-
Qarabağ cəbhəsindəki vəziyyət, sosial məsələlər, ana və uşaq problemləri medianın aparıcı mövzusudur.
QƏLƏBƏN MÜBARƏK, VƏTƏN!
«Azərbaycan» qəzetində «Qələbən mübarək, vətən!» başlıqlı məqalə dərc edilib. Yazının müəllifi elə qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur.
O, cəbhədə son günlər baş verənləri və Azərbaycan ordusunun bir neçə yüksəkliyi azad etməsini qələbə kimi xarakterizə edir.
«Qısa müddətdə Azərbaycan ordusu elə sarsıdıcı zərbələr endirdi ki, bunu heç kəs gözləmirdi. Xalqımız isə öz ordusuna və prezidentinə inanıb güvəndiyindən təlaşa düşmədi. Əksinə, hərbçilərimizə dayaq durdu. Ordumuzun parlaq qələbəsi dünya siyasilərini və KİV-ini hərəkətə gətirdi. Sanki hamı Azərbaycanın illər boyu səsləndirdiyi «köhnə həqiqət»ləri bir günün içində dərk etmişdi: Bəli, mövcud status-kvo dəyişdirilməlidir. Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazisini tərk etməlidir. Münaqişə sülh yolu ilə həllini tapmalıdır. Yoxsa bunları Azərbaycan özü etməli olacaqdır», - deyə deputat, baş redaktor yazır.
MİLLİ RUHUN ÖLMƏMƏSİ…
«Son baş verənlər göstərdi ki, 24 illik atəşkəs rejimi yalanın, yaltaqlığın, korrupsiyanın dövlət siyasətinə çevrilməsi milli ruhu öldürə bilməyib». Bu fikir isə «Azadlıq» qəzetində dərc edilən «Avtoritarizm milli ruhu öldürə bilməyib» adlı yazıdan götürülüb.
Məqalədə qeyd edilir ki, bəzi dövlət məmurlarından fərqli olaraq, xalq bütünlükdə cəbhədə həlak olan döyüşçülərini ehtiramla torpağa tapşırdı:
«Hökumət başa düşməlidir ki, repressiyalar, təqiblər, təzyiqlər, polis rejimi xalqın əzmini qıra bilməz. Maddiyyat qarşılığında kimisə satın almaq olar. Həbslə kimisə qorxutmaq mümkündür. Amma bütün xalqı ələ almaq, hamını qorxutmaq mümkün deyil. Bu gün döyüşlərə tərəddüdsüz gedənlər sabah ölkənin sərvətlərini talayanlara da öz sözlərini deyəcək. Hakimiyyət ölkənin sərvətlərini talasa da, mənəvi sərvətlərin kökünü kəsməyi bacarmayıb. Bu ölkədə bayrağına sarılacaq milyonlarla insan var».
DANIŞIQLARDA İRƏLİLƏYİŞ OLMASA...
«Novoye Vremya» qəzeti isə cəbhədə baş verənlərin səbəblərinə toxunmağa çalışıb. «Bakı və İrəvan atəşkəsə razılaşdılar» sərlövhəli məqalədə döyüşlərin başlaması səbəbi belə izah edilir: «Aprelin 2-nə keçən gecə Azərbaycanın mövqeləri və sərhədə yaxın yaşayış məntəqələri ağır silahlardan intensiv atəşə tutuldu. Döyüş xəttinə yaxın yaşayış məntəqələri də belə atəşə məruz qaldı».
Müəllif qeyd edir ki, məhz bundan sonra Azərbaycan ordusu hücuma keçərək bir neçə yüksəkliyi azad edib: «Erməni tərəfinin atəşkəsi
Azərbaycanın pozmasına dair dedikləri məntiqsizdir. Çünki erməni tərəfdən fərqli olaraq, Azərbaycan ordusunun arxasında sıx şəkildə dinc əhali yaşayır».
Yazıda yenidən başlanması gözlənilən danışıqlara da toxunulur: «Nəticə etibarilə danışıqlarda irəliləyiş olmaması Cənubi Qafqazı alova bürüyəcək qığılcıma səbəb ola bilər».
GÖRÜNÜR, VƏZİYYƏT QORXUNCDUR…
«Bizim Yol» qəzetində isə doğuşda ana ölümlərinə aid geniş bir yazı dərc edilib. «Son illərdə doğuşda yüzlərlə ana həyatını itirib» adlı yazıda bu problemlə bağlı bir sıra rəqəmlər təqdim edilir.
Yazıda qeyd edilir ki, bu sahədə yerli rəsmi rəqəmlər ilə beynəlxalq qurumların rəqəmləri arasında kəskin fərq var: «Səhiyyə Nazirliyi Doğuşa Yardım Komissiyası 2015-ci ildə doğuş zamanı 23 ananın öldüyünü, Ümumdünya Səhiyyə Təşkilatı isə bu rəqəmin 48 olduğunu bildirir».
Daha sonra ayrı-ayrı illərə aid statistik rəqəmlər sadalanır. Məqalədə deyilir ki, təkcə 2014-cü ildə ana və uşaq ölümləri ilə bağlı 42 nəfər tibb personalına inzibati cəza verilib, 13 həkim isə işdən azad edilib.
Yazıda qeyd edilir ki, tibbi komissiyalar bu ölümləri daha çox ananın səhhətindəki problemlərlə əlaqələndirmək istəyir: «Cəzalanan həkimlərin sayına baxılsa, hadisələrin yarıdan çoxu həkim və mama-ginekoloqların səhlənkarlığı üzündən baş verir».
Araşdırmada uşaq ölümləri ilə bağlı bir məqama da toxunulur: «Statistika Komitəsinin saytında yeni doğulan körpələrin statistikası aparılmır. Görünür, bu sahədə vəziyyət o qədər qorxuncdur ki, bunu etiraf etməyə çəkinirlər».