Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

Rahim Əliyev. Tanya və Atamoğlan (hekayə)


Rahim Əliyev
Rahim Əliyev

-

Yaxşıxanım bunları eləsəydi, bəlkə acığı gələrdi, amma Tanyanın eyib hərəkətləri də onun xoşuna gəlirdi...

Volqa rusları çox kasıb idilər. Qrişa Volqaboyu ruslarıynan yaxınlıq edir və əlbət ki, araq da içirdi olarnan...


Müəllifin orfoqrafiya üslubu saxlanıb

Rəhim Əliyev

RUS QIZI

1903-cü ildə tağ evi sökdürüb yerini təzə tikinti üçün təmizləyəndə Yusif baba onun yuxusuna gəldi. Qara, çirkli paltarı cir-cındır idi, amma sifəti, ağappaq saqqalı tərtəmiz di, nur saçırdı.

Qoca püstə ağacının kölgəsində oturmuşdu, Atamoğlan isə tağ evin yerinə baxırdı. Yusif baba ona üz tutub şirin, yapışıqlı ləhcə nən dedi:

–Oğlum, tağ evi nöş sökdün, o bizim deyildi, onu ocaq tikmişdilər, rahiblər tikmişdi, aralarında nəsturi də, hürufi də, moltanı da vardı, o daşları o cür hamar allah xatirinə yonmuşdilar.

–Ay baba, baxişla məni. Səhv elədim. Səhmannıda hamı ikimərtəbə tikir, dedim qoy bizə də qismət olsun... Narahat olma ay baba. Daşları təzə binanın divarına qoyacıq...

Sonra Yusif baba başını buladı və Atamoğlan ancaq onda gördü ki, qoca ağlayır. Onu da ağlamaq tutdu. Hönkürəndə öz səsinə oyandı. Onu xəcalət təri yuyub aparırdı. Qocanın ağlayan, çuxura düşmüş gömgöy gözləri gözünün qabağından getmirdi. Neçə dəfə bismillah deyib həyətə çıxdı.

Aylı, apaydın, küləksiz gecə idi. Tağ evin dirsəkdən uzun, üzü yonulub hamarlanmış daşları söküntüdən aralı səliqə ilə düzülmüşdü.

Atamoğlan qəti qərara gəldi ki, tağ evin yerində heç nə tikməsin.

Amma Səhmannıda pıçhapıç başlandı: biri dedi pulu qurtarıb, ikincisi dedi hökumət icazə vermir. Faytonçu hər gün xəbərləri qoyurdu onun ovcuna.

Amma Atamoğlan icazə də almışdı, ev cün layihə də çəkdilər. Çünki Səhmannı torpağı Nikolay padşahın xəzinəsinə götürülmüşdü. Hər kəs bilməli idi ki, padşahın torpağında icarəçi di. Müqaviləyə öz balaca möhürünü vurmuşdu, amma ürəyində gülürdü bu işə. Nadir şah da əslində icarəçi oldu, amma torpaqları özünki sayıb, payladı göyüşçülərə və ölüb getdi.

Sonra Nikolay padşahın zopası gəldi, dedi torpaqlar mənimdi. Amma o da ölüb gedəcəkdi. Atamoğlan üçün yəqin iydi bu. Amma torpaq, daş-divar yerində qalacaqdı. Çünki torpaq heç vaxt heç kimin olmur, çaşmış adamlara belə gəlir.

Dünyanın baş yaran zopası əldən ələ keçir, məxmər çul bir xərdən digərinə qoyulur. Bütün haqlar zopadan yaranır, zopatutanda olur. Torpaq var di. Qalanları icarəçi di, buların mülk xülyaları da fani di, şirin bir məcaz di. Sahiblər öləndə hüquqlar da, kağız və xəritələr də mənasız olur. Atamoğlan sağlam düşümcə nən bunları annırdı.

Amma o da adamların arasında yaşırdı, həmişə onlar kimi olmağa çalışırdı. Yuxusu yadından çıxandan sonra taq evin yerində işləri təzədən başladı. Payız tikinti işləri başladı və bahar ağzı tamamlandı. Atamoğlan İkimərtəbəni tikdi. Amma ürəyində şək-şübhə qaldi. Bu həmin ikimərtəbə idi ki, sovet vaxtı klub, hərbi komissarlıq, bağça oldu. Hamısı da dağıldı. Heç zad baş tutmadı həyətdə.

Amma ev tikiləndən sonra Yusif baba yenə onun yuxusuna gəlirdi hərdən. Yan evdən çıxıb işlərinin dalınca həyətdən çıxıb gedəndə Yusif babanı yenə ikimərtəbənin qabağında, çoxdan qurumuş püstə ağacının dibində görürdü. Bu yuxular Atamoğlana elə yer elədi ki, səhərlər köndələn evdən çıxanda qayğılanırdı, bismillah deyirdi, elə bilirdi ki, ikimərtəbənin qabağından keçəndə yenə Yusif babanı və onun narazı baxışlarını görəcək.

Beləcə, yavaş-yavaş Atamoğlan öz həyətində bir yadlıq hiss elədi və səhərlər duran kimi Sabunçuya tələsməyə başladı.

Atı qovmayanda Sabunçuya yol bir saatlıq di. Heç yerdə yoldaki kimi özünü rahat hiss eləmirdi, bu, çölçü instinkti idi. Kişi gözlərini yumub fikrə gedirdi, bir yol axtarırdı. Həmişə fəxr elədiyi həyət ona yad olmuşdu, annıyırdı ki, həyətdən qaçır. Tanyanın yanına gedir. Bu qadın onun hesabdarı Qrişa Postnikovun bacısı idi. Onlar Şamaxıda, malağanların kəndində tanış olmuşdular. Qrişa elə həmişə onu kəndlərinə dəvət elirdi. Bir dəfə yay ağzı getdilər həmin kəndə, Şamaxınin yuxarısında idi. Bu yerlər və yollar Atamoğlana doğma idi, cavanlıqda bir ayağı buralarda böyümüşdü.

Kənd meşənin qırağında, sısqa çayın dərəsində idi. Balaca taxta kilsəsi, otuzacan evi vardı. Kənddə hər yer ağ əhəng nən ağardılmışdı. Malağanların səliqəsi onun xoşuna gəldi. Qrişanın qoca, amma çəyirtkə kimi zirək anası, bir də dul bacısı vardı, adı Tanya idi.

Tanyanın qardaşı kimi xırda, amma gömköy gözləri vardı. Orta boy, dopdolu, otuz beş yaşında qadın idi. Qardaşı kimi türksə yaxşı danışırdı. Ana-bala Atamoğlanın gəlişi münasibəti nən soyutma bişirdilər bir qazan. Gələndə Şamaxıda bazarlıq elədilər, xeyli də içgi almışdılar. Qrişa iri, göyümtül araq şüşələrini gizlətdi, Atamoğlana başa saldı ki, yeməyə oturanda Starosta gələcək.

Bu kişi həm keşiş və həm də icmanın rəhbəri sayılırdı. Malağan kəndlərində strostaların sözü qanun idi. Onların əsas vəzifəsi ata-baba qaydalarına əməl edilməsinə nəzarət idi. Bu qaydalardan biri də starover ruslarında araq içməyin qadağan olması idi. Amma starosta bilirdi ki, Postnikov Bakıda içir, kənddən çıxanların hamısı kimi. Malağanlar Bakıda neftdə işləyirdi, ən çox da taxta işinə baxırdılar. Ruslar gələndən sonra neft quyuları daş nan tikilmirdi, divarlar taxta nan bərkidilirdi. Xəzər nən gələn taxta daşdan ucuz çıxırdı. Neft quyularının divarlarını taxta nan bərkitmək rus ustalarının işi idi.

O vaxt iş tapmaq üçün həm Volqa boyundan kazaklar, həm bölgələrdə yaşayan malağanlar gəlirdilər. Urusyetdən quraqlıq illərdə gələnlər çox kasıb, pinti idilər, peşələri də yox idi, qara fəhlə də işlirdilər. Amma öz malağanlarımız taxta ustası idilər, həm də at arabaları, balıqçılar cün qayıq, ev tikənlər çün qapı-pəncərə bağlırdılar.

Arabalara böyük ehtiyac vardı: həm neft işində, həm də tikintidə yük daşınırdı. Volqa rusları çox kasıb idilər. Qrişa Volqaboyu rusları nan yaxınlıq edir və əlbət ki, araq da içirdi olar nan.

Qarişanın anası və bacısı onu gülərüz qarşıladılar. Əvvəla onu qiyabi tanırdılar, ikinci tərəfdən də bilirdilər ki, Qrişanın onlara yolladığı pullar Atamoğlanın ona verdiyi maaşdan idi. Həm də bu ailədə bir rus sadəliyi vardı və bu, Atamoğlana çox xoş gəlirdi. Əvvəllər ermənilərlə yaxınlığı olsa da, ruslara bələdliyi yox idi.

Süfrəyə oturanda balacaboy, kötüyə oxşayan Starosta iy bilirmiş kimi gəldi, Atamoğlan nan görüşüb oturdu. Xırda dözləru, bozarmış lopa qaşları vardı. Qaş-qabağından Atamoğlan gördü ki, onun gəlişinə sevinmir.

Starosta bir saat oturub doyunca çoban soyutmasından yedi, stola qoyulmuş meyvə sularından içdi, amma qaş qabağı açılmadı. Bir qədər də Qrişanın anası nan rusca mübahisə elədi. Dili bilməsə də, Atamoğlan annadı ki, arvadı danlır.

–Nədən narazıdı?– Atamoğlan Qrişadan soruşdu.

–Soruşur qonaq kimdi, necə gün qalacaq. Bizinm obşinada xam adam sevmirlər – Qrişanın yerinə Tanya cavab verdi,– ləhcəsi bir balaca bilinirdi, amma Şamaxı camaatı kimi səliqəli nitqi vardı. Atalarının Şamaxıda balaca araba karxanası varmış, rəhmətlik gözəl xarrat idi, atlar üçün yük arabaları yığırdı. Evləri müsəlmanlar nan həmişə insiyyətdə yaşamışdı, onlardan pul qazanırdılar.

–Anam cavabını verdi, –Qrişa bacısının sözünü davam elədi,– bizim ev kəndin gəlirindən asılı deyil... Biz heç nə əkmirik, anam kartof və sarmısaq əkir, başqa heç nə... Arxdan su vermir, qoy verməsin.

Qrişa izah elədi ki, malağan kəndlərində icmanın qalıqları güclü di, bir çox işlər, taxıl, qarğıdalı, günəbaxan əkini, ot çalımı kollektiv görülür, məhsul da sonradan bölünür. Müsəlmanlar inək saxlamağı, atları arabaya qoşmağı malağanlardan öyrəniblər. Amma inək tələb edirdi yayda ot çalıb yığmağı. Hər qapıda inək olsa da, çalınan otdan qışda birgə istifadə edirdilər. Bu işlərin hamısına starosta başçı di. Onların ailələri bu bölgüdən çox da asılı deyildi, hərçənd ki, anası və bacısı ümumi işlərdə iştirak edirdi və starosta ilə ürək nən danışa bilirdilər.

Qrişa danışınca Tanya dirsək boyda köyümtül araq şüşəsini stolun üstünə qoydu. Ortalıq stolunda üzbəüz skamya vardı, oturacaq ümumi idi. Arvad şüşəni ortaya qoyub yenə Atamoğlanin yanında, uzun skamiyada oturdu, ana nan oğul isə üzbəüz. Məclis təzədən başladı. Qrişanın anası hardansa taxta çaşkalar gətirdi, amma üç dənəsini. Özü içmirdi. Qrişa çaşkanı dolu-dolu içir, meyvə suyu nan acısını öldürürdü. Atamoğlan tamam az içir, keflənib rüsvay olmaqdan qorxurdu. Amma Tanya da elə qardaşı kimi dolu çaşka nan içirdi. Atasından, onun necə usta olmasından danışırdı. Atamoğlan da qulaq asır, Tanyanın qabağa çıxmış döşlərinə, boyun-boğazına baxırdı.

Qadının ağ, xırda ağ güllü paltarı boğazlı idi, amma o araqdan içdikcə yaxasının düymələrini bir-bir açırdı. Onun üzü otuz beş yaşına görə yaşlı görünürdü, üzünün sarı dərisi qaysaq bağlamışdı, gözlərinin, ağzının dövrəsində narın qırışlar vardı. Atamoğlan annayırdi ki, bunlar uşaqlıqdan gün altında işləməkdəndi. Göy gözləri bir az yorğun idi, yuxusuz adamın baxışına bənziyrdi.

Araqdan qızın üzü qızardı, amma dirsəyəcən çirmələdiyi qolu totuq və ağappaq, sağlam idi. Üzünün qaysağından tamam alayı idi. Qız bütün söhbəti Atamoğlan üçün danışırdı, onun gözünün içinə baxırdı hərdən. Kişi də onun üzünü diqqət nən süzür, yaraşıqlı olub-olmadığın ayırd eləmək istirdi. Xristian arvadları yaşmaqsız idilər, bunun yaxşı olduğu barədə fikirləşirdi. Oturub qadının yaraşığına istəkcə baxa bilirsən.

Birazdan Qrişa səndələyə-səndələyə ot topasəna sari gedib onun üstünə sərildi.

–Dolu parcnan içəndə belə olar, saman sənin döyül, samannıq ki sənindi, – Atamoğlan nəsə danışmaq çün dedi.

–Heç nə olmaz, – dedi Tanya, sonra Atamoğlanın gözlərinin içinə baxıb dedi, – Ata xozeyn, mən də Baklıya köçmək istirəm...

–Nə var Bakıda, külək göz çıxarır, yaşa anan nan, belə gözəl yerdi... Bakıda nə iş görəssən? –dedi Atamoğlan.

–Nə olsa, görrəm... Mənim uşağım olmur, Qrişanın da olmur. –Tanyanın gözləri yaşardı. Mən on il ərdə oldum, uşağım olmadı. Bizdə bu ən pis şikəstlik sayılır. Ərim cavan qız aldı, indi üç uşağı var...

–Allahın məsləhəti belə imiş...–Atamoğlan təskinlik vermək istədi qadına.

–Burda mənə pis baxırlar, starosta məni incidir, ən ağır işlərə yollayır məni, əllərimin içi daş olub...– Tanya əlini Atamoğlana uzadıb ovcunun içini göstərdi, onun əlinə toxundu.

Atamoğlanın ürəyi döyündü, iki barmağını qızın əlinin içinə sürtdü, daş kimi bərk idi. Arvad ikinci əlini kişinin əlinin üstünə qoydu, sonra yerindən qalxıb özünü Atamoğlanın böyrünə sıxıb kişinin əlini öpdü. Kişi qadının təmasını hiss elədi, yüngülcə başı fırlandı, fikirləşdi ki, daha içmək olmaz. Əlini qadının əlindən çəkdi. Amma Tanya ona yapışıq oturduğu yerdən tərpənmirdi.

–Qrişa dedi ki, arvadınız xəstədi, mən kömək elərəm, sizə qulluq edərəm. Xidmətçiniz olaram...

Tanyanın sözləri Atamoğlana çoxbilmiş gəldi, amma heç nədən şəklənmədi. İçində onun qəfil ilıqlığına görə razılıq hiss elədi qadına, elə bil ona böyük bir yaxşılıq eləmişdi. Tanyanı Səhmannıya, həyətə, ev qulluqçusu aparmaq mümkün iş deyildi. Kənd-kəsəkdə ruslara çox pis münasibət vardı. Xüsusilə qız-qadının onları görməyə gözü yox idi. Yaxşıxanım da hələ sağ idi, çıxmayan cana güman çox di. Rus qadınını evə buraxmaq deyəsən şəriətə də uyğun deyildi. Rusların murdar-pak anlayışları alayı idi.

–Bizdə kənd yeridi. Sizdəki kimi starota olmasa da, el gözü var. Məni darayarlar buna görə...–Atamoğlan arvadın xətrinə dəymədən izah elirdi ki, rus qulluqçusu saxlamaq Səhmannıda yolverilməzdi...

–Mən bilirəm, Şamaxıda da elədi. Sabunçuda ev tutun, Qrişa deyir ki, xozeynlərin hamısının Sabunçuda ikinci evi var... Mən burda qalmaq istəmirəm, məni aparın Bakıya, hər şeyə razıyam, ölüncə qulluğunuzda olaram...

–Qrişa belə şeyə razı olmaz, bir də yaxşı düşməz, biz birgə işlirik, camaatın ağzın yummaq olmaz...

–Ata xozeyin, Qrişa bilir. Qrişa razıdı... Ona da qulluq elərəm, təkdi orda, qoymaram çox içsin...

Atamoğlan bir söz demədi, o həmişə qərar verməkdə çətinlik çəkirdi, içindəki götür-qoyu dayandıra bilmirdi. Ermənilər nən xeyli macaraları olmuşdu, amma ayrıca bir arvad saxlamaq barədə heç vaxt fikri olmamışdı. Ən çox el tənəsindən ehtiyat edirdi, bir də bu işin nə qədər xərc aparacağını da bilmirdi. Amma Sabunçuda ev tutmaq baha deyildi, bunu bilirdi. Həftədə iki-üç dəfə ora gedirdi, həm bazar vardı, həm də xozeyinlərin yığıldığı çayxana vardı bazarda.

–Qoy bir götür-qoy eləyim... – Atamoğlan qərara gəlmiş kimi idi, amma axır sözünü demədi.

Səhəri gün günorta yeməyinə yaxın Qrişa nan anası yas yerinə getdilər. Qrişanın uzaq qohumu rəhmətə getmişdi. Tanya da təzə paltarlarını geymişdi, amma qardaşı onu evdə qoydu, öz müdirini tək qoymağı rəva bilmədi. Dedi ki, məclis dörd-beş saat çəkir: ölünü basdırandan sonra evə qayıdıb ümumi süfrədə otururlar, keşiş nəsə oxuyur. Sonra yemək yeyirdilər.

Tanya Atamoğlan nan qalmağına sevindi. Anasigil uzaqlaşan kimi süfrə saldı, iri araq şüşəsini, meyvə sularını düzdü stolun üstünə. Üzbəüz oturub çörək yedilər, araqdan içdilər. Birinci badədə ölən qohumu yada saldı. Sonra Tanya öz həyatından danışdı:

–İç il yaxşı yaşadıq, ərim pis adam deyildi. Sonra başladı məni incitməyə. Deyirdi ki, allahın qabağında günahların var, ona görə uşaq vermir bizə. Mən bu kənddə, göz qabağında böyümüşəm, heç bir günahim da olmayıb. Amma o qınayırdı məni, elə hamı qınayırdı ki, tövbə elə, allaha yalvar... Axı mənim günahım yoxdu. Göz açandan işləmişəm. Hər şey çün döyməyə başladı, gedib erməni kəndində içib gəlirdi... Axırda qayıtdım evimizə, Qrişa Bakıya gedəndən anam tək idi... Atam mənim toyumdan qabağ öldu...

–Allah rəhmət eləsin...– dedi Atamoğlan.

–Mənə ağır gəlir axı, hamı məni allah qabağında günahkar sayır, şikəst sayır. Bizdə doğmayan arvadları havayı çörək yeyən sayırlar. Görürəm adamlar çün günahı olan nan olamayan elə bir di. Ona görə mən day dünahsız olmağa çalışmıram. Altı ildi təkəm, itə də məndən çox hörmət elirlər...

Tanya danışır, hərdən oxuyur və araqdan süzürdü. Atamoğlan da qurtum-qurtum içirdi. Və heyran idi ki, dünya necə böyük di, insanların həyatı necə müxtəlif di. Ona görə deyiblər ki, çox oxuyan yox, çox gəzən çox bilər. Rusların yaşayışı ermənilərdən fərqli idi, ermənilər bizə çox oxşurdular. Amma ruslar başqa cürə idilər, çox açıq yaşırdılar. Bu onun çox xoşuna gəlirdi, qınayan olmasaydı gəlib rusların içində yaşar di.

Qadın birdən pıçıltıya keçdi:

–Mən hamamda su qızdırmışam, Ata xozeyin, bizdə qaydadı, kişiləri arvadları çimizdirir. İstirəm səni çimizdirim bizim hamamda. Görəsən ki, mən necə arvadam... Həm də uzaq yola çıxanlar gərək çimsinlər, axı sabah gedəssiz.

Atamoğlanı gülmək tutdu. Səhmannıda o evdə suaxanda çımırdı, dik ayaq üstə durur, Yaxşıxanım ancaq aralıda durub su tökürdü. Başqa heç nə, ev xırda uşaqlar nan dolu idi. Ataları çiməndə uşaqları o biri otağa salırdılar. Tanyanın təklifinə Atamoğlan heç nə demədi, onda keflənmiş arvad ona sürtüşməyə başladı. Onun kişilərin qılığına girmək bacarığı aşkar idi. Anası ona çox şey öyrətmişdi ki, əri onu boşamasın. Tanya üzüyola idi, amma heç nəyin xeyri olmadı. Qaynanası onun ərini evləndirdi.

Yarım saat sonra hamamda kefli Atamoğlan lüm-lüt taxta çəlləyin icinə girdi, ilıq suyun icində oturdu. Tanya elə bil bunu gözlüyürdü, əynindəki paltarı çıxarıb o da lüm-lüt qaldu, yarpaq süpürgəni götürüb Atamoğlanı döyəclədi. Kisi əvvəl-əvvəl qadına baxmağa da utanırdı. Tanyanın bədəni ağappaq, tərtəmiz idi, qaysaq bağlamış sifət, kündən qaralmış biləklər elə bil onun deyildi. Qasığında, qoltyuğu altında üzünün qaysağı rəngində tüklər vardı. Kişi onun hamar, parldayan bədəni, iri döşləri nən məzələnəndə Tanya müqavimət göstərmirdi, özünü elə aparırdı ki, elə bil heç nə baş vermir.

O, taxta cəlləkdən çıxandan sonra Tanya yarpaq süpürgəni Atamoğlana verib, özü çəlləyin içinə girdi. Kişi də onu döyəcləməli oldu, hamam dönüb oldu oyun. Tanya kişinin qasığına baxıb barmağı nan göstərdi:

–Uşaq durub, dayan... –çəlləkdən çıxıb, arxasını Atamoğlana çevirdi, hər iki əlini çəlləyin qıraqlarına dayadı.

Atamoğlan bir an özünü itirdi. Özünə gələn kimi sol əlini arvadın sağlam-sağlam işıqlayan ağ, enli yanbuzuna qoydi. Tanya inildədi:

–Durma...durma... gir içimə...

Sonra Tanya samovar yandırdı, üzbəüz oturub çay içdilər. Atamoğlan taxta hamamdan sonra elə bil çəkisiz bir quş olmuşdu, onun içində Tanyaya hədsiz bir minnətarlıq vardı, elə bil onun anası iydi Tanya və onu təzədən doğmuşdu, istirdi durub onu bağrına bassın, üzünün qaysağlarından öpsün. Amma cəsarət eləmirdi. Tanyanın yerinə o utanırdı. Tanya isə təbiətin heç nədən çəkinməyən balası idi, amma Atamoğlan yox. Kişi təbiətin yox, ağa-qul cəmiyyətinin qorxularını qadağalarını daşıyan şikəst bir məxluq idi. Atamoğlan Tanya kimi olmaq üçün hər şeyi verərdi. Amma anlırdı ki, o heç vaxt Tanya kimi ola bilməz.

O özünə bələd idi, içindəki görünməz əyləcə, tərbiyənin, uşaqlıq qorxularının yaratdğı süni, amma onun öz fitri təbiətindən güclü qabığa bələd idi. O bu hissi birinci dəfə erməni arvadlarının açıq gəzdiyi məclislərdə hiss eləmişdi: o xam qadınların yanında aciz və iradəsiz olurdu, bu vəziyyətinə nifrət elirdi. Amma belə idi və öz beləliyinə çoxdan bələd idi və özünü dəyişə bilmirdi. Bu şikəstlik idi, insanın təbiətdən aldığı ən yaxşı keyfiyyətlərin itirilməsi idi. Bəs bunu kim eləmişdi? Günahkar kim idi? Bunu ayırd eləyə bilmirdi.

Tanya bir saatda olmuşdu ona dünyada ən yaxın, ən doğma adam. Bu tale möcüzəsi idi, Atamoğlan bunun səbəbini anlaya bilmirdi. Belə baxanda Tanya ona heç nə verməmişdi. Amma Atamoğlan özünü onun qarşısında borclu kimi hiss elirdi. Nədən idi bu hiss?

Onun yadına Həvvanın Adəm peyğəmbərin qabırğasından yaranması düşdü. Görünür bu yazı düz di, çünki bu rus qızı bir saatın içində onu elə öz yarısı ilə birləşdirdi. Bundan qabaq heç Atamoğlan bilmirdi bunu, bilmirdi ki, onun ikinci yarısı var. Tanya bunu görməyə kömək elədi. Qadın nan kişi əslidə bir bütöv imiş və bunu dərk eləməyi Atamoğlan allahın hədiyyəsi kimi annadı. Bu bir az da onun neftin satşındn aldığı ilk pulları xatırlatdı: onda da Atamoğlan heyrət və təəccüb icində fikrə gedir və onun həyatında nə baş verdiyinin anlamağa çalışırdı. Nə qəər fikirləşsə də, bir şey çıxmadı: pullar elə bil göydən onun başına tökülürdü. Sonra bildi ki, allahın mükafatı di.

Tanya da belə idi, onun indiyəsən tanıdığı qadınlara bir damcı da oxşamayan bir şey idi, bəlkə cənnət məlaikəsi idi, allah tərəfindən yollandı insan cildində, gəlmişdi ona dünyanın sirlərini açsın. Heç vaxt şəklənmirdi ki, qadın vücudunda dünyanın sirləri var, dünyanın sərhədsizliyi var. Atamoğlana elə gəlirdi ki, həyətdə Tanya nan tək qaldığı bir-iki saatda o böyük bir dünya səyahəti elədi, tayfalarla, nəsillərlə insanlara bələd olmayan sirlərin yiyəsi oldu. Peyğəmbərin çılpaq qadın bədəni görəndə dediyi “Fətəbərəkətüllah-ün xaliqin” ayəsi düşdü yadına. Peyğəmbər nəsə bilirdi, yoxsa həmin gözəl bədəni doğan anaya bərəkallah deyərdi. Amma Peyğəmbər allaha dedi bunu.

Bəs bular nə sirr idi? Atamoğlan şübhə eləmirdi ki, bunlar rus qızının üzünün təbəsümündə, oba baxışladığı minnətdar təbəssümlərin təmənnasızlığında idi, bədənində, bu gözəl bədəni idarə edən, onun qucağına yollayan yazıda idi.

Yəqin bu yazı onu rus qızı nan görüşmək üçün Səhmannıdan iki günlük yolu olan Şamaxı dağlarının başındakı meşəyə gətirib çıxarmışdı. İnsanlar bu yazıdan xəbərsizdilər, yəqin Tanya özü də xəbərsiz idi. Onun yadına bir dəfə yuxuda gördüyü ağ saçlı nurani qocanın, deyəsən, Yusif baba idi, dediyi qəribə sözlər düşdü:

“Arvadlar da allahın yazısıdı, onlarda allahın dibsiz gözəlliyi gizlənib, allah yazısını bilməyən bu gözəlliyi tapmaz.”

Atamoğlan bu yuxunu birinci arvadı uşağa qalıb, hər gün yediyini qusmağa başlayan vaxtda görmüşdü. Onda o öz arvadından diksinən kimi olmuşdu, nəyə görəsə onun ölməyini arzulayırdı. Qəribə idi: yuxuda eşitdiyi sözlər yadından çıxmırdı. Adi halda eşitdikləri onun yadında bir həftədən çox qalmırdı, amma bu sözlər həmişə əzbər yadında idi.

Atamoğlan bir gün hələ on doğğuz yaşı olanda yuxusunu ata nənəsi Milyanxanımdan soruşdu. O da tağ evin qabağnda püstə ağacının altında oturduğu yerdə ətsiz barmağı nan tağ evi göstərib dedi:

–Oğlum, bu evi görürsən?

–Həri...

–Bu evdə doğulannar o qara paltarlı, ağ saçılı kişini heç olmasa bir dəfə görürlər yuxuda. Dediyimə inan, necə ki, bu tağ evi gördüyünə inanırsan. O Yusif baba di, bu ocağın sahibi di. Nənəmiz Milyan, birinci Milyan onun nəvəsi olub...

–Molla olub Yusif baba?

–Yox, heç bilinmir nə olub, tərsa da eşitmişəm, Adəmi də eşitmişəm, kitab nan fala baxan da eşitmişəm... Amma həmişə çətin vaxtda gəlir yuxuya... Amma Milyanxanımın anası Düqübbədən olub...

–O haradı, ay nənə?

–Suraxananın köhnə məhləsi di, Düqübbə camatı oda-çıraqa inanarmış...

–Deginən ki, kökümüz məzhəbsiz di də...

–Məzhəb söz di, haqq gerçək di. Sözlər, adlar çoxdu, amma özü bir dənə di, allah bir di, bala...Şəkkak olma, ağlın, fikrin çaşar... Salavat çevir, bismillah di...

Onda Atamoğlan uşaq idi hələ, nənənin sözləri də, yuxusu da yadından çıxdı. Amma il yarım sonra, arvadı ikinci uşağı doğub qırx gün sonra öləndə bunlar Atamoğlanın yadına düşdü. Bir-iki dəfə ürəyində arvadına ölüm istədiyinə görə allaha yalvardı ki, onun günahından keçsin. Yetimləri dayısı arvadına verəndən sonra qərara gəldi ki, onun o günahlı arzusu boş şey di, arvadı öz alın yazısına görə ölüb, orda yazılan vaxt çatıb imiş.

***

Rus hamamı
Rus hamamı

Rus hamamından çıxıb çay içən Atamoğlanin fikri quş kimi uçurdu, amma özü təpənmirdi, Tanyaya tamaşa elirdi. Bildiyi sözlərin də elə bil hamısı yadından çıxmışdı.

Fikirləşirdi ki, Sabunçuda Tanyaya ayrı bir ev alıb baxışlasın. Qırx dörd yaşınacan o, iki arvad almışdı. Amma rus qızı onların heç birinə oxşamırdı, heç müqayisəyə gəlmirdi.

Valeh nən Əyyubun anası elə bil dünən ölmüşdü. Onda özü də uşaq idi, arvad da. Hələ qadın onun çün dost kimi idi, nə bədəni, nə döş-başı, nə qaş-gözü yox iydi. Uşaqların nədən, hardan doğulduğunu da bilmirdi.

Yaxşıxanımı alanda da hələ bir şey qanmırdı arvadlardan. Birinci uşaqdan sonra Yaxşıxanım o nan demək olar ki, maraqlanmırdı. Elə gəlin gəldiyi vaxt kimi, utancaq, lal-kar idi.

Tanya nan müsəlman arvadları arasında yer-göy fərq vardı. Tanya heç nədən utanmırdı, elə bil uşaq idi, ağlına gələni elirdi. Yaxşıxanım bunları eləsəydi, bəlkə acığı gələrdi, amma Tanyanın eyib hərəkətləri də onun xoşuna gəlirdi.

Əslində rus nan müsəlmanın kasıblığında tafavut yox idi.

Yəqin ona görə ki, rus qızı oynamaqdan qorxmurdu, bu oyunları özü çün oynurdu, heç Atamoğlan üçün də oynamırdı. Deməli, Atamoğlan da bu yaşda oynamaq istirdi, yəqin hamı oymamaq istir. Həm də bütün yaşlarda, çünki həyat yəqin uzun bir oyundu. Ciddi sayılan şeylər isə hamısı boş şey di. Çünki əslində ciddi nən oyunda fərq yoxdu. Biri çün ciddi – o biri çün oyun olur, Tanya nan Atamoğlanın hamamlanmağı kimi. Son ucda ölüm olur. Həm ciddiləri, həm oyunları dayandırır. Oyun qurtarır, şirin bir kino kimi. Başlayıb qurtaranlar isə elə oyun özü di.

Səhəri gün obaşdan Atamoğlan Qrişa nan Bakıya yola düşdülər. Atamoğlan bütün yolu hesabdar nan danışmadı. O rus qızı nan öz macarası içində gəldi yolu. Bakıya çata-çatda özünü saxlaya bilmədi, Qrişadan soruşdu:

–A Qrişş, Tanyanı Bakıya çağırsam xətrinə dəyməz sənin?

Nöş dəyir? Yazıqdı, təkdi.. qoy gəlib gün görsün, – dedi Qrişa.

Atamoğlan day heç nə demədi, ürəyində hesabdarın sözünü tamamladı: “Yazıqdı, o da öləcək bir gün.” Qərara gəldi ki, Tanya uçun ev alsın.

Amma qəribə şeyə rast gəldi. Onun dəllalı izah elədi ki, Sabunçuda satdıq torpaq yox di. Bütün torpaqlar çoxdan xəzinənin di, yəni rus padşahının mülkünə çevrilib, çünki Sabunçu, Ramana, Balaxana həndəvərində torpağın altı neft nən dolu idi, bu, satıla bilməzdi. Atamoğlan çoxdan bildiyi bir şeyi təzədən annadı və mat qaldı: rus Padşahı hara, Sabunçu hara. Bu padşahın hansı iti azmışdı Abşeronda!?

Əvvəllər ancaq padşaha duaları eşidəndə bunu xatırlırdı: Səhmannı Axundu cümə günləri xütbə deyəndə, yas məclislərində fatihə deyəndə birinci Nokolay padşahı dua elərdi. Atamoğlan da mat qalırdı ki, müsəlmanların duası dünyanın o biri başında padşahın nəyinə lazım idi.

İndi belə başa düşdü ki, bu dualar elə neftli torpaqlara görə idi, ona görə idi ki, müsəlmanlar üstündə yaşadıqları, üstündə ölülərini basdırdıqları torpaqların rus padşahının malı olduğunu yaddan çıxarmasınlar. Bəs Axundun nəyinə lazım idi rus padşahını xatırlamaq. Atamoğlan bunu başa düşmürdü.

Belə fikirlərdən sonra qərara gəldi ki, iki gözlü təzə ev tutsun, qoy Tanya öz qardaşı nan yaşasın, söz-söhbət də az olsun. Atamoğlan Qrişanın kirayə elədiyi evə həmişə gedib gəlirdi, indi də gedib-gələr. Həm də xərci az çıxar. Bu da vacib məsələ di. Çünki neftin gəliri artmırdı, amma onun xərcləri daim artırdı, özünü sıxmasaydı hamısı gedirdi havaya.

Təzə ev kirayə eləmək nən Qrişanın ora köçməyi bir ay çəkdi. Evi Sabunçu bazarından aralı dikdirdə, həmşəri məhləsində tutdu. Tanyanı gətirməyə isə Qrişanı göndərdi. Qrişa bu tapşırığa sevindi. 1906-cı ilin isti avqust günlərinin birində Tanya Bakıya gəlib təzə kirayə olunan evdə yerləşdi.

Atamoğlan mat qaldı: rus qızının sandığı bircə düyünçədəki pal-paltardan və nimdaş dəri kürkdən ibarət idi. Düşündü ki, ruslar belə kasıb olsalar da, yenə müsəlmanlardan yaxşı yaşayırlar.

Sonra fikirləşdi ki, müsəlman gəlinlərinin də bircə sandığı olur. Onun birinci arvadının da sandığı vardı, amma içi boş idi. Köhnə paltarları və bir cüt əcərri yün corabı vardı. Əslində rus nan müsəlmanın kasıblığında tafavut yox idi.

Tanyanın gəlməyi münasibəti nən solyarka maşınkasında ət qaynatdılar: oturub üçlükdə yeyib içdilər. Tanya istinin cırhacırında acı araqdan içdikcə bacını-yaxasını açıb tökdü. Atamoğlanı əməlli hallandı. Amma o Tanya birinci Sabunçu gecəsində Qrişanın divarın biri tərəfində olmağını istəmədi. Şamaxı meşəsindəki azad yırğanın təsüratını korlamağa qıymadı. Qaş qaralana yaxın başı azca fırlanan Atamoğlan qalxıb xudafizləşdi: Tanya çox təkid eləsə də, gecə qalmadı.

Səhmannıya qayıtdı. Amma evdə səhərə kimi gözünə yuxu getmədi: səhərin açılmağını, Qrişanın Sabunçudan ququşqa nan Səhmannıya, Kantora gəlməyini gözlədi ki, arxayin Sabunçuya getsin. Qardaşı Səhmannıdan qayıdınca, Tanya tək olacaqdı. Atamoğlan evdə üçüncü adamın olmağını istəmirdi və rus qızına bunu demişdi.

Azad-arxayın yırğa alayı şey idi Atamoğlan üçün, rus qızından öyrəndiyi təzə bir həyat idi. Səhər Qrişanan Qapıda görüşüb Sabunçuya getmək cün öz faytonuna minəndə Atamoğlanın ürəyi uşaq ürəyi kimi döyünürdü.

XS
SM
MD
LG