-
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının finalı öncəsi problemlə üzləşdiyi deyilir.
APA Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, bir gün öncə Slovakiyaya yollanan yığma üzviləri, hələ, bu ölkəyə çatmayıblar. Buna İstanbul Atatürk Hava Limanında baş verən terrorun səbəb olduğu bildirilir.
Xəbərdə qeyd edilir ki, Bakıdan Türkiyəyə yollanan komanda axşam saatlarında İstanbuldan Slovakiyaya yollanmalı idi. Lakin məlum terror onların səfərini təxirə salıb. Terror zamanı komandanın hava limanında olmadığı açıqlanıb.
Azərbaycan yığmasının Slovakiya ilə ilk oyunu sabah keçirilməlidir.
Artıq bu barədə Avropa Voleybol Konfederasiyana məlumat verildiyi deyilir. Hava limanına yaxın yerdə qalan komandanın stress keçirdiyi və səhərə kimi yatmamaları da beynəlxalq qurumun diqqətinə çatdırılıb. Azərbaycan millisi gün ərzində Slovakiyaya yollanmasa, qarşılaşmanın təxirə salınması gözlənilir.
Dünən axşam İstanbul Hava Limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadzenin özünü partlatdığı bildirilir. Nəticədə 36 nəfərin öldüyü, 147 nəfərin isə yaralandığı qeyd edilir.