Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:43

Orqan köçürülməsindən sonrakı dərman dərdi


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Gedirəm xəstəxanaya, deyirlər, «ya bir adam tap, tanışlıqla o dərmanları alıb versin sənə, ya da get baş həkimə yalvar-yapış elə, bəlkə dərmanları verdi sənə…»».

DONOR ÖZ OĞLU OLUR

Gəncə şəhərində məskunlaşan Kəlbəcər köçkünü İntiqam Səlimov AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, anası, 58 yaşlı Zöhrə Səlimova 7 ildir ki, ciyər sirrozundan əziyyət çəkirmiş. Uzun müddət ananı Gürcüstan, Türkiyə, İranda müayinələrdən keçiriblər:

«Anamın müalicəsi yolunda qardaşımın evini, əşyalarımızı – nəyimiz vardısa, hər şeyi satdıq. Müalicələr təsirsiz qaldı. Həkimlərin son sözü bu oldu ki, anama qaraciyər köçürülməlidir. Anamız gözümüzün önündə əzab çəkir, ölüm ona günbəgün yaxınlaşırdı. Bir gün xəbər tutduq ki, səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə qəbul keçirəcək».

Zöhrə Səlimova özü nazirin qəbuluna düşə bilir. Nazir də onu dinləyib göstərişlərini verir. 2014-cü ilin iyulunda xəstə qadına Türkiyənin Ankara şəhərindəki xəstəxanalardan birində ciyər köçürülür. Donor da elə bizə ailənin yaşantılarını nəql edən oğlu İntiqam olur. Ancaq əməliyyatdan sonra da ailənin bir başqa problemi çıxır – pulsuz verilməli olan dərmanlarla bağlı…

«DEYİRLƏR, DƏRMAN YOXDUR»

– Əməliyyatdan qayıdandan bu günə qədər anam, bircə dəfə də olsun, o dərmanları ala bilməyib.

– Hansı dərmanlardır?

– «Certican 075 mg», «Cellcep 500», «Ursofalc 250»… Bunlar bahalı dərmanlardır. Təkcə «Certican 075 mg» 415 manatdır. Ayda bir dəfə Türkiyədən gətizdiririk. «Cellcep»i 90 manata alırıq. Hələ başqa dərmanları demirəm, hansı ki, nisbətən ucuzdur və onları da özümüz alırıq. Anam bu dərmanları ömürlük istifadə etməlidir və pulsuz verilməlidir. Gedirəm xəstəxanaya, mənə deyirlər, «dərman yoxdur». Ancaq gözümün qarşısında bu dərmanı başqalarına pulsuz verirlər. Soruşuram, «bəs bizə niyə vermirsiniz», deyirlər, «ya gərək kimsə tapşırsın, ya da get, baş həkimə yalvar-yaxar, bəlkəyolla ala bildin».

İntiqam Səlimovun sözlərinə görə, anası da, o da ayda bir dəfə müayinələrdən keçməlidirlər. Ancaq buna da imkanları yoxdur. Hər dəfə dərman almaq vaxtı çatanda banklara üz tuturlar, kredit götürürlər. İndi 8 banka xeyli kredit borcları yığılıb ki, qaytarmaq imkanları yoxdur:

«Mən özümü unutmuşam. Sonuncu dəfə anam 7, mən 5 ay əvvəl müayinə olunmuşam. Həkim deyib, ciyərində sürətlə bərkimə gedir. Uzun-uzadı bir dərman siyahısı verib, atmışam kənara. Daha müayinəyə də getmirik. Xəstəxanaya girirsən, həkimə salam verirsən, deyir, «pul ver»».

«MÜTLƏQ DƏRMAN VERİLƏCƏK»

Zöhrə Səlimova birinci, İntiqam Səlimovsa ikinci qrup əlildir. Gəncədəki dəmiryol yataqxanasında yaşayırlar. İntiqam əməliyyatdan əvvəl fəhləliklə məşğul olurmuş. Əməliyyatdan sonra həkimlər ona ağır əmək fəaliyyəti ilə məşğul olmağı qadağan ediblər. Deyir, hökumətdən istədikləri onlara qanunla pulsuz verilməli olan dərmanlardır ki, buna görə döymədikləri qapı, ağız açmadıqları məmur qalmayıb.

Gəncə Şəhər Mərkəzi Xəstəxanasından «Qaynar xətt»ə bildiriblər ki, İntiqam Səlimovun anasına verilməli olan pulsuz dərmanla bağlı şikayətini araşdıracaq: «Əgər xəstənin adı pulsuz dərmanla təmin olunanların siyahısında varsa, ona mütləq dərman veriləcək».

Səhiyyə Nazirliyindən isə hələlik məsələ münasibət bildirilməyib.

XS
SM
MD
LG