►"İnanıram ki, həyatda heç nə təsadüfi olmur"
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mayın 19-da Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim edilib.
Bu barədə AzərTAc xəbər verir.
Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov bildirdi ki, bu ali təhsil müəssisəsi MDB məkanında fiziki imkanları məhdud olan insanların təhsil aldıqları yeganə universitetdir. Burada onların rahat hərəkət etmələri və təhsil almaları üçün bütün şərait yaradılıb.
Rektor dedi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 9 il əvvəl universitetin qonağı olub, təhsil ocağının müəllim-tələbə heyəti ilə görüşüb.
Universitetin 20 illiyində Leyla Əliyevanın təşəbbüsü ilə ali təhsil ocağının kompyuter otağı müasir texnologiya ilə təchiz edilib, linqvistika otağına yeni avadanlıqlar hədiyyə olunub.
Diqqətə çatdırıldı ki, universitetdə təhsil alan azərbaycanlı tələbələr Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvləridir.
(Ardı aşağıda)
Məlumata görə, Universitetin rektoru Azərbaycan ilə Rusiya arasında təhsil sahəsindəki xidmətlərinə və fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına verdiyi töhfəyə görə Leyla Əliyevanın Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru adına və diplomuna layiq görüldüyünü bildirdi.
AzərTAc qeyd edir ki, bu fəxri ad Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın layiq görüldüyü ilk Rusiya təltifi deyil. Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin, mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə ötən il noyabrın 4-də Moskvada Böyük Kreml Sarayının Georgiyevski zalında Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medallarına, habelə III dərəcəli “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeninə də layiq görülüb.
____________________________________________________________
Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?
____________________________________________________________
Rektor Vaqif Bayramov universitetin fəxri professoru və mantiyanı Leyla Əliyevaya təqdim etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi:
-Mən buraya gəldiyim andan səmimi, isti, həyat eşqi ilə dolu bir şəraitə düşdüm. Burada 9 il bundan əvvəl olmuşdum. Hazırladığınız filmə görə sağ olun. Bu, olduqca təsirli və dəyərli əsərdir. İnanıram ki, həyatda heç nə təsadüfi olmur. Bizim hamımızı Ulu Tanrı qoruyur, onun sayəsində möcüzələr baş verir. Əsas məsələ buna inanmaq, öz qəlbini açmaq, heç nədən qorxmamaqdır. Bu ali məktəbin bütün müəllimlərinə ayrıca təşəkkür etmək istəyirəm, çünki siz bu işə can qoyursunuz, adi insanlarla müqayisədə siz həyata daha böyük dəyər verirsiniz. Hər şeydə gözəlliyi görmək bacarığınıza görə sağ olun. Bu gün biz videoda sizin qələbələrinizi gördük, onlar çox böyük qürur və heyranlıq hissinə layiqdir.
Daha sonra universitetin tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olundu.
Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva universitetin xatirə kitabına ürək sözlərini yazdı.
Qeyd edək ki, Heydər Əliyev Fondunun maliyyə mənbələri cəmiyyətə açıqlanmır. Buna görə də Azərbaycandakı və xaricdəki fəaliyyəti birmənalı qarşılanmır.