Avropa İttifaqı Aleksandr Lukaşenko və daha 169 Belarus məmuru üzərindəki sanksiyaların müddətini uzatmamaq qərarı qəbul edib.
Başqa sözlərlə bu, insan haqlarının vəziyyətinə görə Avropa tərəfindən bir vaxtlar Avropanın “sonuncu dikatoru” adını qazanmış Lukaşenko və onun rəsmiləri üzərindən cəza sanksiyalarının qaldırılması deməkdir.
Beləliklə, Belarus prezidentinə qoyulmuş viza qadağanı qüvvədən düşür və onun xaricdəki aktivləri üzərindəki həbs ləğv olunur.
Bəzi sanksiyalar qüvvədə qalıb
Avropa İttifaqı Belarus üzərindəki silah embarqosunu və 4 yüksək vəzifəli məmur barədə sanksiyalarını qüvvədə saxlayıb.
Qərb bir vaxtlar güc nazirləri işləmiş bu rəsmiləri 1999-2000-ci illərdə Lukaşenkonun siyasi opponentlərinin izsiz və soraqsız yoxa çıxmasında əlləri olmaqda ittiham edir.
Sanksiyaların bir hissəsinin ləğv edilməsi barədə qərar fevralın 16-dan qüvvəyə minir.
Avropa İttifaqı Belarus üzərinə sanksiyaları insan haqları və demokratik prosedurların pozulmasına görə 1998-ci ildə qoymuşdu.
2006-cı ildə Birləşmiş Ştatlar Belarus üzərinə öz sanksiyalarını qoyub.
Viza məhdidiyyətləri və xarici banklarda mümkün hesabların bloklanması sanksiyası prezident Aleksandr Lukaşenko və onun iki böyük oğluna, Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşinaya, DTK sədrinə və bir sıra nazir, məmur və hakimlərə qoyulmuşdu.
Sanksiya siyahısına silah eksportu ilə məşğul olan və ikili təynatlı bir sıra müəssisələr – “Beltexeksport”, “Rakoski Brovar” pivə zavodu, “Dinamo” futbil klubu da salınmışdı.
Avropa İttifaqından Frans Press agentliyinə verilmiş informasiyada deyilir ki, sanksiyaların ləğvi barədə qərar heç də yekdilliklə qəbul olunmayıb.
Bir növ öyrəncəlidirlər
Brüsseldəki başqa bir mənbə isə bildirib ki, Qərb Minskin Ukraynanın şərqindəki böhranın çözülməsindəki rolu qabartmaq istəyib.
2015-ci ilin fevralında Minskdə Ukraynaya dair “normand dördlüyü”nün görüşü keçirilmiş və hələ onda Lukaşenko Avropa İttifaqı ilə münasibətlərin normallaşmasına çalışdığını bəyan etmiş və Moskvanı bu qərardan “narahat olmamağa” çağırmışdı.
Ötən ilin oktyabrında Avropa İttifaqı Belarusa qarşı sanksiyaların qüvvəsini 4 ay müddətinə dayandırmışdı.
O vaxt Brüsseldə bildirmişdilər ki, bu qərar Belarusun bütün siyasi məhbusları azad etməsi ilə əlaqədar qəbul olunub.
Aİ bunu xüsusi vurğulamışdı ki, əgər lazım gələrsə, istənilən anda bu sanksiyalar təkrar tətbiq edilə bilər.
Avropa İttifaqı artıq bir dəfə - 2008-ci ildə sanksiyaları ləğv etsə də, onları 2011-ci ildə təkrar qüvvəyə mindirmişdi.
Bu, 2010-cu ildə keçilimiş prezident seçkisindən və etiraz aksiyaları iştirakçılarının həbslərindən sonra baş vermişdi.