Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:39

Azərbaycanda da Eximbank yaratmaq təklif olunur


Eximbank (arxiv)
Eximbank (arxiv)

İndiki durumda hökumətin başlıca iqtisadi vəzifəsi ixracı şaxələndirib artırmaqdır. Səbəb aydındır: Ölkəyə gərəkli valyuta ixracla gəlir. Hələlik, hökumət bunu bacarmayıb. İxracın neftdən asılılığı davam edir və həcmi də getdikcə azalır.

Düzdür, ixraca dəstək planları açıqlanır. Məsələn, iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Azərbaycanda kredit ayrılarkən, ixracyönümlü məhsul istehsalçılarına əlavə güzəştlər ediləcək. Onun sözlərinə görə, bu məqsədlə indi qanuna dəyişikliklərlə bağlı iş aparılır.

İqtisadiyyat nazirinin qeyd etdiyi məsələ - sahibkarların ucuz maliyyəyə çıxış imkanıdır. Bu, onların əsas problemi olaraq qalır. Ancaq sual da yaranır: Kommersiya banklarının durumunu gözə alsaq, bu, nə qədər mümkün görünür? Axı dünya təcrübəsində ixraca dəstəkdən ötrü idxal-ixrac bankları («Eximbank») yaradılır.

Təməli 1906-cı ildə İsveçrədə atılan, ilk dəfə dövlət qurumu kimi, 1919-cu ildə İngiltərədə qurulan və ən geniş yayılmış adı «Eximbank» olan bu bankların sayı 200-dəkdir. Belə banklar indi dünyanın 100 ölkəsini əhatə edir. Qonşu Türkiyənin də təcrübəsi uğurlu örnəklərdən sayıla bilər.

«Türk Eximbank»ın rolu

1987-ci ildə qurulan «Türk Eximbank» qısa müddətdə dünyanın ixraca dəstək qurumları arasında ilk 20-lər sırasına yüksələ bilib.

İqtisadçı Sevda İmamverdiyeva ixracın şaxələndirilməsində «Türk Eximbank»ın öz ölkəsindəki roluna diqqət çəkir. Onun sözlərinə görə, Türkiyədə ixracatın həcm və çeşid baxımından artırılmasında, bu bankın ayrıca xidməti olub və qurum 2013-cü ilədək 103,7 milyard ABŞ dolları məbləğində ixrac kreditləri verib:

«Nəticədə, 1989-cu illə müqayisədə 2013-cü ildə Türkiyə ixracatının məbləği 12,1 dəfə və ya 140,18 milyard ABŞ dolları artıb. 1989-cu ildə Türkiyənin ümumi ixracatı 11,62 milyard ABŞ dolları, 2013-cü ildə isə 151,8 milyard ABŞ dolları olub».

«Azərbaycan İdxal-İxrac Bankının yaradılması artıq qaçılmazdır»

S. İmamverdiyeva deyir ki, indiki durumda Azərbaycanda da idxal-ixrac bankının – «Eximbank»ın yaradılması artıq zərurətdir: «Çünki ixrac zəncirinin bütün halqaları - istehsalçı, ixrac potensialı, ixrac həvəsində olan sahibkarlar, məhsulun rəqabət qabiliyyəti və ölkə ixracının diversifikasiyasını qarşısına məqsəd qoymuş hökumət və s. var. Çatışmayan - ixracatı maliyyələşdirən mexanizmin olmamasıdır».

«Kreditləri ayrıca bir bank və ya fondun verməsi məsələnin texniki tərəfidir»

İqtisadiyyat eksperti Qalib Toğrul yada salır ki, ötən ilin sonundan bəri qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq və ixracatın təşviqi üçün çox mühüm sənədlər qəbul olunub: «Əvvəlki sürətlə olmasa da, proses davam edir, yeni sənədlər hazırlanır. Bir neçə ay əvvəl prezident Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlərin verilmə qaydasının sadələşdirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə xüsusi tapşırıq da vermişdi. Ümumiyyətlə, belə təcrübələr var, ixrac məhsulu istehsalçıları əlavə güzəştlər alırlar. Bura kredit, vergi, gömrük güzəştləri daxildir. Dünyada bundan ötrü xüsusi bankın yaradılması təcrübəsinə də rast gəlinir. Kreditlərin xüsusi bir bank və ya fondun verməsi məsələnin texniki tərəfidir».

«Kredit olmasa, özəl sektor böyüməyəcək»

Ekspertin fikrincə, əlavə güzəştləri təkcə ixracyönümlü məhsul istehsalçıları almalı deyil: «Özəl sektorun ən böyük problemlərindən biri maliyyə əlçatanlığının olmaması və ya aşağı səviyyədə olmasıdır. Bu, özəl sektorun ayağına vurulmuş buxovdur. Kredit olmasa, özəl sektor böyüməyəcək. Maliyyə özəl sektor üçün əsas şərtdir. Sahibkarlıq mühitinin inkişafını əngəlləyən inzibati baryerlər aradan qaldırılmasa, o zaman ixrac yönümlü məhsul istehsalçısına kredit verilməsi adı altında ictimai vəsaitlərin mənimsənilməsi davam edəcək və... Və ayrı-ayrı məmurların i nhisarındakı sahibkarlıq subyektlərinə böyük kreditlər ayrılacaq».

«Kommersiya banklarının özəl sektoru maliyyələşdirmək imkanları çox azdır»

Q. Toğrul bildirir ki, kommersiya banklarının özəl sektoru maliyyələşdirmək imkanları çox aşağıdır: «Bunun əsas səbəbi bir ildə iki devalvasiyanın bank sektoruna vurduğu zərbədir. Ancaq devalvasiyalardan əvvəl də özəl sektorun maliyyə əlçatanlığı problemi vardı. Əsas problem ayırdığı kredit müqabilində bankların likvid girov tələb etməsi və «şapka» məsələsi idi. Ayrıca bankın – «Eximbank»ın qurulmasına gəlincə, bu, hələ ötən əsrin 30-cu illərində təşəkkül tapmağa başlamış bir fəaliyyətdir. Postsovet ölkələrindən Rusiyada, Ukraynada, Qazaxıstanda, Moldovada bu təcrübədən istifadə olunur».

Ekspert deyir ki, yaradılacaq «Eximbank» ilk dövrdə ixracyönümlü istehsala ucuz kreditlər ayıra və onların xaricdən cəlb etdikləri kreditlərə təminat verə bilər: «Sonrakı dövrdə bu bankın fəaliyyət dairəsini genişləndirmək olar. Tutalım, Azərbaycan şirkətlərinin xarici investisiyalarının da bir hissəsi maliyyələşdirilə bilər və s.».

XS
SM
MD
LG