-
Bu gün Avstriyanın paytaxtı Vyanada axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serzh Sarkisian arasında görüş gözlənilir.
Görüşə həmsədr ölkələrin xarici işlər nazirlərinin də qatılacaqları bildirilir.
Danışıqlarda Qarabağ münaqişəsi və qoşunların təmas xəttində hərbi risklərin azaldılması ətrafında müzakirələrin aparılacağı gözlənilir.
Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə keçirilib.
Qarabağ danışıqları ATƏT-in Minsk Qrupunun vasitəsilə aparılır. Bu qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.
Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.