Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:42

Rauf Mirqədirovun “MRT”dən keçirmirlər


►Vəkil: “Görmə qabiliyyətinin pisləşməsilə yanaşı, beyində də qan dövranı pozulub. Qan təzyiqi yüksəkdir."

"Çox qəribə və anlaşılmaz mövqe ilə rastlaşdıq. Məhkəmədə müdafiə tərəfinə bu dərəcədə hörmətsiz yanaşmaq olmaz".

Bunu vəkil Fuad Ağayev "Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun işi üzrə məhkəmə baxışının təxirə salınmasına münasibət bildirərkən deyib.

“NİYƏ MARTIN 3-NƏ TƏYİN ETMİŞDİLƏR?”

Martın 3-də Bakı Apellyasiya Məhkəməsində Rauf Mirqədirovla bağlı məhkəmə iclasının başlaması ilə yekunlaşması bir neçə dəqiqə çəkib. Məhkəmə prosesinə sədrlik edən hakim Abid Abdinbəyov bildirib ki, bu iş üzrə ilkin iclasın qərarından bir ay ərzində Ali Məhkəməyə kassasiya şikayəti verilə bilər. İlkin baxış iclasının qərarı isə fevralın 18-də keçirilib və bir aylıq müddət hələ başa çatmayıb. Yəni müdafiə tərəfinin şikayət vermək üçün vaxtı qalır. Bu səbəbdən də məhkəmə baxışı martın 16-na qədər təxirə salınıb.

Jurnalistin vəkili Fuad Ağayev isə bu cür davranışı hörmətsizlik kimi qiymətləndirib:

"Məhkəmənin təxirəsalınma ilə bağlı qərarı qəribədir. Hakimlər yaxşı bilirdi ki, qanunda ilkin baxışın qərarından şikayət üçün bir aylıq müddət nəzərdə tutulub. Belə olan halda, apellyasiya baxışını niyə martın 3-nə təyin eləmişdilər? Təyin eləmişdilərsə, niyə təxirə saldılar? Bu cür yanaşma anlaşılmazdır bizim üçün".

Fuad Ağayev
Fuad Ağayev

Vəkil bildirib ki, gələn həftənin əvvəlində Rauf Mirqədirovla görüşüb, ilkin baxış qərarından kassasiya şikayəti verib-verməmək məsələsini müzakirə edəcəklər: "Yəqin ki, hakimlərin məsuliyyəti məsələsini də qaldırmalı olacağıq. Çünki müdafiə tərəfinə bu dərəcədə hörmətsiz yanaşma yolverilməzdir".

“DƏRMANLARIN DOZASI ARTIR”

Fuad Ağayev jurnalistin səhhətindəki problemlərdən də danışıb. Qeyd edib ki, Rauf Mirqədirov faktiki dərmanlarla yaşayır:

“Mən də, yaxınları da onun səhhətilə əlaqədar narahatlıq keçiririk. Görmə qabiliyyətinin pisləşməsilə yanaşı, beyində də qan dövranı pozulub. Qan təzyiqi yüksəkdir. Bu adam daim dərman qəbul eləməklə yaşayır. Dərmanların dozası da zaman-zaman artır. Mən hələ istintaq dövründə də Raufun sağlıq durumu ilə bağlı vəsatətlər qaldırmışdım. Amma təəssüf ki, nəticəsiz qalırdı. Düzdür, Rauf ona qarşı münasibətdən, müayinə və müalicədən narazılıq eləmir, amma şəxsən mən narazıyam. Bu cür müalicə məni qane eləmir. Bu günə qədər onun başındakı ağrıların səbəbini müəyyənləşdirmək üçün MRT (Maqnit Rezonans Tomoqrafiya) eləməyiblər. Bir müddət Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb orada saxlanıldı, amma orada da MRT keçirilməsi təmin olunmadı. Günahsız adama qarşı belə bir münasibət anlaşılmazdı. Bu işin xüsusatlarını, yəni, Raufun hansı "sübutlarla" təqsirli bilindiyini eşitsəniz, ümumiyyətlə, Azərbaycanda yaşamaq istəməzsiz. O baxımdan ki, adamı heç nədən tutub bu qədər cəza veriblər. Söhbət sübutların dəyərsizliyi, qanuna uyğun olmaması, həqiqəti əks etdirməməsindən gedir".

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Rauf Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

XS
SM
MD
LG