Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:48

Neftin qiyməti qalxır, amma…


ABŞ-da neft hasilatı
ABŞ-da neft hasilatı

-

Bazar ertəsi xam neftin qiyməti qalxıb. Buna ABŞ-da neft buruqlarının azalmasını göstərən hesabat səbəb olub. Belə ki, tələbin yüksələcəyinə ümid artıb.

Nyu-York birjasında xam neftin barrelinin aprel fyuçersinin qiyməti 32.95 dollara çatıb. Londonun «ICE Futures» birjasında isə «Brent» neftin aprel fyuçersi 45 sent qalxaraq 35.55 dollara yüksəlib.

Cümə günü açıqlanmış məlumatda yanvarda ABŞ-da istehlak xərcləməsinin yüksəldiyi görünür, çünki iş bazarı güclənib, maaşlarda artım var.

«Bu, neftdən ötrü böyük xəbərdir, tələbin artacağını müjdələyir», - bir Avstraliya bankının enerji məsələləri üzrə təhlilçisi «The Wall Street Journal»a deyib.

2014-cü ilin ortasından aşırı təklif nefti 70% ucuzlaşdırıb. Təhlilçilər bildirir ki, qiymətin davamlı aşağı həddə qalması hasilatın baha başa gəldiyi məkanlarda, məsələn, Şimali Amerikada xərclərin azaldılması məqsədilə hasilatın kəsilməsinə gətirir.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ-da xam neft hasilatı azalmaqdadır, günə 9.1 milyon barrelə düşüb. Ötən həftə isə «Baker Hughes» sənaye şirkəti hesabatında ölkədə neft buruqlarının 26 ədəd azalaraq 413-ə düşdüyünü göstərir. 2014-cü ilin oktyabrında ölkədə 1609 buruq vardı, 68% azalma gedib.

Başqa bir təhlilçi Barnabas Gan da düşünür ki, ABŞ-da şist nefti istehsalçılarının hazırkı qiymətlə ayaqlaşması çətinləşir. Ancaq hasilatın azalmasına baxmayaraq, bazarda hələ də təklif tələbi üstələyir. Təhlilçilərin fikrincə, bazar böyük istehsalçıların qiymətləri dəstəkləmək məqsədilə konkret addım atacağını gözləmir. Ancaq yenə də Rusiya və Səudiyyə Ərəbistanının hasilatı yanvar səviyyəsində dondurmaq üzrə danışıqlarına ümid bəsləyir.

Dollar
Dollar

ŞİRKƏTLƏR QURTULA BİLMƏYƏCƏK

Deyəsən, son günlər neftin qiyməti dibə çatdı, barreli 30 dollardan da düşdü, indi isə yenidən 33-34 dollar civarına qayıdır. Ancaq «Prestige Economics» şirkətinin prezidenti və baş iqtisadçısı Jason Schenker businessinsider.com saytına deyir ki, qiymətin cüzi artımı bir çox neft şirkətlərini, eləcə də ABŞ iqtisadiyyatını fəlakətdən qurtara bilməz.

«Sadəcə, qiymətlər elə sürətlə qalxmır ki, neft və enerji şirkətlərini defoltdan xilas eləsin. Maliyyə şirkətlərinə, onlardan da iqtisadiyyata zəncirvarı risk təhlükəsi qalmaqdadır», - Schenker deyir. Onun sözlərinə görə, bu o deməkdir ki, bu ilin sonunda, ya da gələn ilin əvvəlində ABŞ iqtisadiyyatında böhran başlana bilər.

Təhlilçinin fikrincə, neftin barrelinin 30 dollar civarında qalması ABŞ qazmaçılarını borclarını defolt elan etməkdən qoruya bilməyəcək. Sonucda bankların gəlirlərinə təzyiq yüksələcək. Banklar kreditləri azaltdıqca, şirkətlər də ixtisarlara getməli olacaq.

Schenker deyir, bu halda işsizlik 7%-dək qalxa bilər.

R.T.Erdoğan
R.T.Erdoğan

ERDOĞAN MƏHKƏMƏYƏ MEYDAN OXUYUR

Ötən cümə Türkiyədə jurnalistlər Can Dündar və Erdem Gül azad olundu, Konstitusiya Məhkəməsi onların həbsdə saxlanmasını hüquq pozuntusu kimi dəyərləndirdi. Amma prezident Recep Tayyip Erdoğan məhkəmənin qərarına hörmət qoymadığını, ona əməl etməyəcəyini bildirib. Bu barədə «The Independent» yazır.

«Cümhuriyet» qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gül noyabrda saxlanıblar, dövlət sirrini yaymaqda, dövlət çevrilişinə cəhddə ittiham olunublar. Onlar Türkiyənin Suriyadakı islamçı üsyançılara silah çatdırmaq cəhdindən yazmışdılar.

Cümə günü Konstitusiya Məhkəməsinin qərarıyla azad olunsalar da, jurnalistlərə ittihamlar qalır, prokurorlar onlara ömürlük həbs tələb edir.

Prezident Erdoğan məhkəmənin qərarını sərt tənqid edib, deyib ki, bu qərara nə əməl edəcək, nə də hörmət qoyacaq: «Medianın azadlığı hüdudsuz olmamalıdır. Dünyanın heç bir yerində media tam azadlığa malik deyil». Prezident bu işlə ifadə azadlığının bağlılığını danıb, jurnalistlərə qarşı «casusluq işi»nin açıldığını söyləyib.

Müxalifət partiyaları isə prezidenti tənqid atəşinə tutub. CHP-dən deputat Özgür Özel prezidenti suçlayıb ki, əslində qərardan apellyasiya şikayəti etmək istəyənlərə birbaşa o, göstəriş verir.

Rubl
Rubl

RUSİYANIN «HOLLAND XƏSTƏLİYİ» AĞIRLAŞIR

«Rusiya sanksiyaların, neftin ucuzlaşmasının öhdəsindən çoxlarının düşündüyündən daha yaxşı gəldi. Ölkə iflasa uğramadı… Tam üzən məzənnəyə keçirilmiş rubl da neftdən yapışıb. Neft qaxır, rubl da qalxır, neft düşür, rubl da düşür. Beləliklə, Rusiya təhlükəli defisitdən qurtula bildi. Ancaq buna baxmayaraq, Rusiyanın kəbini neft və qazla kəsilib. Neftlə zəngin ölkələrdə yayılmış «Holland xəstəliyi» virusu Rusiyanın qanına işləyib». «Forbes» jurnalının saytında Kenneth Rapoza belə yazır.

«Kimsə düşünə bilərdi ki, neftin iki il ərzində büdcədə nəzərdə tutulduğundan 50%-dək ucuzlaşmasından sonra hökumət iqtisadiyyatın digər sahələrinin inkişafı barədə fikirləşər. Məsələn, Rusiya Yerin orbitinə çıxacaq kosmik gəmilər qura bilər… Ancaq Rusiya bu mənada ümidləri boşa çıxarır».

Müəllif yazır ki, «Holland xəstəliyi» neftdən asılı ölkələrin «Zika» virusudur. Neft gəlirləri artdıqca, digər sahələrdə düşüş yaranır. 1959-cu ildə Niderlandda təbii qazın aşkarlanması 20 il ərzində emal sənayesini çökdürüb. Bu termin də oradan yaranıb.

XS
SM
MD
LG