Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:57

"Panama sənədləri"ndən erməni generalın da adı çıxdı


Mihran Poghosyan
Mihran Poghosyan

►Deyir ki, heç bir biznesim yoxdu...

Mihran Poghosyan həm ədliyyə general-mayoru, həm də Ermənistanda Qanunların Baş İcbari İcraçısıdır. Belə görünür ki, o bu siyahıya üçüncü titulu da əlavə edə bilər: ofşor ustası.

Baş İcraçının vəzifəsi bütün məhkəmə qərarlarının düzgün icra edildiyinə nəzarət etməkdir. Təbii ki, belə bir vəzifəni tutmaq üçün ölkənin bütün qanunlarının və qaydalarının detalları barədə ətraflı biliyə malik olmalısan.

Poghosyan bununla kifayətlənməyib, ofşor yurisdiksiyası barədə də dərin "biliyə" yiyələnibmiş. Belə ki, o və onun qohumları bir neçə ofşor şirkətin sahibidirlər. Bu şirkətlərdən bəziləri elə qurulub ki, onların əsl sahiblərini tapmaq son dərəcə çətindir.

Anladığınız kimi bu əməliyyatların da detalları Panama hüquq şirkəti olan Mossack Fonseca-nın "Panama Sənədləri" adı ilə ictimaiyyətə sızmış daxili sənədləri arasındadır.

Bu məlumatı Almaniyanın "Süddeutsche Zeitung" qəzeti əldə edib, Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) isə onu 82 ölkədə 110-dan çox media tərəfdaşı ilə paylaşıb.

40 yaşlı Poghosyan peşəkar karyerasına Ermənistanın Milli Təhlükəsizlik Xidmətində (MTX) başlayb. Poghosyanın Grigor (Grisha) Haroutyunyan adlı dayısı həmin vaxtlarda MTX maliyyə şöbəsinin rəis müavini olub.

Panama Sənədlərindən Poghosyanın 2011-ci ildən bəri Panamada qeydiyyatdan keçmiş üç şirkətlə bağlı olduğu görünür: Sigtem Real Estates Inc., Hopkinten Trading Inc. və Bangio Invest S.A. Poghosyan ilk iki şirkətin yeganə sahibidir. Ancaq Bangio-nun neçə faizinin ona məxsus olduğunu sənədlərdən təyin etmək olmur.

İqtisadiyyat sahəsində təhsil almış Poghosyan, öz səhmlərini "daşıyıcı səhmlər" kimi tanınan maliyyə aləti vasitəsilə saxlayıb. Əsl sahiblə bağlı şəffaflığı minimuma endirmək üçün dizayn olunmuş bu üsulun tətbiqi zamanı səhmləri fiziki olaraq saxlayan şəxs onların sahibi olur. Səhmləri çıxaran şirkət nə səhm sahibinin qeydiyyatını aparır, nə də onun transferlərini izləyir.

Poghosyan Sigtem Real Estate və Hopkinten Trading-dəki səhmlərini 2011-ci ilin martında əldə edib. Həmin vaxt o artıq ölkəsinin Baş İcraçısı vəzifəsini tuturdu. Bangio-ya gəlincə isə o oradakı səhmlərini 2005-ci ildə əldə edib.

Sigtem Real Estates və Hopkinten Trading öz növbələrində "Best Realty Ltd." adlı şirkətin bərabərhüquqlu sahibləridir. Bu şirkət Ermənistanda qeydiyyatdan keçib. "Best Realty" 2015-ci ildə Yerevanda Karen Demirchian adına İdman və Konsert Kompleksinin dəyərləndirməsini aparmış şirkətdir. Ermənistan hökuməti bu kompleksi bir xarici investisiya qrupuna satmaq qərarına gəlmişdi.

O zaman "Best Realty" həmin bu idman kompleksinə 26 milyon dollar qiymət qoyub. Belə görünür ki, kompleksin rəhbərləri "Best Realty"nin kimə məxsus olduğunu bilmirlərmiş. Qiymətləndirmənin aparıldığı gün Qərarların İcbari İcrası Xidmətinin bütün heyəti kompleksdə peyda olanda onlar təəccüblənmişdilər.

QİX öz işləri üçün müxtəlif tikililərin qiymətləndirməsini məhz "Best Realty"yə həvalə edib.

Mossack Fonseca sənədlərindən belə görünür ki, Sigtem Real Estates Inc. və Hopkinten Trading Inc. İsveçrənin LGB Bankında hesablar açıblar və Poghosyan bu hesabları idarə etmək səlahiyyətinə malik şəxs olub. Sigtem Real Estates Inc.-in direktoru və prezidenti Ermənistan parlamentinin üzvü Artur Stepanyandır. Ermənistan qanunlarına görə parlament üzvlərinin vəzifə tutduqları dövrdə biznesləri idarə etməsi qadağandır.

Bangio Invest S.A.-ə gəlincə, o, Ermənistandakı "Fresh Ltd." şirkətinin yeganə sahibidir. Bu şirkət ölkədəki "Fresh" supermarketlər şəbəkəsinin sahibi olub. Ancaq sonradan bu şəbəkə fəaliyyətini dayandırıb. İndi onun Yerevanda təkcə bir supermarketi qalıb, onun da sahibi Ketrin Groupdur.

"Bangio"nun İsveçrənin Dresdner Bankında hesabı var. Bu hesaba Poghosyanla dayısı Mikhail Haroutyunyan nəzarət edirlər.

Poghosyan "Haykakan Zhamanak" qəzetinə öz biznes tarixçəsini gizlətmədiyini deyib: "Mən tez-tez demişəm ki, hökumət rəsmisi olmazdan əvvəl mənim bizneslərim olub və bu bizneslər gəlirlə işləyib. İndi kommersiya müəssisələrinə icarəyə verilmiş bəzi binalar və tikililər var....Hökumət rəsmisi olaraq mənim heç bir biznesim yoxdur. Ailə üzvlərimə gəldikdə isə arvadımın da biznesi yoxdur, uşaqlarımınsa 14, 15 və 4 yaşları var," deyə o bildirib.

Mossack Fonseca-nın sənədləri arasında adı çəkilən şirkətlərin hər hansı birinin sahibliyinin dəyişməsi barədə heç bir məlumat tapılmayıb.

2013-2014-cü illər arasında Poghosyan borcların qaytarılması üçün dörd dəfə məhkəməyə müraciət edib.

2013-cü il aprelin 4-də "Star Divide CJSC" adlı şirkəti məhkəməyə verərək onun 53 milyon dram (110000 dollar) ödəməsini tələb edib. Ancaq ilkin araşdırma dövründə o öz şikayətini geri götürüb və bildirib ki, "şirkət tələb olunan bütün məbləği nəğd şəkildə qaytarıb."

Poghosyan eyni gündə "Byourakn Ltd." adlı şirkəti də məhkəməyə verərək onun 4.7 milyon dram (təqribən 9800 dollar) ödəməsini tələb edib və eyni qaydada tezliklə şirkətin bu məbləği ödədiyini bildirərək şikayətini geri götürüb.

Digər iki halda da Poghosyan şirkətləri məhkəməyə verərək onlardan iri məbləğlər tələb edib.

2015-ci ildə Poghosyanın bəyan edilmiş gəlirləri və nəğd vəsaiti kifayət qədər kiçik, 22,359 milyon dram (46300 dollar) olub ki, bunun da 12,5 milyonu (26000 dollar) maaş, qalanı isə toplanmış ianə haqları olub. O, malik olduğu xarici valyutanı 200000 ABŞ dolları və 12000 avro kimi bəyan edib.

Yerevanın mərkəzi. İllüstrasiya
Yerevanın mərkəzi. İllüstrasiya

Poghosyanın arvadı isə 2014-cü və 2015-ci illər üçün heç bir gəlir bəyan etməyib. Hərçənd, həmin vaxt o özü üçün 70000 dollar dəyəri olan Range Rover Sport-HSE avtomobilini alıb.

Yuxarıda adı çəkilmiş Ketrin Group Ltd., banan, sitrus və tropik meyvə idxalçısıdır. Öz sahəsində monopoliyaya malik olan bu şirkət də Poghosyanla birbaşa bağlıdır.

Poghosyan öz tərcümeyi-halında bu şirkəti 1997-ci ildə yaratdığını qeyd edir. Ermənistanın Dövlət Reyestrində göstərilmiş məlumata görə, o bu şirkətdəki paylarını 2008-ci ilə qədər saxlayıb. Poghosyanın həyat yoldaşı Karineh Mkhitaryan isə 2015-ci ilə qədər bu şirkətdəki payların sahibi olub.

2012-ci ildə şirkətin səhmləri tədricən ofşora, Panamaya köçüb. Bu gün bu şirkətin yeganə sahibi Panamada qeydiyyatdan keçmiş Cendoline Corp. şirkətidir. Panama Sənədlərində bu şirkət, yaxud onun sahibləri barədə heç bir məlumat yoxdur.

2005- 2007-ci illər arasında "Ketrin Ltd.", sonradan "Ketrin Group" adını daşıyan bu şirkətin ziddiyyətli tarixçəsi var. Onun 443,7 milyon dram (920000 dollar) məbləğində vergidən yayındığı iddia olunurdu. Yekunda "Ketrin" Gömrük Komitəsinə 1,33 milyon dollar ödəyərək cəzadan qurtulmuşdu. Hüquq-mühafizə orqanları pozuntunun qaçaqmalçılıq yox, vergidən yayınma halı olduğu barədə qərar çıxarmışdılar.

Son bir neçə il ərzində bu şirkət Ermənistanın əsas vergi ödəyicilərindən biri olub.

Bəzi hallarda Poghosyanın rəsmi şəxs olaraq rolu onun biznesmen həyatı ilə kəsişib. Məsələn, 2015-ci ildə Poghosyan rəhbəri olduğu Qİİ-yə məxdud avtomobillərin təmiri üçün "Ketrin Group"la 6000 dollarlıq müqavilə imzalayıb.

Bundan başqa Poghosyan və qohumları Yerevanın mərkəzində yerləşən eyni binada biznes üçün nəzərdə tutulmuş bir neçə daşınmaz əmlakın sahibidirlər.

Ermənistanın Əmlak Kadastrında əks olunmuş məlumata görə, 32 fərd və şirkət sözügedən binada əmlaka malikdir. Onlardan yalnız biri Poghosyana məxsusdur. Eyni binada 19 məkan Poghosyanın dayısı Grigor Haroutyunyan və onun qızlarının adınadır. Eyni ünvanda "Kavkaskaya Plennitsa" restoranı, "Griar CJSC", "Paris Hotel" və digər şirkətlər yerləşir.

Poghosyanın adı bundan başqa Ermənistanın qış kurort şəhərciyi olan Tzaghkadzorda Kecharis otel kompleksi ilə bağlıdır. Ermənistanın Korporativ Reyestrində göstərilir ki, bu otelin sahibi Poghosyanın Edward Haroutyunyan adlı qohumudur. Həmin bu Edward Haroutyunyan həm də "Best Realty Ltd"nin direktorudur.

___________________________________________________________

Bunlara da bax:
“İlham Əliyev sənə yaxşılıq edib, sən isə...”
"5 rayonu istəyirsənsə, bu təşkilatlara üzv ol"
Müsəlman ölkələrindən Azərbaycana dəstək

___________________________________________________________

2015-ci ildə "Kecharis" mehmanxanasının əlavə tikililər tikməsi üçün icazə ərizəsini Təbiətin Mühafizəsi Nazirliyinə məhz Ketrin Group təqdim edib.

Poghosyanın dayılarının da ofşorda qeydiyyatdan keçmiş şirkətləri var. 2015-ci ildə Mikhail Haroutyunyan Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş Gaitskell Holdings Corp. şirkətinin səhmdarı olub. Gürcü Kopa Tagoushi onun direktoru kimi göstərilir. Bu şirkətin Gürcüstanda iş gördüyü məlum olsa da, nə ilə məşğul olduğu aydın deyil.

Mikhail Haroutyunyanın oğlu Vahanın da Panamada qeydiyyatdan keçmiş şirkəti (Farlen Real Estates Corp.) və İsveçrənin LGB Bankında hesabı var.

Bu ailənin Ermənistanda böyük biznes maraqları var. 2013-cü ildə "Parking City Service CJSC" adlı şirkət Yerevan bələdiyyəsinin pullu parkinq sistemləri ilə bağlı elan etdiyi tenderin qalibi olub. Poghosyanın dayısı Mikhailin oğlu Tigran Haroutyunyanın bu şirkətdə payı var.

Tigran Haroutyunyan həm də dövlət qulluqçuları üçün mənzillərin tikilməsi ilə bağlı hökumət tenderini udmuş Mikshin Ltd.-nin yeganə sahibidir. Müqavilənin dəyəri 800 milyon dramdır (166000 dollar)

Bütün Ermənistan ərazisində metal toplama və əritmə mərkəzləri olan Metexim Ltd. şirkətinin də 98%-i Mikhail Harutyunyana aiddir. Bu şirkət metal qırıntılarını ixrac etməklə məşğuldur. O həm də tikinti avadanlığı təchizatı, dəmiryol nəqliyyatının təşkili, habelə karqo daşımaları ilə məşğuldur.

Poghosyanın dayısı Mikhail həm də MikMetalCJSC-nin 25%-nin sahibidir. Şirkətin yerdə qalan 75%-i isə Kiprdə qeydiyyatdan keçmiş Morako Holdings Ltd.-yə məxsusdur.

Kiprin Korporativ Reyestrində göstərilir ki, Morako Holdingsin sahibi elə Kiprdə qeydiyyatdan keçmiş üç şirkətdir. Ancaq onlar da Mossack Fonseca kimi müştəriləri üçün ofşor şirkətlər yaradan bir hüquq şirkətinin nümayəndələridir. Bu şirkətlərin də məqsədi şirkətin əsl sahiblərini gizlətməkdir.

Mikhail Haroutyunyanın arvadı Narineh Aghasaryan "Yerkir Nairi" adlı turizm agentliyinin yeganə sahibi və rəhbəridir.

Vəzifədə olduğu dövrdə Poghosyan ailəsinə aid şirkətlərlə bir neçə sövdələşmə həyata keçirib. Onlardan biri Griar Telecom Ltd. ilə 2012-2016-cı illər üçün ictimai və şəhərlərarası telefon xidmətlərinin göstərilməsi ilə bağlı bağlanmış 11,5 milyon dramlıq (təxminən 24000 dollar) müqavilədir.

Griar Telecom tikinti nəhəngi Griar CJSC ilə bağlıdır. 2004-cü ildə bu şirkət Yerevanın Əsas Prospekti boyu altı 14 mərtəbəli binanın tikilməsi üçün işin əsas hissəsini almışdı.

Poghosyanın dayısı Grigor Haroutyunyan Griar CJSC-nin direktorlar şurasının prezidentidir. Onun kürəkəni Artur Hordanyan isə şirkətin direktorudur...

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel radio proqramında

Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi
“5 rayonu qaytarmaq istəyirsənsə, bu iki təşkilata qoşul”
Müsəlman ölkələrindən Azərbaycana dəstək

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel TV proqramında

Rusiya-Ermənistan münasibətləri dördgünlük döyüşdən sonra...
Kreml Putinin əvəzinə üzr istədi
Rusiya Ermənistandan uzaqlaşır, yoxsa...?
Gözlə

No media source currently available

0:00 0:15:37 0:00

Buna da bax: Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]

Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

XS
SM
MD
LG