Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:55

Sakinlər: «Mişkireyndən qaçırıq»


Foto Arxiv
Foto Arxiv

-

Yardımlı rayonu, Mişkireyn kəndinin sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə danışırlar ki, belə getsə, kənddə kəndli qalmayacaq. Sosial problemlər onları o qədər sıxıb ki, baş götürüb kənddən qaçmaqdan başqa çarə görmürlər.

RUZİSİNİ GÖRMƏDİKLƏRİ TORPAĞA GÖRƏ VERGİ ÖDƏYİRLƏR

Kənd sakini Cabbar Məmişovun deməsinə görə, kəndlə rayon arasında vur-tut 4 kilometr məsafə var. Gəl ki, bir hadisə baş verəndə, bərbad yolla nə yanğınsöndürən, nə də təcili yardım yetişir:

«Nə bələdiyyə, nə də icra hakimiyyəti kəndə baxır. Ancaq vergi yığmaq vaxtı gələndə peyda olurlar. İşsiz-gücsüz kəndlidən torpaq vergisi tələb edirlər. Deyəndə yolu düzəlt, işığı çək, vergisini tələb etdiyin torpağı suvarmağa su ver, şumlamağa texnika ver, deyir, «mənim işim deyil, get bələdiyyəyə de». Bu da deyir, «mənlik deyil, get icra hakimiyyətinə de». Axı biz bərəkətini görmədiyimiz torpağa görə niyə vergi ödəyək? O torpaqdan xeyir götürürük ki, vergi də verək?».

Kənddə işıq dirəkləri
Kənddə işıq dirəkləri

ÖLÜMSAÇAN MƏFTİLLƏR

Adil Ağayev rayonun işıq idarəsindən narazıdır. Deyir, kənddə işıq dirəkləri qəzalı vəziyyətdədir, baxan yoxdur: «O günlərdə bərk külək əsdi, dirəklərin çoxu aşdı. Bir azyaşlının həyatı məhv olacaqdı. İkicə addım geri qaçmasaydı, dirək uşağın başına düşəcəkdi. Kənddə «Sultan Şıx Seyid» qəbiristanlığının ətrafındakı işıq dirəklərinin 50-dən çox yaşı var, mərhumlarımızı ziyarətə getməyə qorxuruq ki, açıq naqillər başımıza düşər. İşıq dirəyini yaşadığım evə məftillə bağlamışam ki, aşmasın. Rəhmətlik atam Həzərxan Ağayev Sovet vaxtı işıq idarəsində işləyib. O dövrdə dirəyi məftillə evə birləşdirmək nə idi, problemi yerində həll edirdilər. Ancaq rayonun işıq idarəsi bu qədər insanın həyatını ölüm saçan məftillərin ümidinə buraxıb».

Mişkireyndə ən böyük dərd işsizlikdir. Gənclərinin normal məşğuliyyəti yoxdur. Rusiyaya gedənlər də son vaxtlar kəndə, necə deyərlər, əlləri ətəklərindən uzun – bir qəpiksiz qayıdırlar: Bax, elə 44 yaşlı Musa Həsənov kimi:

Kənddə işıq dirəkləri
Kənddə işıq dirəkləri

«Rusiyada qazanmağa qoymurlar bizi. Keçən il boğazacan zərərə düşdüm. Əvvəlki vaxt deyil, bazarlarda incidirlər, malım da, pulum da getdi, qayıtdım gəldim kəndə. Bakıdan başqa getməyə yerimiz yoxdur. Rusiyadan qayıdanda fikirləşirdim ki, bir az özümə gəlib Bakıya gedim, tikintilərdən birində fəhləlik eləyim. Bəxtimdən orda da tikintilər dayanıb. Dörd uşağı necə böyüdüm, lap başımı itirmişəm. Ancaq kənddə qalıb torpaq yeməkdənsə, şəhərdə baş saxlamaq daha münasibdir. Variantlar axtarıram. Bax, bu dəqiqə kənddə iki qapıdan biri qıfıllıdır. Kim şəhərdə sığınacaq tapırsa, ailəsini də götürüb gedir».

İCRA HAKİMİYYƏTİ: SƏBİRLİ OLSUNLAR

Yardımlının icra hakimiyyətində isə deyirlər, qurum əhalinin rifahının yaxşılaşmasından ötrü imkanları daxilində əlindən gələni edir. Qurumdan bildirilib ki, bu yaxınlarda daxili imkanlar hesabına 1.5 kilometrlik Çayüzü və 2.5 kilometrlik Perimbel kəndlərinin yolları asfaltlaşdırılıb. Digər kəndlərin yolları çınqıl örtüklə təmir olunub, kəndarası və kənddaxili yollar təmir edilib.

Qurumun məlumatına görə, məşğulluğun artırılması məqsədilə rayon məşğulluq mərkəzində yeni iş yerləri yaradılır. Ərus yarımstansiyası yenidən tikilib və bütün yaşayış məntəqələrinə, o cümlədən, Mişkireynə 24-saat elektrik verilişi bərpa olunub. İcra hakimiyyətindən deyiblər ki, kəndlilər sosial problemlərin tam aradan qaldırılması üçün səbirli olmalıdırlar.

XS
SM
MD
LG