə və həmin sahələrdə inşaat işlərinin yasaqlanmasına qərar verib.
Sənəddə deyilir ki, torpaq sürüşməsi təhlükəsi olan sahələrdə hər cür tikinti qadağandır və yalnız sürüşmənin önünü kəsən tədbirlər görülə bilər. Bu qadağa, torpaq sahəsinin mülkiyyət növündən asılı olmayaraq, hər kəsə şamil edilir.
55 fəal sürüşmə ərazisi müəyyənləşdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri vaxtaşırı araşdırmalarla ölkə ərazisində 55 fəal sürüşmə ərazisi müəyyənləşdiriblər. Belə yerlər, əsasən, Böyük və Kiçik Qafqaz Dağları ərazisində yerləşən yaşayış məskənlərini əhatə edir.
Müşahidələrə görə, təkcə Bakı şəhəri və Abşeron rayonu ərazisində 11 sürüşmə zonası var. Dekabrda aparılan müşahidələr Zığ, Qaraçuxur və Masazır sürüşmə sahələrində aktivləşməni üzə çıxarıb.
Avtovağzal tikilərkən, xarici geoloji təsirlər nəzərə alınmayıb
Son vaxtların ən ciddi sürüşmə olayı Bakı-Sumqayıt anayolunun 1-ci kilometrində tikilmiş Beynəlxalq Avtovağzalın önündə qeydə alınıb. Bu magistral yamaca yaxın ərazidən keçir.
Mütəxəssislərin fikrincə, avtovağzal binası tikilərkən, ekzogen, yəni xarici geoloji təsirlər yetərincə öyrənilməyib və torpaq qatının yükgötürmə qabiliyyəti nəzərə alınmayıb. İndi burada nəqliyatın hərəkəti məhdudlaşdırılıb və bərkitmə işləri aparılır.
Nəzarət iki nazirliyə tapşırılıb
Təkcə Bakı şəhəri və Abşeroda 11 sürüşmə zonası var...
Aktiv sürüşmə sahələrindən biri də Muğanlı-İsmayıllı avtomobil yoludur. Avtonəqliyyat vasitələrinin hərəkəti və yağıntılar nəticəsində bu yolda çat və sürüşmə halları dekabr ayında da qeydə alınıb.
Sürüşmə sahələrində tikinti işlərinə yol verilməməsinə nəzarət Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə tapşırılıb.