-
Martın 25-i saat 01.30-da Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları Belarus vətəndaşı Sergey İlyevskiyi saxlayıb. S.İlyevskiyin Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyərkən saxlanıldığı deyilir.
Xəbəri AZƏRTAC Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına istinadən yayıb.
Hadisə yerindən qapı açarı, əlcək, alın fənəri, iki kəndir, 10 ədəd boya balonu, rəng püskürən 12 balon başlığı, dayaqlı fotoaparat və başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürüldüyü bildirilir. Habelə, S.İlyevskiyin üzərindən Tbilisi, Yerevan metrolarının stansiyalarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlandığı qeyd edilir.
Məlumatda həmçinin bildirilir ki, ilkin araşdırmada Belarus Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da yaxından iştirak ediblər. S.İlyevskiy ifadəsində deyib ki, havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə girib, divarlara qrafiti üslubda rəsmlər çəkmək istəyib.
Məlumatda qeyd edilir ki, S.İlyevskiy bu il martın 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana gedib. Martın 23-də isə yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlib.
Fakt üzrə zəruri araşdırmalar davam etdirilir.