Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:42

ABŞ-ın Dağlıq Qarabağı gözardı etməsi təhlükəlidir


Matthew Bryza
Matthew Bryza

-

Cənubi Qafqaza Rusiya sülhməramlıları girdimi, çıxan deyil – 12 aprel Qərb mediasının icmalı.

«The Washington Post» qəzeti ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantik Şurasının əməkdaşı Matthew Bryza-nın məqaləsini dərc edib.

Müəllif 2006-2009-cu illərdə Minsk qrupunun həmsədri olanda, rusiyalı həmkarı Yuri Merzlyakov-un daim konstruktiv mövqedən çıxış etdiyini yazır: «Bu səbəbdən son günlər Dağlıq Qarabağ məsələsində Vaşinqtonla Moskvanın əməkdaşlıq etməməsindən sarsıldım. Putin təkbaşına hərəkət edir. Ola bilsin, sülh prosesində ABŞ-ın vitse-prezidenti Joe Biden-in mümkün nüfuz qazanmasını kölgələmək istəyir. Axı Biden toqquşmalardan bir neçə gün öncə Vaşinqtonda hər iki ölkənin prezidenti ilə görüşdü».

Bryza düşünür ki, Rusiya intensiv diplomatiya yoluyla durumdan faydalanır, Obama isə onunla ayaqlaşmağa maraq belə göstərmir. Ancaq belə bir biganəlik Kremlə regionda fürsətlər açır. Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması üçün təzyiq göstərir, Ermənistanla gediş-gəliş qaydalarını asanlaşdırır: «Dağlıq Qarabağ münaqişəsində əvvəlki vasitəçilik cəhdləri boşa çıxmış İran da Rusiya ilə manevrlər edir və Azərbaycanla üçtərəfli əməkdaşlığa, ABŞ-dan qalan boşluğu doldurmağa can atır. Putin bu yollarla Azərbaycanla Ermənistanı Qərbdən uzaqlaşdırmağa çalışır və gələcək böhranların bünövrəsini qoyur. Vaşinqton isə tamaşa edir».

Paul Goble
Paul Goble

RUSİYANIN SÜLH ÇAĞIRIŞININ ƏSL SƏBƏBİ

«Minsk qrupu böyük uğur qazana bilmədi, qrupun formatı da məhdudlaşdırıldı. Bir səbəbi Moskvanın bu səyləri sabotaj etmək arzusu idi». Bunu Rusiya üzrə amerikalı ekspert Paul Goble «Amerikanın Səsi» radiosuna deyib.

«Minsk qrupu danışıqlarında hərəkətliliyin olmamasının arxasında Moskva dururdu. Moskva bu münaqişənin Rusiyanın xeyrinə istifadə naminə saxlanmasına çalışırdı», - Goble sözlərinə əlavə edib.

Təhlilçi düşünür ki, Moskva münaqişənin həllinə çalışdığını göstərsə də, ikili oyununu davam etdirir, son toqquşmalardan öz xeyrinə yararlanmağa çalışır.

P.Goble inanır ki, işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasını Kremlin adına çıxmaq fürsəti yaranan kimi, Rusiya hazırkı müştərisi Ermənistanı tərk edəcək. «Qətiyyən şübhə etmirəm ki, Azərbaycan Moskvadan ötrü mükafat, Ermənistan isə bu mükafatı əldə etmək alətidir», - deyən P.Goble əlavə edir ki, Azərbaycanın geosiyasi mövqeyi və zəngin neft resursları Kremli maraqlandıran məsələlərdir.

Şuşada kilsə.
Şuşada kilsə.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ KÖHNƏ DÜŞMƏNLƏR

«Qarabağın qara dağlarında həmişəki köhnə düşmənlər gəzişir: Rusiya gücü, Türkiyə ekspansiyası və Ermənistan millətçiliyi». Bunu «The Independent» qəzetində Robert Fisk yazır.

«Həmişə düşünmüşəm ki, Dağlıq Qarabağ çox çirkli münaqişədir. 1988-ci ildə Yerevanın bu ərazini zəbt etmək üçün bir arqumenti o idi ki, burada xeyli köhnə kilsələr var. Düzdür. Ancaq Qarabağda türklərin tarixi kökləri də yetərincədir. Yaxud Avropanın şərqində Tevton almanların qədim binaları, Balkanlarda Osmanlı Türkiyəsinin arxitekturası mövcuddur. Qədim tarixin izləri müharibəyə bəhanə ola bilməz».

«Mən 1990-cı illərin əvvəlində Qarabağ müharibəsini işıqlandıranda, erməni silahlılar Azərbaycan kəndlərində qətliamlar törədirdilər. Bunlar türklərin 1915-ci ildə ermənilərə qarşı törətdiklərinə çox bənzəyirdi. Yerevanda bunu təkzib edirdilər, elə 1992-ci il Xocalı qırğınını da inkar edirdilər. O günlər Bakıda da ermənilər öldürülürdü. Məncə, Qarabağın dağları və qədim kilsələri ermənilər üçün Osmanlı Türkiyəsinin qədim torpaqlarının simvoluna çevrildi».

«İndiki siyasətinə, yaxud sağlıq durumuna baxanda, Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın özünü Mustafa Kemal Atatürk rolunda görüb-görmədiyi bəlli deyil. Görəsən, Vladimir Putin özünü Çar kimi görmür ki? Birinci Dünya müharibəsi zamanı ermənilərlə ittifaqa, yaxud azərbaycanlılarla erməniləri bölən bolşeviklərlə işbirliyinə girən Çar kimi… İstənilən halda, Putin «müdaxiləçi» rolunu oynayır. O, Gürcüstanda da, Ukraynada da, Suriyada da müdaxiləçidir. İndi isə Qarabağda, Azərbaycanda bu rolda çıxış edir».

ATƏT müşahidəçiləri.
ATƏT müşahidəçiləri.

ATƏT-İN 3 ÖHDƏLİYİ

«Chatam House» beyin mərkəzinin Rusiya və Avrasiya Proqramının əməkdaşı Laurence Broers illərdir Madrid prinsiplərinin fərqli yozumlarının olmasından söz açır: «Bu prinsiplər Azərbaycanın Dağlıq Qarabağ ərazisinə bitişik rayonların Azərbaycana qaytarılmasını, sülhməramlıların yerləşdirilməsini, Ermənistanla dəhlizin yaradılmasını və Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutur. Əsas mübahisə mövzusu olan Dağlıq Qarabağın siyasi statusunun isə referendumda həlli təklif olunur. Ancaq hələ son toqquşmalardan xeyli əvvəl Qarabağ erməniləri bu ideyanı ən yaxşı halda qeyri-real, ən pis halda isə hiyləgər sayırdılar».

Daha sonra diplomatik dairələrdə Madrid prinsiplərinin dəyişik formasının müzakirə olunduğu söylənirdi. Dağlıq Qarabağın şərqində və cənubunda bəzi ərazilər Azərbaycanın yurisdiksiyasına qaytarılır, Qarabağ ermənilərinə təhlükəsizlik və özünüidarəetmə təminatı verilir. Bu halda azərbaycanlı köçkünlər torpaqlarına qayıda bilir, Qarabağ erməniləri məhdud şəkildə tanınır və sülh prosesinə qoşulur.

Müəllif yazır ki, bu zaman da tərəflər bəzi güzəştlərə getməli olacaqlar. Ermənilər Dağlıq Qarabağda yaşayış məntəqələrinə daha yaxın yeni təmas xəttini qəbul etməlidirlər. Azərbaycan işğal olunmuş ərazisinin bir hissəsini əldə edəcək, ancaq bu halda yeni təmas xətti möhkəmlənə bilər: «Cənubi Qafqaza Rusiya sülhməramlıları girdimi, çıxan deyil».

Yazıda vurğulanır ki, əslində, bütün bu tələblərdən heç biri ermənilərlə azərbaycanlıların birgəyaşayışını nəzərdə tutmur. Bu mövzu münaqişənin sülh yoluyla həllinə zərbə vuracaq bir tabu sayılır.

Müəllif indiki durumda ATƏT-in 3 öhdəliyi yerinə yetirməsinin vacibliyini vurğulayır. Birincisi, tərəflərin təhlükəsizliyi təmin olunmalıdır. Tərəflər bunsuz siyasi razılaşmaya gərəkən riskləri gözə almağa meylli deyillər. İkincisi, tərəflərin siyasi narahatlıqları müzakirə olunmalıdır. Ancaq prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüşlər keçirmək yetərli deyil. Danışıqlar şaxələndirilməlidir, işçi qruplar, xüsusi elçilər prosesin irəliləməsinə xidmət etməlidir. Və nəhayət, sonuncu öhdəliyi beynəlxalq ictimaiyyət sərgiləməlidir. Son toqquşmalar hərtərəfli araşdırılmalıdır. ATƏT atəşkəs pozuntularını araşdırmağa mandatının yetmədiyini bildirir. Bu mandata yenidən baxılmalıdır.

XS
SM
MD
LG