Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:41

Filmə baxanda aktyorlara yazığım gəldi... [Xeyirlə şərin rəqsi]


Aygün Aslanlı
Aygün Aslanlı

►İlqar Muradovun ifasında "Dronqo" xəfiyyədən çox manekeni xatırladır...

Aygün Aslanlı

ÇİNGİZ ABDULLAYEVİN ƏSƏRİ... BƏRBAD FİLM OLDU

Məkan: yenə “Nizami” Kino Mərkəzi

Zaman: 27 may

Günün “qəhrəmanı” rejissor Yavər Rzayevin “Xeyirlə şərin rəqsi” filmi.

Film, yazıçı Çingiz Abdullayevin “Quba kapriççiosu” əsəri əsasında çəkilib.

Ssenari müəllifləri Y.Rzayev və Ç.Abdullayev, operatoru Nadir Mehdiyevdi.

Süjet: ofisi Moskvada, ailəsi Parisdə olan Dronqo istirahət üçün vətəninə gəlir. Bu vaxt Qubada yaşayan zərgər Semyon İzmayılov vəfat eləyir.

Varisləri, Syoma əminin son anına qədər əlindən buraxmadığı və Azərbaycan dövlətinə vəsiyyət elədiyi qiymətli almazı tapa bilmirlər. Bu çətin missiya böyük məbləğdə qonorar qarşılığında Dronqonun üzərinə düşür.

Dronqo rolunu müəlliflər müğənni İlqar Muradova həvalə eləyiblər. Digər rollarda Məbud Məhərrəmov, Qurban İsmayılov, Rasim Cəfər, Şövqü Hüseynov, Şükufə Yusifova, Münəvvər Əliyeva, Ayşad Kərimov və başqaları çəkiliblər. Siyahı uzundu.

Yəqin artıq bəlli oldu ki, film detektiv janrındadı.

Daha doğrusu, olmalıydı, amma alınmayıb

Çünki filmdə detektiv janrının əsas xüsusiyyətləri – riyazi dəqiqliklə qurulmuş dramaturgiya və onun nəticəsi olan gərginlik, onu yaratmalı olan temporitm yoxdu. Hadisələr laubalı şəkildə cərəyan eləyir.

Detektiv deyəndə bir də Şerlok Holms, Puaro yada düşür. Özünəməxsus əcaibliklərə, geyim tərzinə, jestlərə sahib personajlar. Dronqo da onlara bənzədilib – şlyapası, əsası, absentli kokteyli ilə. Amma Dronqo, sələfləri kimi funksional olmadığından bu xüsusiyyətlərlə karikaturaya çevrilir – onunla danışmaq istəyənləri dinləmir, onu, adətən, qaşlarını çatıb var-gəl eləyən vəziyyətdə görürük – bir sözlə, xəfiyyədən çox manekeni xatırladır.

O ki qaldı digər aktyorlara...

Açığı, bu filmə baxanda aktyorlara yazığım gəldi. Zavallılar bacardıqlarını da, bacarmadıqlarını da eləyirlər, dəridən-qabıqdan çıxırlar yaddaqalan obrazlar yaratmaqdan ötrü. Amma neyləsinlər? Bəyəm onlar günahkardılar ki, ssenari bərbaddı, oynamaq üçün material yoxdu, buna görə də onların ifaları da motivsiz və kəsərsiz qalır? Elza (Münəvvər Əliyeva) kimə və niyə borclu idi? Füzuli Hüseynovun qəhrəmanı kim idi və pulu Elzaya niyə konfet qutusunda verdi? Şövqü Hüseynovun qəhrəmanı niyə lal-kar idi, personajın funksiyası nə idi? Ümumiyyətlə, xeyir harda idi, şər harda?

Düzdü, məşhur fransız rejissoru Rober Bresson (adını bu filmlə əlaqədar çəkdiyim üçün ruhu məni bağışlasın) deyirdi ki, “aktyor yoxdu, rol yoxdu, mizansəhnə yoxdu, yalnız həyatdan götürülmüş modellər var”. Ancaq Bressonun bu sözləri rejissorun tanrı olduğu filmlərə aiddi.

Çingiz Abdullayev
Çingiz Abdullayev

“Xeyirlə şərin rəqsi” filmində isə rejissorun işi sanki monitor arxasında əyləşib “başla-kəs” əmri verməkdən ibarət olub. Filmdə nə onun tətbiq edəcəyi vizual dil var, nə də filmin enerjisini, ritmini təmin edəcək montaj. Dahası, əvvəldən axıra susmayan kadrarxası səs – göstərmək əvəzinə danışmaq – sayəsində film, romanın illüstrasiyasına çevrilib. Halbuki “kinematoqrafiyanın əsas qanunudu: o şeylər ki, göstərilmir, danışılır, onlar tamaşaçıya çatmır” (A.Hiçkok)

Hələ bir də şablon, didaktik replikalar var ki... Və o replikalar elə məqamlarda işlədilib ki... Məsələn, qulluqçunun, kimsəsiz qalmış balaca Aynuru övladlığa götürdüyünü eşidən Dronqo bu əməlin insaniliyini vurğulamaq əvəzinə “nəcib ənənələrimizi qorumaq lazımdı” şüarını səsləndirir və hadisənin mahiyyətini, yükünü “öldürür”, bayağılaşdırır. Ya da finalda almazın, Dronqonun təbirincə desək, Azərbaycanın gələcəyi olan balaca qızdan alınıb təntənəli şəkildə hökumət nümayəndələrinə verilməsi. Dramaturji struktur – qocanın almazı, məhz, Aynurun gəlinciyində gizlətməsi, onun gələcəklə müqayisəsi - o qiymətli daşın uşaqda qalmasını tələb eləyirdi. Şerlok Holms demiş, hər şey bu qədər bəsitdi, Vatson!

Kinonu kino eləyən belə nüanslardı

Yeri gəlmişkən, bu gün Sovetskidə uçurulan tarixi abidələrin fonunda Dronqonun almazı hökumətə verərkən dediyi “Qoruyun!” sözü də tərs məna daşıyir.

Doğrusu, Yavər Rzayev kimi rejissorun əlindən belə iş çıxması təəccübləndirir. Çünki o, Azərbaycan kinosunda az-çox diqqətəlayiq filmləri sadalayanda adı hallanan rejissorlardan biridi, “Sarı gəlin”, “Fövqəldünya və ya qəsdsiz məntiqi səhv” kimi maraqlı filmlərin müəllifidi. Hətta son filmi “İlahi məxluq”da da rejissura baxımından cəlbedici detallar tapmaq mümkündü. Bəs onda “Xeyirlə şərin rəqsi” niyə belə alınıb? Ya da Y.Rzayev bu filmi çəkməyə niyə razılıq verib?

Bu yerdə yada “O olmasın, bu olsun” filmində Həsən bəyin məşhur tostu düşür: “Məşədi İbadın nəyi Rüstəm bəyin xoşuna gəlib ki, gözəllər gözəli qızı, madmuazel Gülnazı ona ərə verir?” Yavər Rzayev “Quba kapriççiosu”nu ekranlaşdırmağı niyə boynuna götürüb? Maraqlı ssenariyə görə? Yox, artıq deyildi ki, ssenari bərbaddı. Bəlkə rejissor kimi hansısa ideyalarını reallaşdırmaq istəyib? Yox, filmdə hər hansı ideyadan, mesajdan əsər-əlamət yoxdu. Bəs niyə?

Tutaq ki, Y.Rzayev əmr quludu, deyiblər, sür dərəyə, o da sürüb. Bəs bu ssenariyə “ok” verənlər? Mədəniyyət və Turizm Naziriyində, “Azərbaycanfilm” kinostudiyasında ssenarini oxuyanlar, qəbul eləyənlər, istehsalata nəzarətdə saxlayıb filmi təhvil alanlar? Bəs keçən il ən yaxşı prodüser kimi “Qızıl Pəri” alan Müsfiq Hətəmov? Onlar hara baxırdılar?

Deyəsən, yenə ritorik suallar verməyə başladım. Çingiz Abdullayev düz deyirmiş: “Xeyirlə Şərin rəqsi” filmi düşünməyə məcbur eləyir.

XS
SM
MD
LG