-
Azər Əhmədoov
ŞEİRLƏR
QAYIDIŞ
Zoğalı-bənövşəyi bir gündə
mən gözlərimi yumub
əlliyəcən sayana qədər
o qaçıb mənim həyatımdan gizləndi
.
həyətdə çox axtardım onu
oyun belə necə bitə bilərdi?
.
barışmaq istəmədiyim
məntiqsiz sonluqların
ilkiydi
.
yoruldum
.
o bir də 30 il sonra qayıtdı həyatıma
nətəhərsən, canın-başın, soruşdu
burda “uçastkovı” işləyirəm
sənə dəyib-dolaşan yoxdur ki?
.
sonra əlini möhkəm kürəyimə vurub
dedi ki
heç nədən narahat olmayım
.
GÖZƏL GÜN
Səkkiz yaşındaykən
sentyabrın 30-unda
ilıq bir günortaçağı
öz-özünə
“bu nə gözəl gündür” dediyini
indi də xatırlayır
.
bir təpəliyin ətəyindəydi
səliqəsiz əkilmiş
üzümlüyün kənarında
nə önündə, nə arxasında
baxımlı bir mənzərə yoxdu
.
payız girdiyi üçün otlar da saralmış olmalıydı
yalnız çəyirtkələr arılar tənbəl-tənbəl uçuşa bilərdi
.
belə bir yerdə nə gözəldir
kənddən kiminsə kimisə çağırmasını eşitmək
amma uzaq olduğuyçün bu da mümkün deyildi
.
bəlkə yiyəsini də tanımadığı
bir at varmış yaxınlıqda
uzun çatıyla örüklənibmiş
.
ata yaxınlaşıb onu oxşamagı
bacarmazdı
amma atın qarpa-qarpa ot yeməsini
eşitmək də gözəldir
.
yoxsa bəlkə at yoxmuş
çəyirtkələrin arıların da səsi gəlmirmiş
baxsan nə sagında nə solunda heç nə görünmürmüş
.
bəlkə
günün günorta çağı
dəli kimi gəlib çıxdığı
bu tənha və uzaq məkanda
gözlərini şumlanmış torpağa dikərək
ətrafda sükutun səsini dinləyib ilk dəfə
uşaq olsa da qorxmayıb
bütün cəsarətini toplayaraq
“bu nə gözəl gündür”
pıçıldaya bilib öz-özünə
.
BİNAR SUALLAR
Cırcırama qəşəngdir yoxsa çəyirtkə?
dovşan qəşəngdir yoxsa dələ?
qarğa yaxşıdır yoxsa sağsağan?
.
təqaüdə çıxandan bəri
vaxt da tapmışdı
belə suallar haqqında düşünməyə
.
artıq qərara da gəlmişdi ki,
məsələn, sağsağan qarğadan yaxşıdır
.
o biri sualların da axırına çıxacaqdı mütləq
indi onu sonluq maraqlandırırdı
.
MARA NÖTER’Ə
Mara
mən bəlkə sənin yadında deyildim
heç indi də deyiləm
.
amma xatırlayıram
New Haven’də bir axşamüstü
səninlə uzun-uzadı
Nazim Hikmətdən danışandan sonra
yanaşı əyləşib
internetdə
uzun bir dəqiqə
Nazimin fotosuna baxdıq
.
bizi ilk dəfə görürmüş kimi
xəfifcə gülümsəyirdi fotodan
biz gözümüzü Nazimə zillədikcə
mənə elə göründü ki
onun dünyası ilə
bizim dünyamız arasındakı
sərhəd-ölüm-ekran
şəffaflaşdı şəffaflaşdı
axırda yox oldu
.
bilmirəm səndəmi belə hiss elədin
amma uzun dəqiqənin sonunda
çönüb bir-birimizə baxdığımızda
mən sənin də sifətində
heyrət gördüm
.
indi mən təkcə oturmuşam
kompüterin qarşısında
gözlərimi zilləmişəm ekrana
sənin şəklinə baxıram