Martin 27-də Azərbaycanda yuxudan oyanan hər kəs divar saatı ilə mobil telefonundakı və ya komputerindəki vaxt arasında bir saat fərq gördü. Gecə beynəlxalq sistem yay vaxtına keçsə də, Azərbaycan son illər ilk dəfə olaraq saatları yay vaxtına kökləmədi.
Amma beynəlxaql sistemə bağlı olan mobil qurğular və kompüterlər vaxtı avtomatik olaraq 1 saat irəli çəkib.
VAXT PROBLEM OLA BİLƏR
İnformasiya texnologiyaları mütəxəssisi Cahid İsmayıloğlu AzadlıqRadiosu-na deyir ki, sosial şəbəkələrdə statusların yerləşdirilməsində, elektron məktubların göndərilməsində vaxt problem olacaq. E-mail yazışmalarda vaxt uyğunsuzluğu olacaq: «Xarici serverlərdə yerləşən saytlarda xəbər yerləşdirərəkən məlumat saytda beynəlxalq sistemə uyğun vaxtda görünəcək».
Cahid İsmayıloğlu təklif edir ki, hər kəs mobil cihazlarda və kompüterlərdə saatı mexaniki yolla tənzimləsin. Mütəxəssis onu da deyir ki, elektron cihazlarda vaxtı beynəlxalq sistemdən ayırsaq, artıq saat avtomatik yenilənməyəcək: «Smatfonları mexaniki saata kökləməlidirlər və orda düzəliş edilməlidir ki, vaxt avtomatik olaraq beynəlxalq saat sisteminə uyğunlaşmasın, əllə idarə olunsun».
Cahid İsmayıloğlu hesab edir ki, bu çətinlik bir neçə gün çəkəcək, ancaq sonra yoluna düşəcək: «Əvvəllər qolumuzdakı mexaniki saatı yeni vaxta uyğunlaşdırırdıq, indi beynəlxalq vaxtı öz saatımıza uyğunlaşdıracayıq. Yəni, smatfonlarda, kompüterlərdə, serverlərdə vaxtı bir saat geri çəkəcəyik».
ƏLLƏ DƏYİŞMƏK HƏLL YOLU DEYİL
İKT üzrə digər mütəxəssislər qurğularda vaxt zonalarını (time zone) əllə dəyişməyin həll yolu olmadığını qeyd edib, bunun hətta fəsad törədə biləcəyini də bildirdilər. Mütəxəssislərin fikrincə, məsələn, əllə düzəldilən vaxt, qurğu restart olunan kimi yenidən avtomatik vaxta qayıdır, bunun qarşısını almaq üçün mütləq vaxtın update olunmasını avtomatik rejimdən çıxartmaq lazımdır:
«Bunu isə hər kəs bacarmır. Vaxtın avtomatdan çıxarılmasının da öz fəsadları var, məsələn Facebook-da təqvimə qoyulmuş (scheduled posts) postlar vaxtından əvvəl nəşr olunaraq istifadəçi üçün problem yaradır. E-maillərdə, faylların yadda saxlanmasında da vaxt problemi özünü göstərəcək», - AzadlıqRadiosu-nun fikrini öyrəndiyi mütəxəssislər belə deyir.
"MİCROSOFT AZERBAİJAN" MÜVƏQQƏTİ YENİLƏNMƏ TƏKLİF EDİR
Azərbaycanın saat qurşağı üçün düzəlişlər «Windows» əməliyyat sisteminin növbəti yenilənmələrində nəzərdən keçirilə bilər.
«Microsoft Azerbaijan» şirkətindən AzadlıqRadiosu-na deyiblər ki, Azərbaycanda qurğu (kompüter, smartfon) istifadəçilərinin çoxu avtomatik olaraq yay vaxtına keçib, buna diqqət ayırmaq və vaxtı əl ilə tənzimləmək tövsiyyə olunur.
Şirkətdən onu da bildirirlər ki, hazırda yeniləmələr üzərində çalışırlar.Rabitə Nazirliyi də şirkətə müraciət edib, onlar isə bu müraciəti baş qərargaha göndəriblər, «Microsoft Azerbaijan» deyir.
Şirkətin bu saatlarda yaydığı xəbərdə deyilir ki, Microsoft Official Office proqramları üçün «update» təklif edir(Time Zone Update for Azerbaijan). Qurum bildirir ki, müvəqqəti olaraq bu proqram vasitəsilə Microsoft proqramlarına köklənən kompüterlərdə vaxtı bu proqram vasitəsilə yeniləyə bilərlər: «Təklif edirik ki, Azərbaycanda olan müştərilərimiz «UTC +04:00 Baku» vaxt zonasından istifadə etsinlər və «vaxtın avtomatik gündəlik uyğunlaşdırılması» rejimini söndürsünlər».
«Microsoft Official» bildirir ki, Office proqramlarında avtomatik yenilənmə bu il mayın 10-da olacaq.
Vaxt problemi ilə bağlı «Microsoft Azerbaijan»ın tövsiyyələrini aşağıdakı linkdə oxumaq olar:
https://blogs.technet.microsoft.com/dst2007/2016/03/22/time-zone-update-for-azerbaijan/