-
Fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyev İrana gedib.
İranın «Mehrnews» agentliyi bildirib ki, İ.Əliyevi və onu müşayiət edən şəxsləri «Mehrabad» Beynəlxalq Hava Limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmoud Vaezi qarşılayıb.
Bundan öncə İran prezidentinin administrasiyası bəyan edib ki, səfər çərçivəsində siyasi və iqtisadi sahələrdə bir sıra ikitərəfli sənədlər imzalanacaq. İranın energetika naziri Hamid Chitchian bildirib ki, beynəlxalq sanksiyaların ləğvindən sonra Tehran və Bakı arasında münasibətlərin səviyyəsi yüksəlib. Bu da hər iki tərəf üçün sərfəlidir.
Nazirin deməsinə görə, yaxın vaxtlarda Xudafərin su qovşağının inşası məsələsi də həllini tapacaq. Tərəflər Meşkin-şehr, Xafda külək və istilik-elektrik stansiyalarının inşasının mümkünlüyünü müzakirə ediblər.
Səfər ərəfəsində İ.Əliyev İran teleradiosuna (IRIB) müsahibəsində deyib ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi tərəflərin diqqət mərkəzindədir. «İran və Azərbaycan Astarası arasında dəmiryol Şimal-Cənub nəqliyyat dəhlizini mühüm dərəcədə inkişaf etdirəcək. Beynəlxalq yükdaşımalarda iki ölkənin xüsusi çəkisini xeyli artıracaq», - deyə İ.Əliyev qeyd edib.
Prezident, həmçinin, beynəlxalq terrorizmə qarşı mübarizə, Qarabağ münaqişəsinin nizamlanması məsələlərini də müzakirə etmək niyyətindədir.
İki ölkə arasında Xəzər dənizində və quruda neft-qaz yataqlarının kəşfiyyatı, birgə işlənməsi ilə bağlı əməkdaşlıq haqqında keçən ilin payızından aktiv danışıqlar başlayıb.
İran televiziyasının xəbərlərinə görə, onları Azərbaycanda dindar kəsimdən olan bəzi insanlara münasibətdə bir sıra suallar da düşündürür.
İlham Əliyev sonuncu dəfə İranda 2014-cü ilin aprelində olub. Həmin ilin noyabrında isə İran prezidenti Hassan Rouhani Azərbaycana gəlib.
Hər iki səfər İrana qarşı beynəlxalq sanksiyalar şəraitində keçib.
İran vaxtaşırı Azərbaycanı Qərbyönlü kursuna və İsraillə sıx əlaqələrinə görə tənqid edib.
Lakin siyasi ekspert Əli Abbasov «Turan»a bildirib ki, sanksiyaların ləğvi və İranın Qərblə hərtərəfli əlaqələrə başlaması Azərbaycanın bu ölkə ilə münasibətlərində də yeni imkanlar yaradır.
İranın rəsmi statistikasına görə, 2015-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 523 mln. avro təşkil edib. Bunun da 350 milyonu İran ixracının payına düşür.