Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:36

SOCAR UEFA-ya 4 ilə 80 milyon avro verəcək


SOCAR Euro-2016-nın sponsorudur
SOCAR Euro-2016-nın sponsorudur

Azərbaycanla Çin Avro 2016 futbol çempionatında iştirak etmir, ancaq hər iki ölkədən aparıcı şirkətlər bu turnirdə diqqət mərkəzindədir. Qərbin bu ölkələrdə insan haqları və demokratiya sarıdan narahatlığına baxmayaraq, onların dövlət şirkətləri bütün dünyaya televiziya vasitəsilə yayılan oyunların rəsmi sponsorlarıdır. Bunu “Reuters” agentliyinin əməkdaşı Emma Thomasson yazır.

Futbol matçlarının keçirildiyi stadionları SOCAR neft şirkətinin emblemi və “Azərbaycanın Enerjisi” ("Energy of Azerbaijan") şüarı bəzəyir. Çini təmsil edənsə Hisense və “Çinin 1 nömrəli televiziyası ("China's No. 1 TV brand")” şüarıdır.

Müəllif yazır ki, hər iki ölkə idmana pul tökməklə beynəlxalq imicini düzəltməyə çalışır. “Bir gecəyə brendini qurmaq və hər bir evdə məşhurlaşmaq istəyirsənsə, sponsorluq bunun ən yaxşı yoludur”, Londonda mənzillənən “Mongoose” idman marketinqi agentliyinin direktoru Rupert Pratt deyib. Bununla özünü təsdiqləyir, inam qazanırsan. Belə bir fikir var ki, hüquqları özündə saxlayan şirkət etibarsız brendlə adının yanaşı çəkilməsinə razı olmaz”, məqalədə belə deyilir.

“Qərbin insan haqları qrupları Azərbaycanda siyasi opponentlərə və dissidentlərə yanaşmadan, özəlliklə narahatdır, hakimiyyəti siyasi müxalifətin dirçəlişini əngəlləməkdən ötrü narazıları boğmaqda ittiham edir. Prezident İlham Əliyevsə ittihamları rədd edir, SOCAR şəffaflığa sadiq olduğunu vurğulayır. Ancaq “Transparency International” təşkilatı Azərbaycanı korrupsiyaya görə 168 ölkə içində 119-cu yerə qoyur”.

Yazıda qeyd olunur ki, ötən həftəsonu Bakıda ilk dəfə keçirilmiş Qran Pri yarışlarına görə “Formula 1” rəhbərliyi xeyli tənqid olunub, ancaq Azərbaycanla əməkdaşlığa gedən UEFA-ya qarşı belə bir mövqe ortaya qoyulmayıb. “İnsan haqları fəallarının fikrincə, bu cür tədbirlərə ev sahibliyi və sponsorluq barədə razılaşmalar o qədər pul gətirir ki, idman təşkilatları bəzən insan haqları və şəffaflıq məsələlərinə göz yumurlar”.

UEFA bildirir ki, Avro 2016 tərəfdaşlarından BMT-nin insan haqları, ətraf mühit və korrupsiya məsələlərini əhatələyən prinsiplərinə sayqı göstərməyi xahiş edib. Bu, sponsorlara da aiddirmi, UEFA tərəfdaşlıq etdiyi şirkətləri yoxlayrmı? UEFA-nın sözçüsü bunu şərh etməyib, deyib ki, kontraktların detalları məxfi saxlanır.

Müəllif xatırladır ki, insan haqları qrupları ümumdünya futbol qurumuna – FIFA-ya çağırış edərək 2022-ci il Dünya Kubokunu Qətərdə keçirməməyə çağırıb. Belə ki, İsveçrə hakimiyyəti stadionlarda miqrant fəhlələrlə davranış barədə şikayətləri araşdırır. Elə çempionatın bu ölkədə keçirilməsində rüşvətin rolu da araşdırma obyektidir.

80 MİLYON

Yazıda vurğulanır ki, Michel Platini-nin korrupsiya qalmaqalına görə UEFA prezidentliyindən uzaqlaşdırılmasına baxmayaraq, qurum yeni tərəfdaşlar cəlb edə bilib. Adidas, Carlsberg, Coca-Cola və McDonald şirkətləriylə uzunmüddətli sazişləri var. SOCAR-la müqavilə 2013-cü ildə bağlanıb və “Sports Sponsorship Insider” sənaye dərgisinin hesablamasına görə, 4 illik müqavilənin dəyəri 80 milyon avrodur (89,87 milyon dollar).

UEFA Avro 2016-da marketinqdən 450 milyon avro qazanmağı hədəfləyir ki, 2012-ci ildə bu məbləğ 314 milyon avro idi.

“Sponsorluğumuz ölkəmizə beynəlxalq diqqəti artıracaq”, SOCAR-ın Prezidenti Rövnəq Abdullayev agentliyə email vasitəsilə bildirib.

Müəllif xatırladır ki, Beynəlxalq Olimpiya Komitəsi ötən il Bakıda keçirilən 1-ci Avropa Oyunları ərəfəsində də sərt tənqid olunurdu. Ancaq bütün təzyiqlərə baxmayaraq, Bakı 2020-ci ildə Avropa çempionatının keçiriləcəyi 13 şəhər sırasındadır.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə bütün hüquq və azadlıqların tam təmin olunduğunu deyir.

XS
SM
MD
LG