-
öyünmə dövran...
dövran, məni sevmədin
yaxşı kı, heç sevmədin...
nəyimiz oxşardı ki?
min illərdi ki, dinlər,
min illərdi müdriklər
hiylədən qaç deyirlər,
yalandan qaç deyirlər,
nəfsdən qaç deyirlər...
hiylədi, yalandı, nəfsdi
istədiklərin,
məsum qanlar içində
rəqs eləyir əllərin...
öyünmə dövran!
ala bilməzsən
bütün insanları,
bütün ucalıqları...
boyuna boy verə bilmədiyin
insanların önündə,
tarixin bu yönündə,
yazıq gündəsən indi...
məni sevmədin dövran,
nə yaxşı kı, sevmədin!...
tənha çiçək
titrəyən kölgələrin titrəyən qaranlığında,
bir çay qırağında tənha bir çiçək
hönkürür qəm içində...
dəymə qəlbimə, dəymə, çiçək...
gözəlliyin, kədərin
məni dəli edəcək...
taleyimiz nə qədər
oxşardı bir-birinə...
qaynayıb qarışaydım
sənin ləçəklərinə...
əksin sulara düşdü...
axan su vuruldu sənə
belə titrəmə, bir bax...
su axıb gedir, qəlbi
sənin məhəbbətindən
göynəyə-göynəyə...
axan su, bir az dayan
bəs dalınca ağlayan
çiçəyə sözün yoxmu?
o çiçəyə oxşayan
gerçəyə sözün yoxmu?
dəymə qəlbimə, dəymə, çiçək
gözəlliyin, kədərin
məni dəli edəcək...
mən sənin özünlə sevirəm səni...
təkcə ürəklə sevmək nədi ki...
qəlbimin kökləndiyi
yerlə, göylə sevirəm səni...
min illərin səsi gəlir hər yandan...
min illərin
ruhuyla sevirəm səni...
ayağımı basdığım
hər qarış torpağın
duaları ilə sevirəm səni...
bilirsən anamı
nə qədər sevdiyimi...
anamın baxışları ilə sevirəm səni...
ulduzların, kəhkaşanların,
qaynayıb daşan aləmlərin
sirri ilə sevirəm səni...
...çiçəkli ağacların üstündə
ilahi nəğmə oxuyan
ay işığıyla sevirəm səni.
ürəyimin parçasısan,
səndən axıb gəlir üzümün nuru,
mən sənin özünlə sevirəm səni...
sevgilər
məni uzaq elə, Tanrım!
üstündə nurun olmayan sevgilərdən.
yer üzü indi
iblis sevgilərin əlindədi...
...min illərin o üzündə,
tamahdan doğulan, hiylədən doğulan
kölgə sevgilər, qurd sevgilər...
balalayır günbəgün, çoxalır günbəgün...
duman kimi bürüyür hər yanı...
məni uzaq elə, Tanrım!
üstündə nurun olmayan sevgilərdən...
qəlb işıqlarını bir at kimi
çullayıb mindikcə dünya malı,
artır insanların bir- birinə
kin-küdurəti, qəzəbi, yalanı, nifrəti...
qan axır
dövrün yaralarından...
...nurun azaldıqca Tanrım
gözəllərin, igidlərin təbəssümündən...
fitnə-fəsad boylanır
onların əməlindən....
qəlb işıqlarının can verən vədəsidi, Tanrım!
yer və göy adamları
Yerlə Göy
birlikdə yaradır insanları....
kimində Yerin payı çox olur,
kimində Göyün –
kimi yer adamı olur,
kimi göy adamı.
göy adamları göy üzündən
görürlər yer adamlarının
nə qədər balaca olduqlarını...
nəfsin əlində qaldıqlarını...
göy adamları yer üzünü
göylərə səslədiyindən...
yer adamları belələrini
asırlar dillərindən...
ümid
mənə bircə
özümdən göyərmək qaldı, anam!
özümdən –
bir qucaq torpaq
kiçik pöhrəni göyərtdiyi kimi
göyərmək qaldı...
ala buludların, doğma günəşin,
doğma küləklərin, doğma suların
sevgisiylə
bir qucaq torpaqda kiçik pöhrənin
göyərdiyi kimi
göyərmək qaldı mənə...
bu soyuq havada, sazaq havada,
tüstüsü göz deşən yazıq havada
mənə
gözəl günlərin ümidiylə
özümdən göyərmək qaldı.
Məryəm
La Ilahə İlləlah!
La Ilahə İlləlah!
Dünyada Məryəm adlı
Bir sirrin var ey Allah!
Məkanlar içində məkanlar çoxdu
Sayı nə qədərdi? xəbərim yoxdu
Qaynayıb qarışan bu məkanların
Biri od içində, biri soyuqdu.
Günahsız bir qızın qəlbi çiçəkdi-
-Şaftali çiçəyi, ləçək ləçəkdi...
Dualar içində, nur içindəydi
Nurdan doğulanlar nurdu, gerçəkdi...
Kainat insanın duyduğu deyil,
Sayılan, insanın saydığı deyil
Allahın, dərgahın sirri çox böyük
Təkcə kitabların yaydığı deyil.
La Ilahə İlləlah!
La Ilahə İlləlah!
Dünyada Məryəm adlı
Bir sirrin var ey Allah!
Peyğəmbər anası olan, müqəddəs!
Səndən nəsə deyir hər sehrli səs
Allaha o qədər qovuşdun ki, sən
Bu eşqdən doğuldu ilahi nəfəs.
Özün ilahilik zirvəzindəsən,
Doğuldun nə qədər könüllərdə sən.
Hər vaxt nur payladın nura çağırdın
Haqqın övladısan, sən haqq iləsən.
La Ilahə İlləlah!
La Ilahə İlləlah!
balaca balıq
oxşar mövzuda yazmış
Səməd Behrəngiyə rəhmət
dənizlərin birində, suların dərinində
boy atan balaca balıq
sənin, göy üzü dediyin
hələ suyun bir qatıydı....
böyüdükcə-böyüdükcə
dənizin dibindəki
bu çiçəkli, qayalı, kollu
balıqlı, ilbizli, ilanlı...
qeylü-qallı aləmlərdən gözəl
bir aləm doğuldu qəlbində...
o aləm göylərə səslədi səni...
qəlbindəki aləmin
tellərini titrətdi...
bax bu da növbəti qat,
bax bu da o biri qat, sonuncu qat...
ah! göy üzü deyilmiş!
bu ki,
yaşadığın dənizmiş!...
dənizə tökülən bir çayda
bir az yuxarı qalxıb
dənizə baxan balıq...
kaş insanlar sənin kimi
baxa biləydi
başına oyun açdığı
öz yurduna, ölkəsinə,
boğub məhv etdikləri
yer kürəsinə...
nanə kolları
mən sənə məktub əvəzi....
nanə kolları gödərmişdim....
eşitdim
urəyin nanə yarpağı kimi əsə-əsə
oxumusan "məktublarımı"....
tutmusan eyhamımı...
dibçəkdə əzizləyib o kolları,
bəzəmisən eyvanını…
eşitdim
nanələrin ətriylə danışırsan hər gün,
meh əsəndə
gülümsəyə-gülümsəyə baxırsan
körpə uşaqlar kimi atılıb düşən
nanə yarpaqlarına…
bir yarpaq düşsə qəfil
diksinib kədərlənirsən,
qınayırsan özünü…
yeni cücərən yarpaqlar
sevgimizə
sədaqət ümidi gətirir …
eşitdim nanələrlə danışa-danışa
xəlvət-xəlvət
bağışlayırsan günahımı…
ağrı
... sevgilim!
ruhum, nurum, könlüm, gülüm!
nigaran-nigaran məni düşünən, dünyanı düşünən
boynu bükülüm...
mən səni düşündükcə,
öz közümdə közərirəm... ağlayır külüm...
sən Azərbaycan gözəlisən...
yer üzü bir vücud, bu Azərbaycan
ürəyidi onun...
qalxan alovlar, kükrəyən dəniz
əsən küləklər, dağlar, gülüstanlar,
qədimdən bu yana hər nişanə, iz
söyləyir bunu...
sənin gözlərin, ilahi baxışın, sədaqətin
söyləyir bunu....
gözlərinin gülüşünü tez-tez diksindirən
vətənimizin ağrılarına
dözə bilmirəm ki...
bu ağrı qar kimi yağır
sevgimizin ustünə müdam...
o qarın soyuğu
saçlarını oxşayan əllərimi üşüdür...
ən nəşəli vaxtda belə
utanıram o soyuqdan....
... sevgilim!
ruhum, nurum, könlüm, gülüm!
duman içində işiq
yer üzünə duman çöküb,
bu, zamanın dumanıdı.
bu, iblisin əbədilik
qazanmağa gümanıdı.
yer üzünün qocaları,
cavanları səksəkəli,
hər tərəfdə gör nə qədər
avara, dilənçi, dəli.
sən bu dumanın içində
ilahi mələk kimisən,
küsdüyüm bu dünya ilə
barışdırırsan məni sən.
İlk məhəbbətin yarandığı an
Su üstə bir nilufər, yanında incə güllər
Gülərək axır sular, sirrlə nəsə deyirlər...
Çiçəyin əksi suda eşq odunda titrəyir
Yanında ağ buludlar, göy üzü rəqs eləyir.
Sahildə bir reyhanın yarpağı sevdalanır
Özü də çaşıb qalır, hönkürür fağır- fağır.
Allah! Allah! Bu oğlan, yaşının ondördündə
Nilufərə bənzər qızın önündə bu nə gündə?!
Qəlbi hörən mələklər növbəti əlvan nuru
O qızın baxışından tapdılar dum duru...
Ulduzları göylərdə dövr edirdi yanaşı
Özləri bir- birinə baxırdı naşı-naşı.
Ilk dəfəydi qəlbləri belə şən ağlayırdı
Sübh şəfəqi rəngində bulaqlar çağlayırdı.
O nur qəlbə düşəli, oğlan alışdı yandı
Qız aldı bu atəşi, tamam nura boyandı.
Axdı sirli doğmalıq qızın qəlb tellərinə
O andan aşiq oldu iki gənc bir birinə.
Sənsən o sirrdən gələnim
Qırx məlakə məclisinin
Aləmindən nur alanım.
O nur ilə ürəyimdə
Bir yar, padişah olanım!
Qəlbim o nura bağlıdı
Ömrüm ona soraqlıdı,
Könlüm tək qaldı, ağladı
Gəldin? başına dolanım...
Qırxlar aləmi bilir ki,
Yer üzü deyil mənimki...
Gözlərin mənə deyir ki,
Sənsən o sirrdən gələnim.
Pişvazın - şeir yağmurum
Səndən necə ayrı durum?
Alışıram burum-burum
Halımı pünhan bilənim....
Dünən
Dünən apardın məni, ərşin eşq zirvəsinə
Şahım günah yazdımı, bu qafil köləsinə?
Yeddi gözəl nurundan boy verdi şahım özü
Nədən bu gəlib düşdü, dövrün bu vədəsinə?
Hər yandan şeir yağır, nə sirli bir yağmurdu
Hər misra heyran qalıb şahımın çilvəsinə.
Göy səmada ağ bulud- şəfəqlərə nazlanan
Orda nəğmən qarışıb mələklərin səsinə.
Şəfəq tək axma belə, baxma belə, yıxma belə...
Qorxur ki, düşə Əhməd, sözünün tənəsinə
çiçək fəlsəfəsi
çiçəklikdə çiçək yığan,
mən də burdan söz yığıram.
hər çiçəyin eyhamından
ürəyimə köz yığıram.
gözəllik Allah ülgüsü,
İlahinin bir bəlgəsi,
şeirim xəyal hörgüsü –
Tanrım, bax gör düz yığıram?
bir ahəng var hər çiçəkdə,
yol göstərir,hər çiçək də...
həyat adlı bu gerçəkdə
düz getməyə iz yığıram.
nisgil
sən bu dünyadasan - duyuram bunu,
üfüqün rəngindən, çiçəklərin ətrindən,
küləklərin səsindən
bilirəm bunu...
sən bu dünyadasan, bilirəm bunu -
bəlkə qonşu binada, bəlkə qonşu küçədə,
bəlkə başqa şəhərdə, kənddə,
bəlkə başqa ölkədə...
hərəmizin öz dünyası, işi-gücü,
bir kövrək kədər içində, intizarda
bu dünyalıq arzuları...
bəlkə də üz-üzə gəlmişik
neçə dəfə?
bəlkə nəsə soruşmuşuq birbirimizdən,
bəlkə nəsə anlamışıq
gözlərimizdən...
aramızda bir tül kimi axan tilsim
alıb bizim xoşbəxtliyi
əllərimizdən?
bu dünya uçdu daha, gecdi daha...
heç üzə çıxma daha...
öyrəşdim nisgilinə...
bax, qaldım hansı günə?
vurula bilmədim sənə,
vuruldum nisgilinə...
bu qəfil sevda
mən bu qəfil sevdaya
baxıram ürkə-ürkə,
bu, Allahdan bir paymı,
ya imtahandı, bəlkə?
dörd bir yanda duman var
gün çıxmağa güman var,
darıxma, sınma könlüm
hələ öndə zaman var.
göy üzündə bir şəfəq
nəsə söyləyir mənə,
nə gözəl işıq yağır
Ilahi, kədərimə...
orda hönkürən nəğmə,
kimi ağlayır elə?
o nəğmədə nə səsdir
nə deyir gülə-gülə?
alma mənim canımı,
alma, nisgilim, alma
ömrümdəki soyuğu
salma, yadıma salma.
mən bu qəfil sevdaya
baxıram ürkə-ürkə,
bu, Allahdan bir paymı,
ya imtahandı, bəlkə?
yaman yubandın
ah, niyə yubandın? yaman yubandın!
yaş ötdü, qalmadı güman... yubandın...
səni tanıyırdım ömrüm uzunu...
dünyaya göz açdım təbəssümündə.
özünsə, o vədə yoxdun dünyada
hələ ki, nur idin çiçək üstündə.
o nura boyanıb ömrüm, üz-gözüm
o nurdu qəlbimin binasın quran
o nurdu, dünyada sən yoxkən hələ
ruhumdan ruhun tək qalxan, boylanan...
mən səni axtardım ömrüm uzunu...
nəyi gözəl gördüm, sənə oxşatdım...
həyatda yox idin, qəlbimdə vardın...
hər eşq şeirimdə səni anlatdım...
ah, niyə yubandın? yaman yubandın!
yaş ötdü, qalmadı güman... yubandın...
mənə fikir vermə, dedin
mənə fikir vermə, dedin
mümkünü yoxsa, nə edim?
sən mənə kimsən, bilmədin...
bu əhvalla biləmməzsən.
hər sözdə kölgə axtarma,
naşı- naşı məni qırma,
dar agacına qaldırma
ilgək salma, açammazsan.
sızlayır qəlbim dərini,
çox aradım sözlərini,
sən kecmişin izlərini
ömrümüzdən yığammazsan.
mən də bir qəlbi qırığam,
bir bax, ta sarıq-sarığam
sən gülüstan, mənsə dağam
gəl, sinəmə sıgammazsan?
nahaq durmusan qəsdimə,
şeiri cicək tək üstünə
səpdim... döndüm sarı simə...
çal, halımı çalammazsan...
sən yaranan gün...
mən səni
bilirsən nə vədə görmüşəm ilk vədə?
sən bu dünyaya gəlməzdən əvvəl...
mən səndən
bir az əvvəl gəlmişdim yer üzünə....
kəndinizdə, təpələrin üstüylə...
ağ bir duman yayılırdı
günəş şəfəqlərinə nazlana-nazlana.
burum-burum burulduqca o duman,
sanki bir gözəl boy verirdi,
layların arasından...
təbəssümü yayılırdı yer üzünə....
bulağın başında, lilparların arasında
bir sirli çiçək bitmişdi... muştuluğu vardı,
xəbər gətirmişdi səndən...
bulaqdakı su
elə döğma güldü ki, üzümə...
bir əlçim meh, nəsə dedi
badam ağacının yarpaqlarına...
anlaya bilmədim...
bir dərənin başında, bir söyüd
ipək budaqlarını çırpdı üzümə,
dayan! dedi
sənin mehribanlığınla
oxşadı üz-gözümü....
ağ buludların keçdiyi
günəşli, gömgöy səma
elə diqqətlə baxırdı ki, mənə...
göy üzündən yerə yağan
nur idimi, məlakələr idimi?
quşlar kimi
dövrə vururdular ətrafımda...
hərdən
elə doğma külək əsirdi ki...
sənin indiki baxışların
yaylım-yaylım,
çəhrayı qarışıq ağ çiçəklər kimi baxırdı
bir alma ağacının yaxasından...
mən
bulud-bulud qarışırdım kainata...
üzünü görmədim illər uzunu...
qəlbimdə bir kövrək tel dindi hərdən...
...bilirsən nə qədər
soyuq keçdi ömrüm?...
sənimi gözləyirdim
bu uzun illər?...
sənin anan
səni dünyaya gətirməzdən əvvəl...
heç bilirsən nələr oldu?...
heç bilirsən nələr oldu bir anda? –
sən xəyallar aləmində
məlakə tək qalanda,
məsum körpə kimi
gülümsəyəndə, nəfəs alanda...
mən bulud-bulud dolanda,
çaşıb qalanda...
baxışının bir şöləsi
şimşək kimi keçdi
qəlbimin bütün tellərindən...
...heç bilirsən nələr oldu o anda?
nə oldusa, baxışların
yaylım-yaylım çiçəklədi,
yerdə, göydə, hər yanda....
səndən sonra
eşqindən dərviş oldum,
sirr oldum səndən sonra.
dünyaları dolaşdım,
sovruldum səndən sonra.
axı nədən, de, nədən
yer oynadı yerindən?
mən şah idim əzəldən
devrildim səndən sonra.
tərlandım, göydən endim,
qanadım didim-didim...
daha dünyadan bezdim,
yoruldum səndən sonra.
Pöhrə şeirlər
***
hяр шеyи taledən эюзлямя,
taleyin də сяндян
эюзлядиyи вар…
***
gцняшя щамы баха биляр,
щамы!
зцлмятдян башга.
***
bizi anlayan insanlardı
yer üzündə
ən böyük sərvətimiz.
***
…yoxdu buna bir sorğu…
qan qohumluğundan
qat- qat yaxındı
qəlb qohumluğu…
***
insan insandırsa,
düşmənlik eləyə bilməz
biri-birinə
utanıram hərdən, mənə
düşmən olanların yerinə…
***
dünyanın mələkləri cağıranda-
mələklər,
şeytanları cağıranda-
şeytanlar hay verir
insanın qəlbindən...
***
kiminsə uğuru sıxırsa səni,
kiminsə işığı yıxırsa səni,
xoşbəxtlər içində xoşbəxt olarsan
Allah bu əzabdan qurtarsa səni.