Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:00

Neft qurtardı, film var


Kino tənqidçi Aygün Aslanli
Kino tənqidçi Aygün Aslanli

-

"Qırğızıstanda ildə 40-45 film çəkilir, onların əksəriyyəti yerli nümayişlər üçün nəzərdə tutulan kommersiya filmləridi. Rejissorlar, prodüserlər kommersiya filmlərinin nümayişindən qazandıqları vəsaiti festival filmlərinin istehsalına sərf eləyirlər. Nəticədə son illərdə Qırğızıstandan hər il beynəlxalq festivallara 4-5 film göndərilir".

Aygün Aslanlı

KOMMERSİYA FİLMLƏRİ QEYRİ-NEFT SEKTORU KİMİ

"Mən bu biznesə pul xatirinə gəlmişdim, ondan da sənət yarandı. Əgər bu, kimisə illüziyalarından məhrum etsə, günah məndə deyil. Mən həqiqəti deyirəm".

Charlie Chaplin

Amerikalı sosioloq, media və marketinq üzrə mütəxəssis Leo Bogart “Kommersiya mədəniyyəti” adlı kitabında müasir Amerika mədəniyyətini belə xarakterizə eləyir: “Müasir amerikan mədəniyyəti satış üçün, bazar tələblərinin ödənilməsi üçün yaradılıb və buna görə də kommersiya xarakterlidir. Kommersiya mədəniyyəti öz bazar qiymətindən – alıcı tərəfindən ona qoyulan qiymətdən yüksək dəyərləndirməyə iddialı deyil”.

Eyni tərifi kommersiya kinosuna da vermək mümkündü. Kommersiya mədəniyyətinin tərkib hissələrindən biri olan kommersiya kinosu bazarın-tamaşaçının tələblərini ödəyərək gəlir götürmək məqsədilə çəkilir. Kino nəzəriyyəçisi Peter Wollen bu tip kinonun xarakterik xüsusiyyətlərini də müəyyənləşdirib. Bura xətti təhkiyə, personajlarla identifikasiya, maksimum real personajlar, vahid mövzu və ya əsas süjet, narrativ final və tamaşaçı həzzi daxildir. Art-house, müəllif kinosundan fəqrli olaraq kommersiya filmlərinə konkret janr təyinatı xasdı. Kino ulduzlarının iştirakı, böyük büdcə ilə çəkilən və açıq şəkildə gəlir götürmək məqsədi güdən janrlı filmlərə meynstrim (mainstream) deyilir.

Amma əvvəlcə ondan başlayaq ki, kommersiya kinosu keçmiş Sovet İttifaqında təlqin edildiyi kimi ucuz, sənət baxımından keyfiyyətsiz kino demək deyil. Elə sovetlər dövründə də bu təbliğat yalnız ideoloji səviyyədə aparılıb. Reallıqda isə kommersiya kinosuna – yəni filmlərin gəlir götürmək niyyətilə istehsalına Şura hökumətinin yarandığı ilk illərdən geniş yer ayrılıb, hətta bununla bağlı xüsusi direktivlər də verilib. “İskusstvo kino” jurnalının redaktoru, kinoşünas Daniel Dondurey Sovet İttifaqında kinoprokatın vəziyyətindən bəhs eləyən məqaləsində yazırdı ki, İttifaqda sırf pul qazanmaqdan ötrü çəkilən filmlər vardı və bölgələrdə əhalinin maaşları onların nümayişindən gələn gəlirlə ödənilirdi. Bəzən, məhz, bu məqsədlə xüsusi nümayişlər də təşkil olunurdu.

İttifaq dağılandan sonra bütün sahələr kimi kino sənayesi də dəyişiklikdən nəsibini aldı. Uzun illər vahid mərkəzdən idarə olunan yerli kinematoqrafiyalar öz-özünü maliyyələşdirmək məcburiyyətində qaldı və kommersiya kinosunun inkişafı məsələsi aktuallaşdı. Xüsusilə də Azərbaycan kimi kino bazarının yox deyəcək qədər məhdud olduğu, prokat sisteminin yerlə-yeksan edildiyi, kinozalların təkcə paytaxtda fəaliyyət göstərdiyi balaca ölkələrdə.

Əslində müstəqilliyimizi qazanandan bir neçə il sonra kommersiya kinosu da, müəllif kinosu da yaranmağa başlamışdı. 90-cı illərin ortalarına qədər çəkilmiş filmləri incələsək, əksəriyyətinin sponsor vəsaiti hesabına ərsəyə gəldiyini görə bilərik.

Lakin 90-cı illərin sonu 2000-lərin əvvəllərində başlayan neft bumu kinonun inkişafına yardım etmədi, hətta proses tərsinə istiqamət götürdü. Ölkə prezidentinin sərəncamı ilə hazırlanan və 2008-ci ildə təsdiqlənən“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan bəndlər nəinki yerinə yetirilmədi, əksinə kino istehsalatı, o vaxta qədər mövcud olan prodüser mərkəzləri kinostudiyadan asılı vəziyyətə salındılar. Belə ki, əgər əvvəllər prodüser mərkəzləri maliyyə dəstəyi almaqdan ötrü Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdikləri layihələrin istehsalına özləri nəzarət eləyirdisə, 2008-ci ildən sonra istehsalat bütünlüklə kinostudiyanın nəzarəti altına keçdi, prodüser mərkəzləri də işəyaramaz hala düşdülər. Bu proses hazırda da belədi, dövlət yalnız kinostudiyanın layihələrini maliyyələşdirir. Elə təsəvvür yaranır ki, ölkədə bircə nəfər “prodüser” var- o da kinostudiyanın direktorudu. Amma bu başqa mövzudu. Qayıdaq mətləbə.

2014-cü ildə ən çox baxılan Azərbaycan kommersiya filmlərindən biri "Xoxan"
2014-cü ildə ən çox baxılan Azərbaycan kommersiya filmlərindən biri "Xoxan"

Sözü gedən illərdə “Məhəllə-1,2,3”, “Interpapa” kimi bir neçə gəlirli kommersiya filmləri çəkilsə də, proses davamlı olmayıb.Və yalnız son iki-üç ildə kommersiya filmləri yenidən gündəmə gəlib, hətta devalvasiya da buna mane ola bilmir. Çox güman ki, səbəb paytaxtda kinozalların çoxalmasıdı. Əsasən, böyük ticarət mərkəzlərinin nəzdində fəaliyyət göstərən həmin zallar tamaşaçını cəlb etməkdən ötrü həm yerli, həm də xarici filmlər üçün özəl təqdimat gecələri keçirir, onları reklamını təşkil eləyir. Dahası, 2014-cü ildə ekranlara çıxan “Xoxan” (rej.Samir Kərimoğlu) filminin sponsoru sözü gedən kinozallardan biri olub.

Digər tərəfdən tarixi təcrübədən də məlumdu ki, iqtsadi böhran təhlükəsi ilə üzləşən ölkələrdə, adətən, əyləncə industriyası aktivləşir. Məsələn, ilk dəfə keçən əsrin 30-cu illərində populyarlaşan seriallar iqtisadi böhranın məhsulu idi.

Böyük Depressiya dövründə bütün Amerika ağır iqtisadi böhrandan əziyyət çəkəndə psixoloqlar iflasın kandarında dayanmış radiomaqnatlara kişilərin işdə, qadınların isə evdə tək olduğu gündüz saatlarında radioda riqqətli, təsirli həyati hadisələr danışan silsilə tamaşalar yayımlamağı tövsiyə eləmişdilər və bu ideya inanılmaz effekt vermişdi. Radio dinləyiciləri qəhrəmanların taleyini nəinki izləyir, həm də onlara bənzəməyə çalışırdılar. Əgər sevimli qəhrəmanları sanki sözarası filan firmanın məhsulundan istifadə etdiyini deyirdisə, həmin məhsula tələbat artırdı. Məşhur “Procter and Gamble” firması, tarixdə “Böyük Depressiya” adı ilə qalmış iqtisadi böhran zamanı iflasdan, məhz, radioseriallar sayəsində xilas ola bilmişdi.

Bəlkə də Azərbaycanda kommersiya filmlərinin sayının artmasını, gəlir gətirməsini böhranla əlaqələndirmək sadəcə fərziyyə, türk arkadaşlarımız demiş, “komplo teorisidi”, amma bu situasiyanın, bütün kinonun inkişafında rol oynaya biləcəyi dəqiq faktdı.

Mərkəzi Asiya kinomatoqrafiya mərkəzinin rəhbəri Gülnarə Abikeyeva.
Mərkəzi Asiya kinomatoqrafiya mərkəzinin rəhbəri Gülnarə Abikeyeva.

Çünki kommersiya kinosunun inkişafı həm də prokatın inkişafı, müstəqil müəllif kinosunun inkişafı deməkdi. 70 il bizimlə eyni köynəkdə olmuş, eyni mərhələlərdən keçmiş Qırğızıstanda sözü gedən inkişafın təmini üçün hətta 2005-ci ildə xüsusi dövlət proqramı - "Kinonun inkişaf strategiyası 10+" qəbul olunub. Qazax kinoşünası Gülnarə Abikeyevanın "Möhtəşəm səkkizlik və ya qırğız kinosu necə dirçəldi" adlı məqaləsində yazdığına görə, artıq Qırğızıstanda ildə 40-45 film çəkilir, onların əksəriyyəti yerli nümayişlər üçün nəzərdə tutulan kommersiya filmləridi. Rejissorlar, prodüserlər kommersiya filmlərinin nümayişindən qazandıqları vəsaiti festival filmlərinin istehsalına sərf eləyirlər. Nəticədə son illərdə Qırğızıstandan hər il beynəlxalq festivallara 4-5 film göndərilir.

Təbii ki, meynstrim deyəndə Hollivud miqyaslı filmləri nəzərdə tutmaq yersizdi, heç mümkün də deyil. Hətta kinematoqrafiyanın beşiyi sayılan qoca Avropa da bunu bacarmayıb. Kulturoloq və kinoşünas Mixail Yampolskinin dediyi kimi: "Hollivud kommersiya kinosunu oğurlayıb, özü də çoxdan. Fransızlar "Fantomas"dan başlamışdılar, almanlar "Metropolis"i yaratmışdılar. Amma indi bu tip filmlərin hamısı yalnız Hollywoodda istehsal olunur. Digər ölkələrin payına çox az hissə düşür".

Odur ki, kommersiya kinosunun inkişafını dəstəkləmək qədər aktual ikinci bir sual çıxır ortaya: Azərbaycanda kommersiya filmləri necə olmalıdı? Cavab sadədi: yerli tamaşaçıya hesablanmış və lokal. Daha dolğun desək, auditoriyanın milli xüsusiyyətlərindən, zövqündən asılı olaraq hər ölkədə prioritet janr dəyişir – məsələn, Hindistanda bu melodramdısa, Orta Asiya respublikalarında xalq kinosu kimi xarakterizə edilən etnik filmlərdi. Azərbaycanda isə birinci sırada komediya janrı gəlir. Son bir-iki ilin statistikasına görə, rekord sayda tamaşaçı toplayan, bir neçə ay ekranlardan düşməyən, təkrar nümayişə girən, nəticədə nəinki xərci borcunu ödəyən, üstəlik istehsalçılarına qazanc da gətirən, ən azı, iki-üç azərbaycan komediyası tapa bilərik.

Sual: niyə, məhz, komediya və bu, tamaşaçınınmı seçimidi? Nizami kinoteatrında türk melodramlarının tez-tez keçirilən premyeraları, digər zallarda gün ərzində beş-altı seansla nümayiş olunan əcnəbi meynstrim nümunələri və dolu zallar deyir ki, yox.

Ancaq yerli telekanallardakı şouların, “Bakılı oğlanlar”, “Bu şəhərdə” kimi yumoristik proqramların formalaşdırdığı, türklərin Receb İvedik kimi tipajlarına alışmış azərbaycanlı tamaşaçı ona eyni qəlibdə təqdim edilən yerli komediyaları digər janrlardan daha rahat mənimsəyir.

Elə istehsalçılar üçün də bu janr daha ucuz başa gəlir və riski azdı. Ekranda qeyri-peşəkarlığı - vizual həllin yoxluğunu, dramaturji nöqsanları verbal vasitələr, qurşaqdan aşağı zarafatlar hesabına ört-basdır eləmək mümkündü. Digər janrlarda isə bu məsələ bir az qəlizdi. Detektiv, triller, döyüş, qorxu filmləri dəqiq işlənmiş ssenari, maraqlı, cəlbedici vizual həll tələb eləyir. Bu isə daha müasir texnika, daha böyük yaradıcı heyət, və deməli, daha çox maliyyə deməkdi. Təkcə bumu? Meynstrim kinonun vacib elementlərindən biri də ulduz sistemi- tanınmış, kütlə tərəfindən sevilən simalardı. Kütləvi tamaşaçı kinoteatra ilk növbədə sevdiyi aktyorları görməyə gedir, ekranda baş verən hadisələri onlarla asossiasiyada qavrayır, özünü onlarla eyniləşdirir. Təsadüfi deyil ki, keçən əsrin ortalarında Ingrid Bergman, Marilyn Monroe, Gary Cooper, Clark Gable və digər ulduz aktyorlar pərəstişkarlarını qıcıqlandıracaq rollar oynamaqdan çəkinir, ekranda yaratdıqları obrazları real həyatda da qorumağa çalışırdılar. Müasir dövrdə artıq aktyorların qarşısında belə tələblər qoyulmasa da, kommersiya filmlərində, ən azı, bir ulduzun iştirakı hər zamankı qədər aktualdı. Azərbaycanda ənənəvi anlamda ulduz sistemi yoxdu, telekanallardan, tabloidlərdən ulduz kimi təqdim olunan təbəqəyə isə şou-biznes nümayəndələri aid edilir. Ki, bu gün kütlə tərəfindən həvəslə izlənən kommersiya filmləri- komediyaların əsas qəhrəmanları da onlardı.

Azərbaycan filmi "Pərdə" 2016
Azərbaycan filmi "Pərdə" 2016

​Digər tərəfdən bu ilin aprel ayında ekranlara çıxan “Pərdə” (dram janrı; rej. Emil Quliyev) filminin uğuru, bundan da çox tamaşaçılar arasında doğurduğu rezonans göstərir ki, tamaşaçı, ümumiyyətlə, onu ekrana pərçimləyəcək, güldürüb-ağladacaq filmə baxmaq istəyir və onun üçün janr o qədər də əhəmiyyətli deyil.

Azərbaycanda, məhz, indi - qeyri-neft sahələrinin bərpası məsələsinin kəskin şəkildə gündəmə gəldiyi bir dövrdə kommersiya filmlərinin nəinki sayının artmasını, üstəlik əvvəlki illərdən fərqli olaraq gəlir gətirməsini, regionlarda da kinozalların açılmasına ruhlandırmasını göydən gələn işarə də adlandırmaq olar, problemin ən məqbul həlli də. Çünki meynstrim filmlərin sayının artması həm də prokatın, kino bazarının bərpası, kino istehsalatın qismən dövlət asılılığından azad olması, müstəqil kinonun inkişafı anlamına gəlir. Əslində proses artıq başlayıb, sadəcə yüngülcə dəstəyə ehtiyacı var. Məsələn, nəhayət, kino haqqında qanunun qəbul olunmasına, kinoteatrlarla istehsalçıların münasibətlərinin tənzimlənməsinə, kinoistehsalçılar və onları maliyyələşdirənlər üçün məqbul vergilərin müəyyənləşdirilməsinə, güzəştlərin tətbiqinə və sair.

Çox təəssüf ki, hələlik Azərbaycanda qəbul edilən və edilməyən qərarlar kinonun inkişafının qarşışına qəsdən hörülən divarı xatırladır, kinoçularımız da min-bir əziyyət bahasına o divarı aşmağa çalışan alpinistləri...

XS
SM
MD
LG