Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:43

Orlandoda 'cihad'


Omar Mateen
Omar Mateen

-

Bir FBI agenti bazar ertəsi etiraf edib ki, Mateen 2013 və 2014-cü illərdə potensial risk kimi büronun diqqətini çəkibmiş; Putin Avropanı qorxutmağa çalışır – 13 iyun Qərb mediasının icmalı.

««İslam Dövləti» (İŞİD) qruplaşmasına sadiqliyini bildirən gənc müsəlman ABŞ tarixində ən çox adamın öldürüldüyü atışmaya görə məsuliyyət daşıyır. Bəlkə biz Yaxın Şərqi yandırıb yaxan cihadçıların Amerikaya təhlükə törətməməsi xülyalarından, axır ki, əl çəkək?».

«The Wall Street Journal»ın Avropa nəşri «Orlandoda cihad» adlı məqalədə Florida ştatında gey-kluba azı 51 nəfərin ölümü, 53 nəfərin yaralanmasıyla nəticələnmiş hücumdan söz açır. Hücumu əfqan əsilli amerikalı Omar Mir Seddique Mateen törədib, atəş açanda da «Allahu Əkbər» qışqırırmış.

«Mateen-in İŞİD-ə bağlılığı barədə bir neçə günə daha dəqiq nəsə öyrənəcəyik. Ancaq bu hücumu qruplaşmanın planlaşdırmasının, yaxud onu ruhlandırmasının hadisə qurbanlarına elə də dəxli yoxdur. Dekabrda San Bernardinoda törədilən hücumlardan da öyrəndik ki, İŞİD internet üzərindən təbliğatla Amerika cəmiyyətindən ayrı düşmüş müsəlmanlarla asanlıqla əlaqə yarada bilir. Mühacirlərin ikinci nəsli olan gənclər cihad çağırışları qarşısında daha zəifdirlər».

«Federal Təhqiqatlar Bürosu (FBI) ölkəiçi təhlükələrin öyrənilməsinə daha çox resurs sərf edib. Bir FBI agenti bazar ertəsi etiraf edib ki, Mateen 2013 və 2014-cü illərdə potensial risk kimi büronun diqqətini çəkib. Bir dəfə hətta bir intiharçıyla əlaqələrinə görə dindirilib. Ancaq Mateen-in ciddi təhlükə törətmədiyi aşkarlanıb və araşdırma qapanıb. Vaxtilə FBI Tamerlan Tsarnaev barədə də belə yanlışa yol vermişdi. Bir səfərindən sonra diqqət çəkmiş Tsarnaev daha sonra qardaşıyla Boston marafonunda partlayış törətmişdi. Bu diqqətsizlik onu göstərir ki, kiminsə artıq adam öldürəcək dərəcədə radikallaşdığını müəyyənləşdirmək çox çətindir», - yazıda oxuyuruq.

Məqalədə FBI-nin sosial mediada cihadçılığı büruzə verənlərə qarşı əməliyyatlarında haqlı olduğu vurğulanır. «Mateen-in hücumunu əngəlləməyin bir yolu o olardı ki, gizli agent onu zorakılığa təhrik edərdi. İmtina etsəydi, təhlükəli olmadığı üzə çıxardı...».

«Sarsıdıcı həqiqət odur ki, ölkə daxilində heç bir ayıq-sayıqlıq İŞİD-in həvəsləndirdiyi terroru əngəlləyə bilməz. Yeganə həll yolu onu yerində məhv etməkdir. Bu zaman dünyadakı gənc müsəlmanlar da bu qruplaşmaya aparıcı qüvvə kimi baxmaz. Prezident Barack Obama-nın bir mirası da vəzifədə olduğu müddətdə İŞİD-in xeyli təhlükəli həddə güclənməsidir. İraqdan çıxdı, Suriyada çox az iş görməklə bu qruplaşmanın çiçəklənməsinə rəvac verən siyasi boşluq yaratdı. Növbəti prezidentin işi həmin iki tarixi səhvin vurduğu ziyanı düzəltmək olacaq», - yazıda vurğulanır.

Orlandoda qətliam
Orlandoda qətliam

TERROR VƏ İQLİM DƏYİŞİKLİYİ

«The Washington Post» qəzeti isə redaksiya məqaləsində yazır ki, Orlandoda törədilən kütləvi qırğın çirkin seçki kampaniyasına girən bir ölkədə qaynar nöqtələri bir daha önə çəkmiş oldu – islamçıların alovlandırdığı terrorçuluq, homofobiya, silahlara asan əlçatımlılıq. «Belə bir durumda əlüstü dərslər çıxarmaq meyli sezilir. Ancaq hal-hazırda bizlə üzbəüz duran dərsləri yerinə yetirməmək yanlışlıq olardı», - məqalədə deyilir.

«Əvvəla, ölənlərin ailələrinə, yaralılara diqqət ayrılmalıdır. Hadisə vaxtı özünü gecə klubuna çatdıran hüquq-mühafizə əməkdaşlarına, tibb bacılarına, həkimlərə ehtiram ifadə olunmalıdır».

«Son dövrlər törədilən hücumların pərakəndəliyi heç kəsin təhlükəsizliyinə təminat verəcək strategiyanın olmadığını göstərir. Hərbi baza, iş yeri, gecə klubu, məktəb – istənilən ştatda istənilən məkan hədəfə gələ bilər. Ancaq bu atışmaların ildırımdan fərqi odur ki, onlar təbiət hadisəsi deyil. Elə atışmadan sonrakı müzakirələr də kəskin hava durumuyla bağlı təhlilləri xatırladır: Qasırğa, yaxud daşqına iqlim dəyişikliyinin səbəb olmasından əmin deyilik, ancaq bilirik ki, iqlim dəyişikliyi daha kəskin hava gətirəcək», - məqalədə qeyd olunur.

Qəzet vurğulayır ki, bazar günü qətliamı arxasındakı faktları öyrənməyə çox vaxt gedəcək, ola bilsin, səbəbləri heç vaxt tam dərk etməyək. «Amma iqlim dəyişikliyini real saydığımız kimi, həqiqət olduğunu bildiyimiz bəzi şeylər var. Fanatizm fanatizm gətirir, lezbiyanlar, geylər, biseksuallar özlərini bir yerdə arzuolunmaz sayırsa, bu, digər yerlərdə də nifrət toxumu səpə bilər. Bilirik ki, islamçı terrorçuluqla savaşılmalı, qarşısı alınmalıdır, çünki onun yaydığı zəhəri lokallaşdırmaq mümkün deyil... Bilirik ki, hücum silahlarının bircə məqsədi var, sürətlə xeyli adam qırmaq. Və bu ölkədə xeyli sayda belə silahlar var, onları asanlıqla əldə etmək olur».

V.Putin
V.Putin

PUTIN AVROPANI QORXUTMAĞA ÇALIŞIR

«Newsweek» dərgisi yazır ki, Rusiyanın xarici siyasətinin əsas məramı Ukraynaya təcavüzünə qarşı çıxan Qərbin mövqeyini zəiflətməkdir. Ancaq Moskvanın taktikası daha çox özünümüdafiə xarakteri daşıyır.

Bu arada Avropa Rusiyaya sanksiyaları təzələməyə hazırlaşır. Avropada bəzi ölkələr bu sanksiyalardan elə də razı deyil, özəlliklə də iqtisadi maraqlarına ziyan vuran, maliyyə və enerji sektorlarını əhatələyən məhdudiyyətlərdən. Kreml də öz növbəsində sanksiyaları yüngülləşdirmək məqsədilə ictimai təhrif və hədə kampaniyası aparır, Avropanı Amerikadan, avropalıları isə bir-birindən ayırmağa çalışır.

Avropalıları zəif görən Kreml onları Ukraynada apardığı müharibə və təbliğatla qəzəbləndirir. Yazıda xatırladılır ki, Moskva 1980-ci illərdə də eyni səhvə yol verməklə xarici siyasətinin əsas hədəfinə çata – NATO-nun Avropada sovetlərin SS-20 raketlərinə qarşı ortamənzilli ballistik raketlər yerləşdirməsini önləyə bilmədi.

«1980-ci illərdə sovet təbliğatçıları Böyük Britaniya və Qərbi Almaniyanın bu raketləri yerləşdirməsini önləmək məqsədilə Britaniyanın Baş naziri Margaret Thatcher və Qərbi Almaniyanın kansleri Helmut Kohl-u sərt tənqid edirdi. Bu gün isə rusiyalı təbliğatçılar baş nazir David Cameron-un qarşı çıxmasına baxmayaraq, Britaniyanın Avropa Birliyindən çıxmasını dəstəkləyir. Yaxud onlar Angela Merkel-ə hücum çəkir; Fransada isə prezident Hollande-a müxalifətdə olan populist lider Marie Le Pen-in arxasında durur».

Müəllif yazır ki, «Russia Today» və «Sputnik» kanallarının yaydığı yalan və təbliğat elə də səmərə vermir. Avropada güclənən solçu və millətçi təzyiqlər sanksiyalara dəstəyi, sadəcə, zəiflədə bilər. Qərb isə vahid mövqeyini saxlamaqdan ötrü bütün səyləri göstərməlidir.

XS
SM
MD
LG