Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:49

"Sərhəddə viza" xəbəri: turistlərin pərtliyi


İllüstrasiya
İllüstrasiya

►"Gürcüstana qayıdın!"

“Gürcüstan-Azərbaycan sərhədi. Qardabanı. Təzəcə evlənmiş dubaylı cütlük Türkiyə və Gürcüstandan keçib Azərbaycana bal ayına gəlirlər. Dubay vətəndaşlarına nə Türkiyəyə, nə də Gürcüstana viza lazım deyil. Dubaylı turistlərin məlumatına görə, Azərbaycana da viza aradan qaldırılıb. Onlar da, ucuz düşsün deyə, qatarla gəlirlər. Qardabanidə onları saxlayırlar…”

Bunu Azərbaycan vətəndaşı Azər Həsənli danışır. Çox səfər edən Azər Həsənli quru yolla Azərbaycana gələn xarici turistlərin sərhəddə viza ala bilməməsinin şahidi olduğunu söyləyir:

“Dubaylı cütlük mənə dedi ki, onlar internetdə araşdırma aparıblar, Azərbaycana viza sərhəddə verilir. Sərhəd-keçid məntəqəsində ingilis dilində bilən əməkdaşlar olmadığından aralarında tərcüməçilik edirdim. Əməkdaşlar dedilər ki, “bəli, sərhəddə ala bilərsən, amma təyyarə ilə gəlsən, aeroportda ala bilərsən”. Onları qatardan düşürdülər”.

“Gürcüstana qayıdın”

Azər Həsənlinin sözlərinə görə, dubaylı gənclərə Gürcüstana qayıdıb ordan viza alıb sonra Azərbaycana gəlmək tövsiyə olunub:

“Əməkdaşlar dedilər ki, burda viza verən bölmə yoxdur. Bilirsiniz ki, Gürcüstan yolu ilə səyahət daha ucuz başa gəlir, ona görə də bir çox turist Azərbaycana qatarla gəlməyə üstünlük verir. O cütlüyün, xüsusilə, kişinin yaşadığı pərtliyi unutmuram, xanımının üzünə belə baxa bilmirdi”.

Azər Həsənlinin şahidi olduğu digər hadisə isə ötən il bir ispan turistinin başına gəlib. Yenə də Azərbaycan-Gürcüstan sərhəddində. Müsahibimiz xatırlayır ki, ahıl yaşlarında olan ispanın viza müddəti martın 28-də bitirmiş, o da qatarla Bakıdan həmin gün çıxır, düşünür ki, 29-na keçməmiş ölkəni tərk edəcək:

“Elə bilir ki, Azərbaycanda sürət qatarı var, onu bir neçə saata Gürcüstana çatdıracaq”.

“İspan turist uşaq kimi ağlayırdı”

Həmin ispan turistə sərhəddə deyiblər ki, artıq ayın 29-dur, viza müddəti bitib, cərimə ödəməlidir, bunun üçün də Bakıya qayıtmalıdır. Azər Həsənli olayı xatırladır:

“İspan uşaq kimi ağlayırdı, bir taksi sürücüsünə dedim ki, onu Ağstafa, ya Qazaxdakı miqrasiya idarəsinə aparsın. Ancaq həmin gün bazar günü idi, taksi sürücüsü dedi ki, idarə işçisinin evinə gedib adama kömək edəcək. Orda taksi sürücüləri viza müddəti bitən çox belə turistə kömək edirlər. Bu cəriməni yerində ödəməyə şərait yoxdur”.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanlılar kapitalı Türkiyəyə yatırır
"Nəzarət Palatası problemi malalamaqla məşğuldur"

____________________________________________________________

“ASAN viza” vizanı asanlaşdırırmı?

İyunun 1-də elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında prezident fərman verib.

ASAN Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyir ki, “ASAN Viza” sisteminin yaradılması ilə bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək: “Əcnəbi vətəndaşlar Azərbaycana gəlmək istədikləri təqdirdə “ASAN Viza” portalına müraciət edəcəklər. Ora bütün sənədlər, zəruri informasiyalar təqdim olunacaq. Heç bir dövlət və özəl quruma müraciət etmədən onlayn qaydada viza əldə ediləcək. Qeyd edim ki, çox yaxın müddətdə “ASAN Viza” sisteminin tətbiqinə başlanacağı nəzərdə tutulub”.

XİN ölkələri müəyyənləşdirəcək

Anar Hüseynovun sözlərinə görə, Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək. Siyahısı müəyyən edilən ölkələrin vətəndaşlarına elektron viza veriləcək. ““ASAN Viza”nın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək”, - müsahibimiz əlavə edir.

“Viza rejimi turistin qərarına təsir göstərir”

“Turistlərin qərarlarına viza rejimi ciddi təsir göstərir”.

Bunu Azərbaycan Turizm Universitetinin prorektoru Eldar Aslanov AzadlıqRadiosuna müsahibəsində deyir.

Eldar Aslanov: "Viza məsələsi turistlərin ölkə seçiminə ciddi təsir edir"
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

O, “ASAN-viza”nın ölkəyə turist axınına ciddi təsir göstərəcəyini düşünür, ancaq onu da əlavə edir ki, bu, sərhəddə viza problemlərini həll etmir:

“Azərbaycan böyük tədbirlər keçirir, turist cəlb etməyə çalışır. Məntiqsiz görünərdi ki, bu qədər xərc çəkilib turist cəlb etmək siyasəti həyata keçirildiyi halda, viza ucbatından turistlər ölkəyə gəlməyə həvəs göstərməsin. ASAN-viza bu baxımdan yerində olan qərardır”.

Eldar Aslanov deyir ki, bəzi Cənubi Qafqaz turları ilə Azərbaycana gəlmək istəyən turistlər quru sərhəddə viza çətinliyi ilə üzləşirlər. Prorektor hesab edir ki, elektron viza məsələsi bunu aradan qaldıracaq, ancaq onun fikrincə, bütün sərhəd-keçid məntəqələrində viza verilməsi şəraiti yaradılmalı, o cümlədən, viza müddəti keçdikdə, cərimə ödənilməsi də yerində təşkil edilməlidir.

Eldar Aslanov ümid edir ki, yaxın vaxtlarda bu spesifik boşluqlar da doldurulacaq və Azərbaycana xarici turist axınını gücləndirməkdən ötrü viza və miqrasiya məsələlərində heç bir problem qalmayacaq.

XS
SM
MD
LG