Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:34

Bütün sahələrdə kreditləşmə azalıb


Arxiv fotosu
Arxiv fotosu

Bu ilin 1-ci rübünün yekununa görə, Azərbaycan bankları və bank olmayan kredit təşkilatları ölkə iqtisadiyyatına 19 milyard 687 milyon manat kredit qoyub. Mərkəzi Bankın bilgilərində belə deyilir.

Fins.az xəbər verir ki, kreditləşmə iqtisadiyyatın bütün sahələrində azalıb.

Ticarət və xidmət sektorunda kredit qoyuluşu 56,6 milyon manat azalaraq 2 milyard 800 milyon manat olub. Bu sahənin kreditləşməsinin ümumi kredit qoyuluşunda payı isə 0,1 faiz artaraq 14,2 faizə yüksəlib.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna kredit qoyuluşu isə 1 milyon azalaraq 298,2 milyon manata düşüb. Sektorun payı isə 1,5 faizdir.

İnşaat və əmlak sektorunda azalma da cüzi olub – 1,6 milyon manat. Bu sahədə kreditləşmə 3 milyard 54,8 milyon manat təşkil edib. Amma ev tikintisi ilə məşğul olanların payı 15 faizdən 15,5 faizə yüksəlib.

İstehsal sektoruna kreditlərdə kəskin eniş

Sənaye və istehsal sektorunun payı isə kəskin azalıb – 354 milyon manat. Bu sahəyə bütün kreditlərdən 1 milyard 369 milyon manat və yaxud 7 faizi yönəldilib. Amma bu nisbət fevralın yekununda 8,5 faiz olub.

Nəhayət, fiziki şəxslərə verilən istehlak kreditləri də azalıb. Ev təsərrüfatlarının kreditləşməsi 156,5 milyon manat azalaraq 7 milyard 583 milyon manata düşüb. İstehlak kreditləşməsinin payı isə ötən ilin oktyabr ayından bəri ilk dəfə artıb – 38,1-dən 38,5 faizə yüksəlib.

Problemli kreditlər...

Problemli kreditlərin durumunda ciddi dəyişiklik nəzərə çarpmır. Mərkəzi Bankın bilgilərinə görə, birinci rübün yekununda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat təşkil edib. Bu göstərici ilin 2-ci ayının yekunu ilə müqayisədə 3 milyon manat azdır.

Ancaq bununla belə, ay ərzində problemli kreditlərin ümumi kredit qoyuluşunda payı 0,2 faiz artaraq 6,7 faizə yüksəlib.

XS
SM
MD
LG